image-img-20230706-wa0011backend

Qoşulmama Hərəkatının fəaliyyəti genişlənir

image-reklam_sirab_01

İyulun 5-6-da Azərbaycanda daha bir böyük beynəlxalq tədbir reallaşdı. Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirildi. Bu hadisə ölkəmizin beynəlxalq miqyasdakı rolu və mövqeyni bir daha nümayiş etdirdi. Mühüm əhəmiyyət kəsb edən bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.

Regionda söz sahibinə çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrinə də təsirsiz ötüşməyib. BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla əməkdaşlığa xüsusi üstünlük verirlər. Odur ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv dövlət kimi deyil, onların idarə olunmasında, qərarların qəbulunda önəmli rol oynayır. Belə təşkilatlardan biri də dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatıdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən 4 ildir ki, həyata keçirir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi digər üzvlər tərəfindən təqdir olunur.
Azərbaycanın sədrliyi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etsə də, ölkəmiz bu müddət ərzində qurumun çevik və səmərəli fəaliyyətini təşkil edə bilib. Təbii ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, peşəkarlığı və siyasi iradəsi mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Azərbaycanın sədrliyində Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə barışmaz və ədalətli mübarizəyə çağırdı.
Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, Hərəkatın sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda konfransı keçirildi.
Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkat tərəfindən dəstəkləndi. Nəticədə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin sonrakı illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.
Postpandemiya dövründə ölkəmizin uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatı dünyadakı qlobal proseslərdə öz aparıcı rolunu saxlayır. Hazırda beynəlxalq sülh və təhlükəsizlik sisteminə olan təhdidlər, beynəlxalq hüququn pozulması Şərq-Qərb ziddiyyətlərinin artması fonunda “Soyuq müharibə”nin yeni fazaya daxil olması Qoşulmama Hərəkatı üzvlərini ciddi narahat edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi, həmçinin Rusiya-Ukrayna müharibəsi Qoşulmama Hərəkatı üçün prioritet məsələlərdəndir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki