2 Fevral – Gənclər günü münasibətilə Nəsimi rayonunda “Niaqara” restoranında bayram tədbiri keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, ali təhsil müəssisələrinin rəhbərləri, QHT sədrləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq bildirdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Təşkil olunan Forumlardakı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizin ictimai-siyasi həyatında gənclərin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən də danışdı.
Qeyd etdi ki, bizim rayon gənclər rayonudur desək yanılmarıq. Mən bütün gəncləri təbrik edir, uğurlarınızın çox olmağını arzu edirəm. Biz sizlərlə fəxr edirik. Siz zəfər qazanmış xalqın xoşbəxt gəncləri və gələcəyisiniz.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, müxtəlif nominasiyalar üzrə 54 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatdı. Sonda xatirə şəkilləri çəkildi.