image-3backend

Qarabağdakı soyqırım cinayətlərinin tanınmasının beynəlxalq əhəmiyyəti

image-reklam_sirab_01

Son illər regional münaqişələrin və tarixi mübahisələrin yaratdığı yaraların sağalması istiqamətində mühüm addımlar atılıb. Ancaq keçmişin aci xatirələri və ədalətsizlikləri ilə üz-üzə gəlmək əsl sülh və barışıq üçün ilkin şərtdir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Qarabağda törətdiyi vəhşilikləri tanımaq və ona görə üzr istəmək üçün mühüm addım atmalı olduğu fikri həm tarixi reallığa, həm də regional sülhə töhfə vermək məqsədi daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin lideri kimi tarixi faktları düzgün tanıtmaq və ədalətin təmin olunmasına çalışmaq məsuliyyətini layiqincə daşıyır. Beləliklə Xocalı soyqırımının tanınması və həlak olanların xatirəsinə ehtiramın göstərilməsi Azərbaycan xalqının haqlı tələblərindən biri olaraq Azərbaycan dövlətinin gündəmində qalmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi bu məsələni gündəmə gətirərək, Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib: “Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək”.

Prezident İlham Əliyev daha sonra əlavə edib: “Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi – o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.

Xocalı soyqırımı kimi digər soyqırım cinayətlərinin tanınması təkcə Azərbaycan üçün deyil, həm də regionda ümumi sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir. Keçmişin ədalətsizlikləri ilə üzləşmək və soyqırım qurbanlarına ədalətin təmin edilməsi regional münasibətlərin normallaşdırılması və gələcək münaqişələrin qarşısının alınmasında mühüm addımdır. Bu addım Azərbaycan və Ermənistan arasında barışıq və əməkdaşlıq üçün zəmin yaradılmasına töhfə verə bilər. Eyni zamanda Azərbaycan xalqının hüquqlarının müdafiəsi, regionda barışıq və sülhün bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir. Keçmişin acı xatirələrini yad etmək və gələcək nəsillərə daha dinc bir dünya buraxmaq üçün bu addımı atmaq hər kəs üçün ən yaxşı nəticəni verəcək.

Digər tərəfdən Qarabağda yaşanan müharibə cinayətlərinin rəsmi tanınması Azərbaycanın beynəlxalq statusuna da bir neçə istiqamətdə təsir göstərə bilər. Bu təsirlər diplomatik münasibətlərdən tutmuş, beynəlxalq nüfuzumuza və bir sıra hüquqi nəticələrə qədər geniş sahədə müşahidə oluna bilər. Belə ki, bu yolda Azərbaycan tərəfinin üzləşəcəyi siyasi təziqlərlə birgə möhkəmlədəcəyimiz beynəlxalq mövqeyimiz və qətiyyətimiz də müzakirə mövzusudur. Ona görə də soyqırım cinayətlərinin tanınması və nəticələrinin diqqətlə qiymətləndirilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini formalaşdıran əsas amillərdən biridir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki