image-reklam-veteninfo
image-1backend

Sankt-Peterburqda həbs olunan azərbaycanlı kriminal avtoritet kimdir? – Dosye

image-reklam-veteninfo

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində kriminal aləmdə “Yuska Şamxorski” kimi tanınan Yusif Əliyev saxlanılıb.

Korrekt.az xəbər verir ki, onun həbsi Rusiya və Azərbaycan mediasının diqqət mərkəzindədir.

18 ildən çox axtarışda olan Yusif Əliyevin həbsi 1990-cı illərin qanlı kriminal tarixinin yenidən gündəmə qayıtması deməkdir.

Yusif Əliyev kimdir?

Kriminal aləmdə “Şamxorski” ləqəbi təsadüfi deyil. Bu ad Şəmkir rayonunun sovet dövründəki “Şamxor” adından götürülüb. Məhz buna görə Yusif Əliyev kriminal çevrələrdə “Yusif Şamxorski”, “Yuska Şamxorski” kimi tanınıb. Açıq mənbələrdə onun 54 yaşında olduğu və uzun illər postsovet məkanında fəaliyyət göstərən azərbaycanlı kriminal qruplarla əlaqələndirildiyi göstərilir.

İşin maraqlı tərəfi budur ki, Rusiya mediasında əvvəlcə Yusif Əliyevin 2008-ci ildən beynəlxalq axtarışda olduğu bildirilsə də, məhkəmə materiallarında onun barəsində həbs qərarının Azərbaycanda hələ 2004-cü ildə çıxarıldığı qeyd olunur. Azərbaycan hüquq-mühafizə orqanlarının ittihamına görə, Yusif Əliyev 1994-1995-ci illərdə fəaliyyət göstərən silahlı dəstənin üzvlərindən biri olub.

Məhkəmə sənədlərində qeyd edilir ki, 1994-cü ilin avqustunda silahlı qrup bir şəxsi oğurlayaraq üç gün girov saxlayıb, ona işgəncə verib və yaxınlarından 182 min dollar tələb edib. Digər epizodda isə 1995-ci ilin fevralında daha bir şəxsin qaçırılması və 150 min dollar tələb edilməsi iddia olunur. Yusif Əliyevə qarşı banditizm, adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, soyğunçuluq və qanunsuz silah dövriyyəsi ittihamları irəli sürülüb.

Rusiya mediasında əlavə olaraq onun iki və daha çox şəxsin qətlində şübhəli bilindiyi, hətta qurbanlardan birinin polis əməkdaşı olduğu barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar əsasən hüquq-mühafizə orqanlarındakı mənbələrə və kriminal aləm resurslarına istinad edir.

O, axtarışa verildikdən təxminən altı ay sonra kriminal aləmin ali kastasına daxil edilib. Maraqlıdır ki, həmin dövrdə postsovet kriminal dünyasında böyük parçalanma yaşanırdı. Bir tərəfdə mərhum “Ded Xasan” (Aslan Usoyan), digər tərəfdə isə Tariel Oniani və Merab Canqveladze qruplaşmaları dayanırdı. Mənbələrin iddiasına görə, Yuska Kamçi Koloev, Giya Sverdlovski, Vadik Krasnodarski, Seryoqa Asatryan və digər tanınmış kriminal avtoritetlərlə birlikdə “taclandırılıb”. Bu prosesdə SSRİ və postsovet məkanının ən məşhur kriminal fiqurlarından sayılan “Yaponçik”in (Vyaçeslav İvankov) də iştirak etdiyi bildirilir. Bu fakt Yuskanın kriminal aləmdə sıravi fiqur deyil, nüfuzlu qruplaşmaların dəstəklədiyi şəxs olduğunu göstərir. Yusif Əliyevin taleyində müəmmalı məqamlardan biri 2009-cu ilin martında baş verib. Həmin vaxt Moskvanın “Podsolnux” restoranında keçirilən kriminal toplantıya polis basqın edib. Əməliyyat zamanı Yusif Əliyevlə yanaşı bir neçə azərbaycanlı və gürcü kriminal avtoritet saxlanılıb. Onlar adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmə işlərilə əlaqələndirilirdilər. Həmin gecə Yusif Əliyev sərbəst buraxılıb. Bundan sonra isə onun izi itib. Sonrakı illərdə onun Rusiya və Azərbaycanda fəaliyyəti barədə rəsmi məlumatlar demək olar ki, yayılmayıb. Bu səbəbdən kriminal dairələrdə Yusif Əliyevin müxtəlif ölkələrdə saxta sənədlərlə yaşadığı və gizli himayədarlardan istifadə etdiyi barədə fərziyyələr yaranıb. Bu iddiaların isə rəsmi təsdiqi yoxdur.

Sankt-Peterburq məhkəməsinin materiallarından məlum olur ki, saxlanıldığı vaxt Yusif Əliyevin Rusiyada daimi qeydiyyatı olmayıb, rəsmi iş yeri göstərilməyib, ailə üzvləri və ya yaşayış statusu təsdiqlənməyib. O, nə Rusiya vətəndaşlığı, nə qaçqın statusu, nə də siyasi sığınacaq almaq üçün müraciət edib. Bu faktlar onun uzun müddət gizli yaşadığını göstərir.

Rusiyada son illərdə “qanuni oğru”lara qarşı geniş kampaniya aparılır. 2019-cu ildə qəbul edilmiş qanuna əsasən, cinayət iyerarxiyasında ali mövqe tutmaq ayrıca cinayət hesab olunur və 15 ilədək həbs cəzası nəzərdə tutur. Yusif Əliyevə də məhz bu maddə ilə ittiham verilməsi gözlənilir. Bu isə o deməkdir ki, hətta köhnə cinayət işləri üzrə ekstradisiya baş tutmasa belə, o, Rusiyada ayrıca mühakimə oluna bilər.

Sankt-Peterburqun Vasileostrovski Rayon Məhkəməsi Yusif Əliyevin həbsdə saxlanılması barədə qərar verib. O, ən azı iyulun ortalarınadək həbsdə qalacaq. Hazırda Azərbaycan tərəfinin ekstradisiya tələbi və köhnə cinayət işləri üzrə sənədlər araşdırılır. Əgər ekstradisiya həyata keçirilərsə, “Yuska Şamxorski” 1990-cı illərin ən səs-küylü cinayət işlərindən bəzilərinə görə Azərbaycan məhkəməsi qarşısına çıxarıla bilər. Əks halda onu əvvəlcə Rusiyada cinayət iyerarxiyasında ali mövqe tutmaq maddəsi üzrə uzunmüddətli həbs gözləyir. Beləliklə, 18 ildən çox gizlənməyi bacaran və kriminal aləmdə əfsanəyə çevrilən “Yuska Şamxorski”nin taleyi artıq hüquq-mühafizə orqanlarının əlindədir. Onun işi bütövlükdə postsovet məkanının kriminal tarixinin mühüm səhifələrindən birinin yenidən açılması anlamına gəlir.

Yusif Əliyev saxlanıldı - 18 ildir Rusiyada imiş01KTQ6GHFVMYF4SPVKXHKC920T medium

Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki