1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra 1993-cü ilin sonlarından başlayaraq Azərbaycanda sistemli ordu qurulucuğunun təməli formalaşdırlmağa başlanıldı. Vətəndaş qarşıdurmalarından xilas olmuş ölkənin əsas prioriteti məhz ordunun möhkəmləndirilməsi probleminin həlli ilə bağlı idi. Ordu quruculuğunun təmin edilməsi bu dövrdə mühüm hadisə idi. Mərkəzləşmiş ordu quruculuğu mərhələsi həmdə ixtisaslı cavuş, zabit heyətinin hazırlığını tələb edirdi. Bu dövrdə xeyli sayda zabit heyətinin qardaş Türkiyədə təcrübə keçməsi yeni hərbi strateji maraqları artırmaqla yanaşı NATO standartlarının da hərbi heyətimizdə tətbiqini sürətləndirdi. Ölkənin siyasi sisteminin sabitliyi və suverenlyin möhkəmlənməsi prosesi birbaşa ordu-xalq birliyi ideyasının möhkəmlənməsini tələb edirdi.
Uzunmüddətli atəşkəs əldə edildikdən sonra, Azərbaycanda bir sıra islahatlar aparılmağa başlandı. İlk öncə orduda Azərbaycan dilinin tətbiq olunması prosesi həyata keçirildi. Belə ki, digər sahələrdə olduğu kimi, orduda da Azərbaycan dilinin bərqərar olunması vacib idi. Ordu nizamnamələri yenidən Azərbaycan dilində yazıldı və tətbiq olunmağa başladı. Milli hərbi geyim və hərbi rəmzlər yarandı. Azərbaycan ordusunun sovet hərbi sistemini dəyişib müasir NATO standartlarına uyğunlaşdırmaq lazım idi. Lakin bu prosesin həyata keçirilməsi olduqca böyük vəsait və uzun müddət tələb edirdi. Digər tərəfdən, Azərbaycanın müharibə şəraitində olması bu sistemin birdəfəlik dəyişikliyinin çox böyük bir risk olduğunu göz önünə çıxarırdı. Ümummilli lider Heydər Əliyev öz böyük sərkərdəlik qabiliyyətini nümayiş etdirərək, bu prosesin tədricən həyata keçirilməsini qərara aldı. Öz ordusunun hazırlıq səviyyəsinə görə, dünyada qabaqcıl dövlətlərdən hesab olunan, NATO-nun tam üzvü olan Türkiyə ilə geniş hərbi əməkdaşlığa başlandı. Bu hərbi əməkdaşlıq özünü hərbi təhsil sahəsində daha qabarıq göstərir. Belə ki, Azərbaycan Ali Hərbi Məktəbinin 1997-ci ildən NATO hərbi sisteminə keçidi bunun çox bariz nümunəsidir. Artıq yeni sistemlə fəaliyyət göstərən bu məktəbin yüksək döyüş hazırlıqlı ali təhsilli məzunları Azərbaycan ordusunun sıralarında zabit heyətinin müəyyən bir qismini təşkil edir. Bundan əlavə bir çox gənc, Türkiyədə və Azərbaycanın hərbi əməkdaşlıq etdiyi dövlətlərdə təhsil alır və təcrübə toplayır. Eyni zamanda, xarici dövlətlərlə aparılan hərbi əməkdaşlığın nəticəsində ordumuzun silah ehtiyatı daimi müasirləşdirilir və gücləndirilir. 1991-1993-cü illərdəki uğursuzluqlar ordudan yayınmaq hallarını xeyli artırmışdır. Amma Ümummilli liderin hərbi sahədəki qətiyyətli və düzgün siyasəti bu problemi tamamilə aradan qaldırdı. Hərbi xidmətin bir il altı ay, təhsil alan gənclər üçün isə 1 illik olması bu sahədə çox əhəmiyyətli bir addımdır. Bundan əlavə bu addım minlərlə azərbaycanlının hərbi təlim görərək ehtiyata buraxılmasına səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldildi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu düşünülmüş və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi 27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ – Vətən Müharibəsini 44 gün ərzində möhtəşəm qələbə ilə başa vurduq.Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi, xalqın dəstəyi ilə 30 illik işğala son qoydu.
Müşviq Əhmədov – ehtiyatda olan zabit, müharibə veteranı