Bu gün İrəvan şəhəri haqqında rast gəldiyim əksər yazılarda belə cümləyə rast gəlirəm “İrəvan şəhərini Şah İsmayıl Xətainin vəziri Rəvənqulu xan salıb və onun adına adlanmağa başlanıb”
Əzizlərim gəlin bu cürə yanlşıqlara yol verməyək. İrəvan şəhər kimi 2500 ildən çox yaşı olan bir ərazimizdir. Bu barədə çox yazmaq istəmirəm, sadəcə iki faktı qeyd edəcəm. Rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə indiki Ermənistan Göyçə gölünün sahilində qədim yazılan araşdırmış və gölün sahilindəki Gölkənd (ermənilər Zovinar deyir) kəndinin yaxınlığında tapdığı yazıları b.е.ə. VIII əsrə aid etmişdir. Bu daş kitabələrdə qeyd edilir, “Urartu şahı I Rus (e. ə. 730-714) deyib ki, ölkəni, о cümlədən İrəvan ölkəsini zəbt etdim” və digər mənbə VII əsrdə (607-ci il) alban yazılarında belə bir cümlə var: “607-ci ildə alban katolikosu Abraham, Dvin şəhərində çağırdığı dini iclasda demişdir ki, bu iclasda həm də İrəvandan iki nümayəndə: David və Cocik iştirak eləyirlər”. Məncə kiçik bu iki mənbə İrəvan şəhərinin nə qədər qədim olmasını sübut edir. Bu kimi yüzlərlə fakt var, ancaq mövzu bu deyil. Ermənilər sosial mediada Rəvənqulu adı ilə bağlı çoxlu suallar verirlər və bizimkimlər də onlara konkret istinad tapa bilmirlər deyə susurlar.
Rəvənqulu xan Qacar adlı şəxs tarixdə Səfəvi dövlətində, Şah İsmayıla yaxın bir dəstənin minbaşısı olub. Yazılan kimi vəziri olmayıb. Çünki Şah İsmayıl vəzirləri əsla uzaq yerə təyin etmirdi. Səfəvi dövlətçilik sistemini bilən bunu təsdiq edə bilər. O belə yerlərə seçilən sərkərdələri göndərirdi və onlardan biri də minbaşı Rəvənqulu xan Qacar idi. Qala hazır olandan sonra onu bu əraziyə təyin edən Şah İsmayılın fərmanında belə yazılır “ Rəvan şəhərinin qalabəyi və Çaxur-Səəd bəylərbəyi Rəvanqulu xan”
Türk səyyahı Evliya Çələbinin “Səyahətnamə” əsərində Rəvənqulu xanın vəzir kimi qələmə verilməsi isə Osmanlı saray sisteminə görə qeyd edilib, ona görə minbaşı Rəvanqulu xan vəzir kimi adlanıb. Eyni zamanda bəziləri Rəvənqulu xanı “Rəvan xanı Təqi Əli xan” kimi Çələbiyə istinad edib yazırlar. Əzizlərim Rəvənqulu xan Qacar soyundan idi, Təqi-Əli isə şiə qaydalarına görə ona verilən ad idi. “Əliyə sadiq xan” mənasını verirdi bu ad.
Şah İsmayıl Osmanlı dövlətinə qarşı keçilməz sədd yaratmaq istəyirdi və buna görə də minbaşı Rəvanqulu xan Qacarı ilk olaraq 1509-cu ildə bura göndərir ki, qala tiksin və osmanlılara qarşı güclü müdafiə rolu oynasın.
Rəvənqulu xan İrəvan şəhərinin ərazisinə 1509-cu ildə təyin edilsə də qala tikintisi 1510-cu ildə başlamış və 7 il ərzində tikilmişdir. Rəvanqulu xan şəhərin ərazisində QALA tikimişdir, şəhər salmayıb. İrəvan şəhəri iki hissədən ibarət olmuşdur: Qala və Bayır şəhər. Məhz Rəvənqulu Qala hissəsini tikmişdir. Bayır şəhər isə olduğu kimi qalmışdır.
Qalanın ətrafında şərq üslubunda ucaldılmış dairəvi hasarın uzunluğu 28 verstə bərabər idi. Qala divarı Zəngişay körpüsü, Dəmirbulaq məhəlləsi, Abbasdarı, Köşəli, Abaqayat, Qarabağ, Zokalqala adlanan adlanan yerlıərdən keçərək Zəngfi çayı tərəfə dönüb bir dairə yaradırdı. Qala daxilindəki sahənin əsasən hissəsini bağlar təşkil edirdi. İrəvan qalası inzibatl cəhətdən üç məhəlləyə bölünürdü: Şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. Şəhər məhəlləsi ən geniş sahəni tuturdu. Topbaşı məhəlləsi qalanın qərb, Dəmirbulaq məhəlləsi isə qalanın cənub-qərb hissələrini əhatə edirdi. Uzunluğu 850 metr olan qalanın divarları çiy kərpicdən hörülmüşdü. Divarlar elə qalın olub ki, hətta top mərmisinə davam gətirib. Qalanın bayır divarının hündürlüyü 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar daha hündür idi və onların arasında təxminən 50-60 metr məsafə vardı. İç qaladan təxminən 1 km məsafədə Keçiqala adlı köməkçi qala da vardı. Ümumiyyətlə, İrəvan qalasının 50-60 bürcü, 3 qapısı olub: Cənubda Təbriz qapısı, Şimalda Meydan qapısı və Körpü qapısı. Uzunmüddətli mühasirəyə davam gətirmək üçün qalanın daxilinə gizli yolla su kəməri çəkilmişdi. Qalanın şimalında və cənubunda olmaqla iki böyük darvazası olmuşdur – Şirvan və Təbriz darvazaları. Qala divarları çox qalın olduğundan hətta top mərmilərinə belə davam gətirirdi.
Qala tikilən zaman isə burda ilk olaraq Şah İsmayıl Səfəvinin adını daşıyan məscid inşa edilmiş (sonra zəlzələ nəticəsində məscid dağıldı və bərpa edilmədi), xan sarayı və digər yaşayış və saray üçün lazım olan evlər tikilmişdi. Rəvənqulu xan qala daxili ilə yanaşı şəhərin memarlığına da fikir verirdi. Qaynaq yazır ki, Rəvənqulu xan İrəvana gələndə burada küçəlıər dar və əyri-üyrü idi. Şəhərdəki evlər hasarlarla əhatə olunurdu. Şəhərin mərkəzlərində axan çaylardan həyətlərə su çəkilmişdi. Həyətlər əsasən, ev və ya həyətyanı bağlardan ibarət idi. Evlərin pəncərləri hündürdə tikilirdi ki, içəriyə baxan olmasın və həmçinin otaqdan keçəni, bayırı görə bilməsinlər, qonşuluq da evdə olmasın.
Buna görə də Rəvənqulu xan köhnə şəhər evlərinin də yenidən təmir edilməsinə xüsusi diqqət verirdi.
Xan sarayı tikilən zaman isə Rəvənqulu xan Şərq memarlığının bir neçə üslubundan istifadə etmişdir. Buna görə də burda olmuş səyyahlardan F.B. Linç sarayda olmuş “Güzgülü” salonu “fars memarlıq məktəbinə, İ.Şopenin yazdığına görə guya bu, “Çin memarlıq üslubu ilə ucaldılmış imarətə”, Xan sarayında daha çox olmuş və qalmış A.S.Qriboyedov daha uzaqlardan yapışıb salondakı, tavanlardakı bəzəkləri “yapon bəzəkləri” adlandırmışdır. Bu səyyahlar haqlı idilər, çünki Rəvanqulu xan sərkərdə olmaqla yanaşı bacarıqlı diplomat idi və Şərq ölkələrinə Şahın marağını nəzərə alıb memarlıqda diplomatik gedişlər etmişdir. Çünki İpək yolunun üstündə olan bu saray ərazidən keçib gədən Şərq tacirləri və səyyahlarının diqqətini cəlb edirdi və burda olan şərqli qonaqlar Səfəvilərin bütün Şərq mədəniyyətinə olan xoş münasibətinin şahidi olurdular.
Rəvənqulu xan Qalanın içərisində məhəllər salmağa başladı və Çuxur -Səd vilayətinin vergi dəftərində göstərilir ki, İrəvan şəhərinə aid olan qala və özü altı məhəllədən ibarətdir ki, burada da yalnız azərbaycanlılar yaşayır. 1727-ci il Revan Livası Mufassal Tahrir Defteri adlı sənəd Türkiyə Cümhuriyyəti Baş Bakanlık Osmanlı Arşivində 901 saylı qeydiyyatla saxlanmaqdadır. Bu sənəd bizə həm də İrəvan şəhərinin Təpəbaşı məhəlləsində 3 əsr öncə yaşayan ailələrin adlarını da ötürmüşdü.Qalanın 1727-ci ilə aid olan sakinlərindən 530 nəfər türk-müsəlman sakini və 39 nəfər qeyri- müsəlman idi. İrəvan şəhərinin əhalisinin isə 90 faizin türk-müsəlmanlar təşkil edirdi.
Rəsmdə isə rəssam Rza Avşarın çəkdiyi Rəvanqulu Xanın portretidir.
Zaur Əliyev, dosent