image-1backend

Milli Məclis sədri 5-ci Budapeşt Demoqrafik Sammitində erməni işğalından danışdı

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib. “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı Sahibə xanım Qafarova Azərbaycanın ailə institutu ilə bağlı təcrübəsini tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, ənənəvi və ailə dəyərlərinə söykəndiyi üçün cəmiyyətimizin inkişafında bu institutun əvəzsiz rolu var. Ailə xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin keşiyində dayanır. Ölkəmizdə müsbət demoqrafik tendensiya hər bir ölkənin üzləşə biləcəyi ən çətin sınağa, yəni ərazilərinin işğalına baxmayaraq əldə olunub. 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və bu ərazilərimiz 30 il işğal altında qalıb. İşğal və müharibələrin ailələr üzərində ən çox qalıcı təsirə malik olduğunu deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu mənada, erməni işğalı ailələrimizin mövcudluğuna dağıdıcı təsir göstərib. 12 mindən çox insan bu işğalın qurbanı olub. Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib. 150-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki şəxs qətlə yetirilib. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı – 230 mindən çox ailə yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bir milyon insanın evsiz, işsiz və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb.
Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin sədri bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib. Torpaqlarımızın işğaldan azad olunması 3 min gənc insanın həyatı bahasına başa gəlib: “Siz sadəcə təsəvvür edin, neçə ailə öz oğullarını və gələcək nəsillərini itirdilər?”

Sahibə Qafarovanın sözlərinə görə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu, həm də 30 il əvvəl uşaq ikən öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir.

Parlamentinin rəhbəri deyib ki, bu gün Prezident İlham Əliyevin güclü siyasi iradəsi, rəhbərliyi və xalqımızın qətiyyəti ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. İşğal illərində Ermənistan demək olar ki, bütün şəhər və kəndləri dağıdıb, bu ərazilərdə Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Hazırda 8 şəhər və yüzlərlə kənd, yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, evlər yenidən tikilir. Keçmiş məcburi köçkün ailələri artıq öz evlərinə qayıtmağa başlayıblar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaxın 3 il ərzində 30 mindən çox ailə bu torpaqlara qayıdacaq. Sosial qayğı “Böyük Qayıdış” Proqramının əsas elementidir.

5-ci Budapeşt Demoqrafik Sammitində Macarıstan Prezidenti Katalin Novak, Bolqarıstan Prezidenti Rumen Radev, İtaliyanın Baş naziri Corca Meloni, Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqo və Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər. Macarıstanın Baş naziri Viktor Orban çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə rəğbət və salamlarını ünvanlayıb. Ölkəsinin Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edən hökumət rəhbəri bildirib ki, Macarıstan Azərbaycanla birlikdə Türk Şurasının işində iştirak edir. Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu istiqamətdə fəaliyyətini qeyd edib. O, həmçinin Azərbaycanın son illərdə həm siyasi çəkisinə görə, həm də iqtisadiyyatın inkişafına görə irəliyə doğru mühüm addımlar atdığını bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki