image-1backend

Ləpədöyənin cənnəti…

image-reklam_sirab_01

Ləpədöyəndə yerləşir bu cənnətbağı. Novxanıda dənizkənarı bir bağın qonağıyıq; bağ demək haqsızlıq olar, cənnət guşəsidir sanki. Güllər, çiçəklər, yaşıllıq göz oxşayır, Yaradanın qüdrətindən yaranan daş-kəsəyə insan övladı min bir bəzək vurub, ruhunu dincəldir, ovsunlayır adamı.
“Karolun bağı” adlanır bura. Adını da daşıyır, haqqını verir hər anlamda. Bağın sahibi 74 yaşlı Rauf müəllimlə- ağ saçlı müdrik adamla söhbətə başlayırıq.
İlk öncə hamını maraqlandıran sualı soruşuram:
-Rauf müəllim, bura kimlər gələ bilir? Və ya başqa cür soruşum, kim istəsə, buraya gələ bilərmi?
Qımışır bığaltı…
-Demişəm ki, kim gəlsə, ən azı 25 bitki adı deməlidir mənə. Bura botanika bağı demək olar, gələnlər də flora aləminə bələd olmalıdır.
Dərindən nəfəs alaraq sözünə davam edir.
-Əslində qonaqlarımız çox olur, kimlər olmayıb ki burda? Xarici qonaqlardan tutmuş dövlət adamlarına kimi. Bilirsiz, niyə bura gəlirlər? Niyə məhz bura?
-Əslində bu mənə də maraqlıdır, səbəbini az-çox təxmin etsəm də, sizdən dinləmək istəyirəm.
Düşünür… Geriyə çevrilib kimisə çağırır:
-Kinə, bir çay dəmlə… (Kinənin kim olduğu haqda az sonra danışacam) Əsas məsələ-gəzmisiniz, buralara tam bələdsiniz, bilirəm, ona görə də söhbətə davam edə bilərəm.

Rauf müəllimin bu cənnətini , el sözüylə desək, “Karolun bağı”na ziyarətimiz ilk deyil. Dəfələrlə olmuşuq burda, yazmaq bu günə qismət imiş.
Söhbətə davam edirik…
-Allahın insanlara bəxş etdiyi möcüzələrdən başqa burda heçnə yoxdur, ətrafa baxırsanmı?
Göz gəzdirirəm birdə, sual vermək istəsəm də, hövsələmi basıram bir az, susuram ki, sözünü davam etsin bu bilgi adam.
-Allah daşı, suyu, torpağı yaratdı bizlərə. Bax, bu gözünü oxşayan əl işlərinə;daşdan, sudan, torpaqdan qeyri nə isə varmı burda? Söhbət əl işlərindən gedirsə, fikir verin, harda daşlıq varsa, ordan su keçir, harda torpaq varsa, ordan yaşıllıq bitir. Təbiətin möcüzəsidir, burda başqa heçnə yoxdur ki. Bax, heç gör burda Allahın yaratdığından başqa nəsə görürsənmi? Ya hansısa süni daş məhsulu, ya bəzək parçası? Hər şey nə varsa,odur, mən sadəcə naxış vururam.
Yuxudan ayılıram sanki, ilk dəfə görürmüş kimi diqqətlə birdə seyr edirəm ətrafı, indi daha dərindən yoxlayıram gözümün gördüklərini, daha fərqli baxıram artıq. Doğrudan da, ətrafda , yerdə nə bir parça mərmər, nə qiymətli daş məhsulları var. Divarlardakı bəzəklər belə təbiidir, balıqqulağı naxışı göy qurşağını xatırladır.
Düşüncələrimlə dərk edirəm ana təbiətin bizə bəxş etdiklərini. Yalnızca daşlarla bəzədilmiş sənət əsəri sayılacaq hər bir nəsnənin içindən su keçir, ya da bənd alıb. Hovuzlar su ilə canlanıb, daşlardan düzəldilmiş şəlalələr su ilə cana gəlib, görünüş alıb. Növbənöv bitkilər, güllər, çiçəklər isə torpaqdan güc alıb, gözəllikləri ilə güc aldıqları torpağa belə meydan oxuyurlar.
Bağ sahibin anlatdıqları ilə sanki “Bir qalanın sirri” filmindəki kimi daşlar, qayalar, çiçəklər dil açıb danışır mənimlə, hərəsi öz əfsanəsini nağıl edir.
Artıq fotolarımın da səmti, fokusu, məğzi dəyişib, bir ayrı aləmə düşüb elə bil, insan şəkillərinə yox, peyzaja meyil salıb. Könlü fəth edənə min əhsən, nə deyək?!
Çiçəklərlə söhbətimizi Kinə bölür bu dəfə, utancaq səsilə “gəlin, qızım, çay hazırdır”
Kimdir bu kinə? Cənub zonasından olanlar tutub söhbəti, kinə qız deməkdir. Adını elə Kinə bildiyimiz bu xanım da illərini bu bağa sərf edib, Rauf müəllimin köməkçisi sayılır. Səssiz-səmirsiz ömür sürür bu cənnət guşəsində, bağın bitməyən qonaqlarını ana kimi qarşılayıb yola salır. Tutdum əllərindən, “Ana, çayı mən aparım”
-Yoox, qızım, əziyyət çəkmə,özümm”
-Anaa..
-Haybəli. Yaxşı,qoy mən süzüm, apar. (Görür əl çəkmirəm)
Yayın isti axşamında limon ətirli , çiyələk mürəbbəli çayla davam edirik söhbətimizə.
-Rauf müəllim, güllərin hamısı ölkəmizə, yəni bizim floraya məxsusdur?
-Yoox, bax bu qara-qırmızı çiçək var ha,adını neqr qoymuşam. Bu Amerikadan gəlib.
Beləcə, ölkəmizə “gəlin gələn” və doğmalaşan çiçəklərdən danışırıq.
-24 sotdur bura, hər qarışında alın tərim var. Amma bu torpağın bir sotuna belə “mənimdir” demirəm, deyə də bilmərəm. Çünki torpaq bizim deyil, biz torpağınıq. Hələ görək, o bizi qəbul edəcəkmi nə vaxtsa qoynuna?
Düşündürür , bu ibrətamiz cümlələr məni, beynimdə yazacağım yazının süjeti qarmaqarışıqdır artıq. İndi özüm özümə mühakimə qururam, gül-çiçəyin içində, dəniz ləpələrinin pıçıltısı gəlir uzaqdan. Ahəngdarlığın ağuşundayıq hamımız.
Heç xoşuma gəlməyən bir sual dolaşır beynimdə, demək də istəmirəm, amma insana lənət oxudan maraq və hər şeyi öyrənmək istəyi də cəngə çıxıb mənimlə. Adam qəlbimlə vurhavuru hiss edir elə bil, əminlikdən doğan bir təbəssüm var üzündə:
-Hə, buyur…
-Bəssss.. Yəni.. Demək istəyirəm ki, köməkçiniz varmı, sizdən başqa bu işləri bilən?
Yenə həmin gülümsəmə..
-Var, var. Qardaşım var,özümdən 10 yaş kiçik. Masallıda yaşayır, o məndən də ötədir. Nələr yaradır o əllər,bir bilsəniz. Yəni, narahat olmayın, əmin əllərdədir , buralar.
Mən də əslində ilk Masallıda yaratmışdım belə bağ. Amma sonralar mənə dedilər ki, o iqlimdə nə var, bağ-bağat yaratmağa? Oğulsan, gəl bu ləpədöyəndə sal o cənnəti. Elə o zamandan da gəldim, qızmar qumla, dənizin suyu ilə dostlaşdım, əczaçılığı oxumuşdum, daşın-torpağın dilini mənimsədim.
-Rauf müəllim, bir söz soruşum.. Bu bitkiləri necə ram edə bilirsiniz, sanki hər biri sizə tabedir.
-Bu sevgidir… Bunlar mənim yarımdır də(gülür)
Bu gülüşün altında xəfif bir yar həsrəti sezsəm də, tez ötürəm. Qaysaq tutmuş bir yaranın gözünü qopartmaqdan qorxuram,elə bil.
-Bax, yarın ki başına dolananda necə yar da sənə qol açır? Bunlar da eləcə; tellərini oxşadıqca başıma dolanırlar.
Bənzətməni düşünürəm, düşüncədəki zərifliyi götür-qoy edirəm. Çiçəklər xoşbəxtdir, məncə.
Öz-özüylə danışırmış kimi üzünü bağına çevirib astaca deyir:
-Bu çinarın pıçıltısını dinlə, bundan gözəl musiqi varmı?
Soyumuş çayımdan bir qurtum alıb mavi göy üzünə dalıram. Kinənin səsi ayıldır məni xəyalımdan, gələn var,deyəsən…

image-1

Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image