Müstəqil dövlətçilik tariximizin ən önəmli səhifələrindən biri 1990-cı il 17 noyabr tarixi ilə bağlıdır. Həmin gün Naxçıvan Ali Məclisinin yeni tərkibdə keçirilən ilk sessiyasına deputatların təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev sədrlik etmişdi. Müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri hesab olunan üçrəngli Dövlət bayrağımız Ulu Öndərin təşəbbüsü ilə elə həmin sessiyada qəbul edilmişdi. Bu gün Dünya Azərbaycanlılarının qürur hissi ilə başları üzərinə qaldırdığı bayrağımız o gündən etibarən Naxçıvanda dalğalanmağa başlamışdı. Heydər Əliyevin digər təşəbbüsü ilə məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdı ki, üçrəngli bayraq ölkəmizin rəsmi dövlət rəmzi kimi tanınsın. Ali Sovet bu vəsatətdən sonra məcburiyyət qarşısında qalaraq “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və Naxçıvan üzərində dalğalanan üçrəngli bayrağımız yalnız sonrakı il fevralın 5-də bütün Azərbaycanda dalğalanmağa başladı. Baxmayaraq ki, bu qərarın qəbul olunmasına istər Bakıda, istərsə də Moskvada kifayət qədər ciddi siyasi qüvvələr müqavimət göstərirdi, çünki SSRİ kimi nəhəng və qisascıl bir imperiya hələ dağılmamışdı. Dövlət müstəqilliyimizin əsasını qoyan tarixi qərarların hansı müqavimətlə üzləşdiyini və bu təşəbbüslərin hansı çətinliklərdən keçdiyini Ulu Öndər Heydər Əliyev vaxtilə belə ifadə etmişdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.
MSSR abreviaturasından “sovet” və “sosialist” sözlərinin çıxarılması ilə bağlı tarixi qərarlar da Heydər Əliyevin adı ilə bağlıdır. SSRİ kimi təhlükəli imperiyanın süquta uğramadığı bir dövrdə müstəqilliyimizin əsasını qoyan təşəbbüslərin irəli sürülməsinin və onların müvafiq qərarlarda rəsmiləşdirilməsinin arxasında Ulu Öndərin cəsarətli siyasi mövqeyi dayanırdı. Heç şübhəsiz ki, bu cür təşəbbüslər SSRİ rəhbərliyinin və xüsusi xidmət orqanlarının diqqətindən yayına, onları qəzəbləndirməyə bilməzdi. Nəticədə Ulu Öndərin nəinki siyasi gələcəyi, hətta fiziki varlığı da real təhdidlərlə üzləşməli olurdu. O dövrdə prezidentliyə namizədliklə bağlı yuxarı yaş həddinin 65 yaşla məhdudlaşdırılması da yalnız Heydər Əliyevə görə idi və bu cür qorxaq qərarlar onun nəhəng şəxsiyyəti qarşısında siyasi acizliyin başa düşülməsindən irəli gəlirdi. Lakin həmin qorxaqlar Ulu Öndərə ümumxalq inamı və sevgisi qarşısında geri şəkilməyə, siyasi iflasa uğramağa məhkum idi. Elə buna görə də Naxçıvan MR Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və həmin məkana toplaşan minlərlə insanın istək və tələbi ilə Ulu Öndər Ali Məclisə sədr seçildi. Bu o dövr idi ki, nəinki Naxçıvan əhalisi, hətta paytaxt Bakının sakinləri də ağır məhrumiyyətlər, ərzaq və enerji qıtlığı şəraitində yaşamağa məhkum edilmişdi. Heydər Əliyev Naxçıvanı blokadadan çıxarmaq və əhalinin yaşam şərtlərini mümkün qədər yüngülləşdirmək üçün səriştəsiz və bivec mərkəzi hakimiyyətin görməli olduğu, amma görə bilmədiyi işləri reallaşdıra bildi. 1992-ci il martın 24-də Ankarada Naxçıvan MR ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyinə dair xilas protokolu imzalandı. Türkiyənin lX Prezidenti, mərhum Süleyman Dəmirəl Heydər Əliyevin Naxçıvandan başlanan tarixi missiyasına münasibətini bu cür ifadə etmişdi: “Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir… Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı”.
Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi dövrün müstəqil dövlət quruculuğuna ən böyük töhfələrindən biri də onunla bağlı oldu ki, Naxçıvanda Kommunist partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusunun birləşmələri Muxtar Respublikanın ərazisindən çıxarıldı. Heydər Əliyevin o dövrdə müasir Azərbaycana əvəzsiz xidmətlərindən biri də onunla bağlıdır ki, Sovetlər imperiyasının mövcudluğu şəraitində azərbaycançılıq və türkçülük ideologiyası dövlət siyasəti səviyyəsinə qaldırıldı və 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edildi. Qardaş Türkiyənin sabiq Baş naziri, mərhum Bülent Ecevit Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətlərini vaxtilə bu cür səciyyələndirmişdi: “Qüdrətli Öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, O, Azərbaycanlı olması ilə həmişə fəxr edirdi. Bununla yanaşı, Ulu Öndər siyasi uzaqgörənliklə müstəqil Azərbaycanın gələcəyinin Türk dünyası, qardaş Türkiyə ilə bağlı olduğunu “bir millət, iki dövlət” kimi olduqca cəsarətli konseptlə ortaya qoydu. İlahi ədalətin təcəllisi ondadır ki, bu strateji konsepti gerçəkləşdirmək, Azərbaycanı tarixi Zəfərə çatdırmaq, xalqımızı qalib xalqa, müstəqil Azərbaycanı isə qalib dövlətə çevirmək məhz Ulu Öndərin fiziki və siyasi varisi Prezident İlham Əliyevə nəsib oldu. Heydər Əliyev siyasi irsi bu illər ərzində ona görə uğurlar qazanır və bundan sonra da qazanacaq ki, onun təməlində Azərbaycan xalqına və müstəqil Azərbaycana sədaqətli xidmət amalı, ardıcıllıq və ədalət hissi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin andiçmə mərasimində verdiyi bu tarixi mesaj da Ulu Öndərin Türk dünyası ilə bağlı müəyyən etdiyi strateji hədəfin dəyişməzliyini təcəssüm etdirir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin hədəflərini və bu seçimi reallığa çevirən Prezident İlham Əliyevin tarixi missiyasının miqyasını bütövlükdə Türk dünyası, xüsusilə qardaş Türkiyə çox yaxşı görür. Elə buna görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradında bu fikirləri səsləndirmişdi: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edcək”.
Ulvi Quliyev
15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış, Azərbaycan Karate Federasiyasının prezidenti