Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin Pakistana səfəri və səfər zamanı ölkəmizin rəhbərinin yüksək səviyyədə qarşılanması, göstərilən böyük hörmət və ehtiram dünyada geniş əks-səda yaradıbdır. Bu da səbəbsiz deyildir, çünki hər iki dövləti səmimi və sağlam münasibətlər, dostluq və qardaşlıq əlaqələri birləşdirir.
Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan və haqlı mübarizəmizi dəstəkləyən dövlətlərdən biridir. İstər torpaqlarımızın işğalı dövründə, istər müharibə dövründə, istərsə də anti-terror tədbirləri zamanı qardaş ölkə hər an Azərbaycanın yanında olduğunu bəyan edib və bu gün də öz ənənəsinə sadiqdir. Səfər zamanı keçirilən görüşlərdə hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatlarda da sağlam münasibətlərə böyük önəm verilib, əlaqələrin bundan sonra da genişləndiriləcəyinə inam ifadə olunubdur. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidentinin ünvanına, “Pakistan xalqı məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”, kəlmələri dövlətimizin rəhbərinə, xalqımıza bəslənilən məhəbbətin, etimadın nümunəsi olmaqla, gələcək uğurlara, inkişafa, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə hesablanıbdır.
Səfər zamanı ikitərəfli ticarətin, investisiya qoyuluşunun artırılmasının, qarşılıqlı mənfəətli layihələrin, gələcək iki milyard dollar dəyərində razılaşmanın gündəmdə olması, müəyyən sənədlərin imzalanması xoşbəxt gələcəyə, inkişafa xidmət edir. Əlbəttə ki, Pakistan ilə Azərbaycan arasında möhkəmlənən və dərin hörmət hislərinə, qardaşlıq münasibətlərinə arxalanan əlaqələr hər iki ölkənin milli maraqlarına uyğundur və təhlükəsizliyimizin təmin edilməsi baxımından əhəmiyyətlidir. Cənab İlham Əliyevn öz çıxışında bildiribdir ki, energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurlu əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələr artıq nəzərdən keçirilibdir. Tərəfdaşlıq həmçinin iqtisadiyyat, ticarət və sərmayələr sahəsində də möhkəmlənəcək. Səfər zamanı Bakı-Karaçi, Bakı-Lahor, Bakı-İslamabad arasında birbaşa uçuşların təmin edilməsi, KOP29-un uğurla keçirilməsinə dəstək verilməsi, imzalanmış sənədlərdə əksini tapan vacib məsələlərin vaxtında yerinə yetirilməsi diqqət mərkəzində olub, hər iki dövlətin rəhbəri keçirilən görüşlərdən razı qaldıqlarını bildiriblər.
Prezident İlham Əliyevin Pakistana səfəri dünyada öz yeri, öz nüvə silahına malık olan bir dövlətlə münasibətlərdə yeni uğurlu mərhələnin başlanğıcıdır. Bu səfərin əhəmiyyət çox böyükdür və dövlətimizin rəhbərinin yüksək səviyyədə qarşılanması, çox mühüm sənədlərin imzalanması, gələcək layihələ barədə fikir mübadilələrinin aparılması onu deməyə əsas verir ki, dövlətlərimizin və rəhbərlərimizin qardaşlıq, dostluq əlaqələri gündən-gümə möhkəmlənəcək və bu da xalqlarımızın firavanlığına, inkişafına yeni töhvələr verəcəkdir.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü