Rusiyanın 14 maddəlik sənədində Qarabağ ermənilərinə bəzi imtiyazlar tanınır, Azərbaycanla Ermənistan arasında ayrıca saziş təklif edilir; ekspertlərin fikrincə, son üç bənd etnik separatizmin toxumlarının saxlanmasına hesablanıb
Qarabağın separatçı rəhbərliyinin nümayəndələri yerli ictimai fəallara Xankəndi ilə rəsmi Bakı arasında ermənilərin Azərbaycanda yaşaması ilə bağlı sülh müqaviləsi layihəsinin surətini veriblər. “Sənədi Rusiya Xarici İşlər Nazirliyi hazırlayıb. Layihənin adında onun Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin məskunlaşması üçün təklif edildiyi vurğulanır. Sənədə baxıldıqda aydın olur ki, Azərbaycan qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnu ölkə qanunları çərçivəsində təmin edəcəyini vəd edir.
Bu, məktəbəqədər təhsil müəssisələrində, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, ana dilində tədrisə də aiddir. Azad etiqad hüququ təmin edilir. Bakı Ermənistanla biznes və humanitar təmasların mümkünlüyü ilə region ermənilərinin hüquqlarını qanunvericilik səviyyəsində təmin etməyə razıdır.
Rusiyanın təklifi sənəddə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən yalnız məhkəmə tərəfindən tanınmış cinayətləri törətmiş ermənilərin cinayət təqibinə məruz qalması nəzərdə tutulur. Azərbaycana qarşı müharibələrin iştirakçıları və separatçı rejimin cinayəti olmayan məmurları cəzadan azad edilir. Layihədə separatçıların danışıqlarda beynəlxalq iştirak və Azərbaycandan kənarda ikinci erməni dövlətinin yaradılması ilə bağlı tələb etdiyi şərtlər yoxdur. Xankəndidə qeyd ediblər ki, layihə Bakı tərəfindən dəstəklənir, lakin separatçılar tərəfindən rədd edilir. “Əslində çıxış yolu yoxdur, ona görə də imzalamaq lazım gələcək”, – deyə Vahan Poqosyan fikirlərini bölüşür.
Qarabağ ermənilərinin inteqrasiyası layihəsi”nə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirib ki, ortada iki seçim var: ya yeni müharibə, ya da beynəlxalq hüquqda təsbit olunmuş və heç bir dövlətin mənafeyinə ziyan vurmayan haqların tanınması. “Bu gün Qarabağda ermənilər yaşayır və onların bələdiyyə qurumları var. Bələdiyyələrin qərarı ilə onların ərazisində, yol işarələrində, kənd adlarında və s. yerlərdə Azərbaycan dili ilə yanaşı, erməni dilindən də istifadə olunacaq. Mən bunda heç bir qəbahət görmürəm. Milli azlıqların məktəbi də olmalıdır. Azərbaycan Konstitusiyası buna icazə verir, qadağan deyil”-, Z.Əlizadə deyib. Politoloq bildirib ki, ermənilər Azərbaycanın dövlət dilini zəif bilərsə, bu, onların problemi olacaq: “Deməli, dövlət aparatında yüksək vəzifə tuta bilməyəcək, çünki dövlət dilini yaxşı bilmir. Ona görə də Azərbaycan dilini mükəmməl bilməlidir. Deyək ki, Qarabağ erməniləri indiki mərhələdə öz dillərinin qorunmasını tələb edir. Bir azdan onların heç biri erməni dili ilə maraqlanmayacaq”. Siyasi təhlilçi hesab edir ki, Azərbaycan hökuməti Konstitusiyada insan hüquqlarını pozmayan istənilən hüququn tanınmasına razı olmalıdır: “Bu adamlar erməni kilsəsinə getmək istəyirsə, getsin, mahnı və kitab oxumaq istəyirsə, oxusun, ermənicə təhsil almaq istəyirsə, alsın. Kim ona mane olacaq? Bu, dövlətə qarşı fəaliyyət deyil, insan haqlarının icrasıdır. Bunlar bütün demokratik ölkələrdə qəbul olunub”.
Sənədin 12-ci bəndində Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi təklifi var. 13-cü bənddə isə erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsubiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması nəzərdə tutulur. Həmçinin, sonuncu – 14-cü bənddə erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması təklif edilir. Bütövlükdə layihə “Lavrov planı” adlanır.
Professor Qabil Hüseynlinin “Həmin sənəd mükəmməl deyil, beynəlxalq hüququn normalarına uyğun hazırlanmayıb. Professor hesab edir ki, sənəddə Rusiyanın strateji maraqları daha çox hiss edilməkdədir: “Moskvanın təklifləri ola bilər, amma özünün subyektiv fikirlərini hökm-zər, imperativ kimi qəbul etdirə bilməz. Sənəddə Qarabağ erməniləri üçün ayrı-ayrı maddələrdə statusdan yüksək təkliflər verilir. Ona görə Rusiya bu təkliflərlə bu müzakirələrdə iştirak edə bilər, amma ermənilərin bu günü və gələcəyi ilə bağlı məsələlər Azərbaycanın hakimiyyət orqanları tərəfindən ölkənin konstitusiyasına uyğun surətdə verilməlidir”.
AMİP sədri Arzuxan Əlizadənin dediyinə görə, Azərbaycanın təklif etdiyi sənəd daha məqbuldur: “Azərbaycan çoxmillətli ölkədir, ermənilər burada yaşayan etnik xalqlardan artıq deyillər ki, əksikdirlər. Çünki bütün faciələrin, bəlaların müəllifidirlər. Ona görə Qarabağ ermənilərinə xüsusi imtiyazlar, səlahiyyətlər vermək olmaz. Bu, sonrakı dövrdə əlavə problemlər də meydana çıxara bilər. Onlar Azərbaycanın diktə etdiyi şərtlər daxilində yaşamalıdırlar. Ermənilərin yerli özünüidarəetmədə təmsilçiliyi qəbul edilir, seçkidə iştirak hüquqları var, amma xüsusi hüquqlar ola bilməz”. AMİP sədri xatırladır ki, “Lavrov planı” BMT dinləmələrindən əvvəl təklif edilmiş sənəddir, lakin nə Azərbaycan, nə Ermənistan bu layihəyə rəsmi münasibət bildirib: “Lavrov deyir ki, xarici işlər nazirlərinin görüşündə ortaya çıxan sənəddir. Azərbaycan Xarici İşlər Nazirliyi təkliflərə cavab verə bilər, amma indiyə qədər reaksiya olmayıbsa, deməli, o qədər də ciddi yanaşma yoxdur”.
Siyasi şərhçi Asif Nərimanlı bu son iki bəndə diqqəti cəlb edərək təhlükəli nüanslar olduğunu düşünür. Onun sözlərinə görə, ermənilər ümumən bu təklifləri süngü ilə qarşılayır, çünki sənəd Qarabağda separatizmin ləğv edilməsi, Azərbaycan suverenliyinin təmin edilməsini dəstəkləyir: “Separatizmi dəstəkləyən Rusiyanın mövqeyinin xeyli yumşalması fonunda da təkliflər cəlbedici görünür. Lakin tamamilə Azərbaycanın xeyrinədir demək də mümkün deyil, xüsusilə son 3 bənd bu yöndədir. Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına tam zəmanət verir, lakin burada kənar ölkənin iştirakı qəbuledilməzdir. 12-ci bənd Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı ayrıca sazişin imzalanması nəzərdə tutulur. 13-cü bənd erməni diasporunun Qarabağa müdaxiləsinə, həm də istədikləri vaxt sərbəst girişinə zəmin yaradır. 14-cü bənd isə erməni əhalisinə kənardan iqtisadi və humanitar yardımı şərtləndirir”. Ekspertin fikrincə, təkliflər bölgədə Azərbaycan qanunvericiliyinin bərpasını nəzərdə tutusa da, son üç bənd etnik separatizmin toxumlarının saxlanılmasına hesablanıb: “Yerdə qalan 11 bənd də bu və ya digər formada etnik separatizmi stimullaşdıracaq amillərdir. Və ən əsası bu təkliflər Rusiyanın ”zəmanətçi” kimi Qarabağda davamlı qalmasına şərait yaradır. Azərbaycan üçün yeganə yol Qarabağdakı erməni əhalisi ilə kənar qüvvənin iştirakı olmadan danışmaq, onların vətəndaşlığı qəbul edərək, respublika ərazisindəki digər etnik – dini qruplar kimi bərabərhüquqlu şəkildə yaşamasını təmin etməkdir”.“Yeni Müsavat”