image-qubadlbackend

Qubadlının işğaldan azad edilməsindən 1 il ötür

image-reklam_sirab_01

Bu gün Qubadlı şəhərinin 27 il davam edən erməni işğalından azad edilməsindən 1 il ötür.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad olunub.

Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də “Twitter” səhifəsində elan edib.

“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”- deyə, dövlət başçısı qeyd edib.

Qubadlı 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərindən sonra işğaldan azad edilən dördüncü şəhər olub.

Digər şəhər və rayonlarımız kimi Qubadlı şəhərinin də işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun 802 kv.km ərazisi, habelə bir şəhəri, 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçmişdi.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına şəhid olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məlumat üçün bildirək ki, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla (Qərbi Azərbaycanla) həmsərhəddir.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda 40 min nəfərə yaxın olan rayon əhalisinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisində məskunlaşıb.

İşğala qədər rayon ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, bir texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı fəaliyyət göstərib.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumilikdə isə Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6 247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.

Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də talan edilərək dağıdılıb.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Qubadlı rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Qısa müddətdə Qubadlı bərpa ediləcək və ölkəmizin ən gözəl, çiçəklənən diyarlarından birinə çevriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki