image-1673325180_cc91a124-417e-4059-81c3-bff2de388bcbbackend

Qarabağ idman qələbələrimizin də əbədi diyarına çevriləcək

image-reklam_sirab_01

Cəmiyyət bütöv bir orqanizmdir, idman da ictimai həyatın ayrılmaz tərkib hissəsidir. İqtisadi inkişaf təmin olunmadan, sosial müdafiə məsələləri həll edilmədən, ictimai təhlükəsizlik-dayanıqlı ictimai sabitlik həllini tapmadan digər sahələrdə olduğu kimi, idmanda da beynəlxalq əhəmiyyətli uğurların qazanılması və onların ənənəyə çevrilməsi mümkünsüzdür. İdmançılarımız dövlət qayğısı ilə əhatə olunmasaydı, onlardan qələbələr silsiləsini gözləmək də sadəlövhlük olardı. Söhbət seçmə qaydasında bir neçə idmançının uğurundan deyil, müxtəlif idman növlərində beynəlxalq nailiyyətlərin ənənəviliyindən gedir. Prezident İlham Əliyevin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə şəxsən iştirakı Azərbaycan idmançılarına dövlət başçısı səviyyəsində göstərilən ali diqqətin  əyani təzahürüdür.

Sağlam həyat tərzinin və peşəkar idmanın dövlət səviyyəsində təşviqinin nəticəsidir ki, idmançılarımız 2022-ci ildə də qələbə ənənələrinə sadiq qaldılar, onların qazandığı 800-dən çox medalın 300-ü məhz birinci yeri təcəssüm etdirən qızıl medallar oldu. Bu uğurların təməlində Azərbaycan Prezidentinin həyata keçirdiyi hərtərəfli dövlət qayğısı ilə bağlı konseptual siyasət dayanır. Məhz buna görə məşqçi və texniki heyət, idmançılarımız məşğul olduqları sahənin təkcə özünütəsdiq baxımından deyil, həm də cəmiyyətimiz üçün nə qədər gərəkli olduğunu görə bilirlər. Söhbət yalnız maddi-stimullaşdırma tədbirlərindən getmir. Əsas məsələ sağlam həyat tərzinin, peşəkar idmanın dövlət səviyyəsində təbliği və bunun üçün zəruri olan şəraitin yaradılması ilə bağlıdır. Elə buna görə də idmançılarımızın beynəlxalq yarışlardakı naliyyətləri ənənəyə çevrilib. Cəmiyyətimiz bu qələbələrə artıq o dərəcədə alışıb ki, idmançılarımızdan yalnız qızıl medallar gözləyir. Bu gözləntinin özü də ciddi bir göstəricidir. Bu, həm də onun göstəricisidir ki, yürüdülən dövlət siyasəti sayəsində cəmiyyətimiz ötən illər ərzində idmanda da yalnız qələbə gözləntisi ovqatına köklənib və qələbə əhval-ruhiyyəsi ictimai düşüncənin ayrılmaz tərkib hissəsinə çevrilib. Bölgələrimizdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksləri də öz növbəsində idmanın kütləviliyinə xidmət edir. Məqsəd odur ki, yeniyetmələrimiz və gənc nəsil sağlam həyat tərzinə üstünlük versin, mənəvi dəyərlər və qələbə əzmi onların həyat seçiminə çevrilsin. Prezident İlham Əliyevin mərasimdə səsləndirdiyi bu fikirlər bir daha ona dəlalət edir ki, müasir Azərbaycan dövləti və onun birinci şəxsi yetişməkdə olan nəsllərin də yalnız qələbə əhval-ruhiyyəsinə alışdırılması siyasətinə sadiqdir: “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır… Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında”.

Tarixi Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin indiki intensiv mərhələsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi həm də ondan xəbər verir ki, dədə-baba torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Tarixi torpaqlarımızda idmançılarımızın əldə etdikləri və gələcəkdə də mütləq əldə edəcəkləri qələbələrin şərəfinə ucaldılan Azərbaycan bayrağı gənc nəslin mənəvi və fiziki gücünü rəqiblərinə və bədxahlarımıza bundan sonra da hələ çox nümayiş etdirəcək. Ağdamın məşhur “İmarət” stadionunun nəzərdə tutulan yeni layihəsi, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin artıq atılan təməli də onun sübutudur ki, idmanın tarixi torpaqlarımızda hərtərəfli inkişafı dövlətimizin prioritet seçimlərindən biridir. Lakin Zəfərimizdən sonra bütün sahələrdə olduğu kimi, idmançılarımızın üzərinə düşən məsuliyyət də fərqlidir. Eynilə Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi: “Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.

Ulu Öndər Heydər Əliyev idmanın cəmiyyətin həyatındakı rolu ilə bağlı belə demişdi: “İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”.

Tarixi Zəfərimizin məkanı olan Qarabağ, İnşallah, fiziki və mənəvi cəhətdən artıq daha güclü olan gənclərimizin möhtəşəm idman qələbələrinin də əbədi məskəninə çevriləcək.

Ülvi Quliyev                                                                                     

Milli Məclisin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki