Quba şəhərində fəaliyyət göstərən Quba 1 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri Mehbarə Fərəməzovanın fəaliyyəti ilə bağlı redaksiyaya daxil olmuş iddialar araşdırılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, təqdim edilən məlumatlar həqiqəti əks etdirmir. İddialarda bağçaya ayrılan ərzaq məhsullarının müəssisədən çıxarılaraq Quba ərazisində müxtəlif ticarət obyektlərində satıldığı bildirilsə də, faktlar bunu təsdiqləməyib.
Məsələ ilə bağlı Quba Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən bağçada yoxlama aparılıb. Reyd zamanı müəssisəyə göndərilən ərzaq və digər məhsulların mövcudluğu yoxlanılıb, müvafiq akt tərtib olunub və malların yerində olduğu müəyyən edilib.
Redaksiya bildirir ki, kütləvi informasiya vasitələrinə hər hansı məlumat təqdim edilərkən məsuliyyətli və diqqətli davranmaq vacibdir. Şəxslərin nüfuzuna xələl gətirə biləcək əsassız iddiaların yayılması yolverilməzdir.
Qeyd olunur ki, daxil olan hər bir informasiya redaksiya tərəfindən dəqiqləşdirilir və araşdırıldıqdan sonra ictimaiyyətə təqdim olunur.
Vətəninfo.az İnformasiya Agentliyi
Sosial şöbə


























