image-reklam-veteninfo
image-xerite1-jpgbackend

Şimal ayısının son çırpıntıları

image-reklam-veteninfo
Rusiya növbəti dəfə beynəlxalq hüquq normalarına meydan oxuyur. Dövlət Dumasının 1-ci oxunuşda qəbul etdiyi qanun layihəsinin müddəaları xaricdəki Rusiya vətəndaşlarını “cinayət təqiblərindən qorumaq” bəhanəsilə prezidentə silahlı qüvvələrdən istifadə etmək səlahiyyətləri verir. Beynəlxalq norma və standartlarla ziddiyyət təşkil edən mürtəce qanun layihəsinin əleyhinə bircə nəfər də olsun parlamentarın səs verməməsi Rusiya ictimaiyyətinin nə qədər aşındığının, sivil dünya ilə ayaqlaşa bilməyərək hələ də imperialist xülyalarla yaşadığının bariz göstəricisidir.
Qanun layihəsini təqdim edən Anna Tsivilevanın sözlərinə görə, qanunun qəbul edilməsində məqsəd Rusiya vətəndaşlarını xaricdə “cinayət və digər təqiblərdən” qorumaq üçün hüquqi baza yaratmaqdır.
Qanun layihəsinin əsas təşəbbüsçülərindən Andrey Kartapolov da həmkarının fikrini təsdiqləyib, bu addımı Rusiya vətəndaşları, eləcə də Rusiya təşkilatlarının hüquqlarını “xarici qanunsuz hücumlardan” qorumaq məqsədilə atdıqlarını bildirib. O, mürtəce qanuna həm də onunla haqq qazandırır ki, buna bənzər qanun ABŞ tərəfindən 2002-ci ildə “Səhrada fırtına” əməliyyatının motivləri əsasında qəbul olunub. Lakin bu müqayisə tamamilə manipulyasiyadır.
Birincisi, ABŞ-ın 2002-ci ildə qəbul etdiyi qanun – “Amerika Xidmət İşçilərinin Müdafiəsi Aktı”nın (ASPA) “Səhrada fırtına” (1991) əməliyyatı ilə birbaşa əlaqəsi yoxdur; o, tamamilə fərqli geosiyasi zərurətdən yaranıb. İkincisi, ASPA Rusiyanın hazırda təklif etdiyi layihədən həm əhatə dairəsi, həm də hədəfi baxımından ciddi şəkildə fərqlənir. ABŞ-nin bu qanunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaradılmasına reaksiyadan qaynaqlanırdı. Əsas səbəblər bunlar idi:
– siyasi motivli təqiblər: ABŞ Konqresi qorxurdu ki, müxtəlif ölkələrdə xidmət edən amerikalı hərbçilər siyasi rəqiblər tərəfindən “müharibə cinayəti” ittihamı ilə BCM-ə şikayət edilə və qanunsuz saxlanıla bilər;
– hərbi azadlıq: ABŞ dünyanın hər yerində hərbi əməliyyatları olduğu üçün öz əsgərlərini beynəlxalq hüquqi risklərdən sığortalamaq istəyirdi;
– BCM-in yurisdiksiyasını tanımamaq: ABŞ Roma Statutunu (BCM-i yaradan sənəd) imzalamadığı üçün öz vətəndaşlarının bu məhkəmə tərəfindən mühakimə olunmasını suverenliyinə təhdid kimi görürdü;
Göründüyü kimi iki qanunun hədəf və məqsədləri arasında fundamental fərqlər var. ABŞ-nin qanunu hər hansı ölkəyə və bütün vətəndaşlarına görə deyil, xüsusi olaraq BCM-ə qarşı yönəlib. Məqsəd, ABŞ-nin üzv olmadığı bu məhkəmənin amerikalı hərbçiləri və rəsmi şəxsləri qanunsuz (siyasi motivli) hesab edilən şəkildə həbs etməsinin qarşısını almaqdır.
“Haaqa İstilası Aktı” (Hague Invasion Act) – Amerikalıların qəbul etdiyi qanun qeyri-rəsmi olaraq belə adlandırılır, çünki o, ABŞ Prezidentinə BCM tərəfindən saxlanılan amerikalıları azad etmək üçün “lazımi və müvafiq bütün vasitələrdən” (hərbi güc daxil olmaqla) istifadə etmək səlahiyyəti verir.
ABŞ-nin qanunu “institusional müdafiə” xarakteri daşıyır; onların bu qanunu konkret bir quruma, yəni BCM-ə qarşı suverenlik qalxanı kimi təqdim edilir. Rusiyanın layihəsi isə birbaşa suveren dövlətlərin daxili hüquqi prosedurlarına (məsələn, adi bir polis həbsinə) hərbi müdaxilə imkanı yaradır.
Rusiyanın “Haaqa İstilası Aktı”na istinad etməsi bir növ “onlar da belə edir” arqumenti ilə öz addımına legitimlik qazandırmaq cəhdidir. Lakin beynəlxalq hüquq müstəvisində ABŞ-nin 2002-ci il qanunu da vaxtilə (və indi də) hətta müttəfiqləri tərəfindən kəskin tənqid olunmuş, “hüquqdan kənar” addım kimi qiymətləndirilmişdir.
ABŞ-nin bəhs olunan qanunu hərbi müdaxilə formasında tətbiq edilməyib, hərbi gücdən istifadə olunmayıb; heç bir ABŞ prezidenti bu qanuna əsaslanaraq, Haaqaya və ya hər hansı başqa ölkəyə hərbi hücum əmri verməyib; maliyyə təsiri, daha çox diplomatik təzyiq vasitəsi kimi istifadə olunub. ABŞ bu qanuna dayanaraq BCM ilə əməkdaşlıq edən ölkələrə hərbi yardımı məhdudlaşdırmışdı, lakin sonradan bu məhdudiyyətlərin çoxu ABŞ prezidentləri tərəfindən ləğv edildi.
Bütün bu deyilənlərdən belə nəticəyə gələ bilərik ki, Kartopolovun iddiası sadəcə bir bəhanədir. Rusiyanın ABŞ-nin 20 illik qanununu indi nümunə gətirməsi, öz irticaçı addımına dünyada “normallıq” donu geyindirmək cəhdindən başqa bir şey deyil.
Rusiyanın sözügedən qanun layihəsi və onun yaratdığı müzakirələr həqiqətən də beynəlxalq hüquq müstəvisində ciddi narahatlıq doğurur. Çünki Rusiyanın qəbul etmək istədiyi bu qanun “xaricdəki Rusiya vətəndaşlarına və soydaşlarına qarşı “qanunsuz qərarlar” qəbul edilməsi” bəhanəsilə konkret dövlətlərə qarşı hərbi güc tətbiqini nəzərdə tutur. Bu məsələnin beynəlxalq hüquqa və normalara zidd olduğuna bir neçə aspektdən baxaq:
1) Beynəlxalq hüquq: BMT Nizamnaməsinə görə, bir dövlətin digər dövlətin suverenliyinə hərbi yolla müdaxiləsi yalnız özünümüdafiə (51-ci maddə) və ya Təhlükəsizlik Şurasının mandatı ilə mümkündür. Vətəndaşın həbsi kimi hüquqi-inzibati məsələlərə görə hərbi müdaxilə beynəlxalq hüququn təməl prinsiplərinə ziddir;
2) Hüquqi yollar: vətəndaşların başqa dövlətlərdə qarşılaşdığı problemlərlə bağlı hüquqlarının müdafiəsi üçün konsul yardımı, diplomatik notalar, beynəlxalq məhkəmələr və ya ekstradisiya müqavilələri kimi sivil mexanizmlər mövcuddur. Hərbi gücün bu siyahıya əlavə edilməsi diplomatiyanın sonu deməkdir;
3) “İmperialist iştaha”: dünyada əksər siyasi analitiklər Rusiyanın atmaq istədiyi bu addımı “yumşaq güc”dən tamamilə imtina və “sərt güc” tətbiqi üçün hüquqi baza yaratmaq cəhdi kimi qiymətləndirir. Bu, xüsusilə keçmiş SSRİ ölkələrində yaşayan böyük rusdilli əhali faktorundan istifadə edərək, qonşu dövlətlərin daxili işlərinə müdaxilə rıçaqı kimi görünür.
Belə mürtəce qanunlar dövlətlərarası etimadı zədələyir, beynəlxalq münasibətləri “hüququn üstünlüyü” prinsipindən “güclünün hüququ” prinsipinə sürükləyir. Rusiyanın bu qanunu qəbul etməsinin əsas səbəbi imperialist ambisiyalardan xilas ola bilməməsidir. Şovinist duyğularla yaşayan, həmişə böyük görünmək istəyən Şimal Ayısı bununla “mən hələ ayaqdayam, güclüyəm” mesajını verir və ətrafındakı ölkələrə demək istəyir ki, mənim dediyimlə oturub-durmasanız, mənim göstərdiyim istiqamətdə siyasət yürütməsəniz sizi məhv edərəm!
Əslində, bu, sadəcə, bir hədədir, imperial güc olmaq instinktindən qaynaqlanır; Rusiyanın hal-hazırda belə bir potensialı yoxdur, bütün resurslarını Ukrayna ilə savaşa cəlb etsə də, 4 ildir nəticə əldə edə, o bataqlıqdan çıxa bilmir. Rusiyanın bu addımı daha çox siyasi mesaj və təhdid mexanizmi xarakteri daşıyır.
Rusiya hal-hazırda elə bir xaosun içərisinə girib ki, onun üçün “güclü görünmək” ehtiyacı hər şeydən öndə gəlir. O, Ukrayna savaşı fonunda beynəlxalq nüfuzunun və “yenilməzlik” imicinin zədələndiyini açıq hiss edir. Bu qanunun qəbulu da məhz daxili auditoriyaya və post-sovet məkanına “mən hələ də şərtləri diktə edən tərəfəm” mesajını vermək cəhdidir.
Rusiyanın hazırda Ukrayna cəbhəsindən kənarda yeni irimiqyaslı hərbi müdaxilə etmək üçün həm iqtisadi, həm də canlı qüvvə baxımından resursları kifayət qədər məhduddur. Lakin belə mürtəce qanunlar “hibrid müharibə” və ya kiçikmiqyaslı təxribatlar üçün hüquqi bəhanə rolunu oynaya bilər. Bu səbəbdən dolayı bu qanun layihəsinin qəbulu Rusiyanın qonşu ölkələrlə (məsələn, Orta Asiya və Qafqaz) münasibətlərinə mənfi təsir edəcək, onun özü üçün tərs reaksiya xarakteri daşıyacaq. Əgər Rusiya öz vətəndaşlarını bir “hərbi müdaxilə aləti” – canlı mina kimi təqdim etməyə davam edərsə, postsovet ölkələrinin həmin vətəndaşlara qarşı şübhə ilə yanaşması, daha sərt viza, yaşayış məhdudiyyətləri tətbiq etməsi qaçılmazdır. Çünki hər an Rusiyanın bir bəhanə ilə törətdiyi təxribatla üz-üzə qalma ehtimalı var.
Rusiya Ukraynada düşdüyü çıxılmaz vəziyyətdən anlamalıdır ki, müasir dünyada super güc olmaq üçün təkcə “imperialist iştaha” faktoru kifayət etmir; texnoloji üstünlük, iqtisadi dayanıqlılıq və beynəlxalq dəstək hər şeydən daha önəmlidir. Bu qanun layihəsi, əslində, Rusiyanın müasir dünya nizamına uyğunlaşmaqda çətinlik çəkdiyini və çarəni XIX əsrin metodlarında axtardığını göstərir.
Rusiyanın bu cür aqressiv hüquqi və siyasi gedişləri, əslində, onun “yumşaq güc” (soft power) arsenalının tamamilə iflas etdiyini göstərir. Bu da öz növbəsində postsovet ölkələrində ona qarşı qıcıq yaradacaq, onların Moskvadan uzaqlaşmaq siyasəti intensivləşəcək, V kolon qorxusunun artması həmin ölkələrdə rus dilinin statusunu zəiflədəcək, milli kimliyin ön plana çıxması, Qərb-Şərq alternativlərinə meylliliyi sürətləndirəcək. Məsələn, Azərbaycan və Qazaxıstan Rusiya ilə normal siyasi münasibətlərdə olan iki mühüm, strateji tərəfdaş idi. Hər iki dövlət uzun illər Rusiya ilə bərabərhüquqlu, praqmatik münasibətlər qurmağa çalışsa da, Moskvanın özünü “böyük qardaş” statusunda görməsi, qonşularından “vassal münasibəti” tələbi bu tarazlığı pozmuşdu. həm Azərbaycan, həm də Qazaqxıstanı ondan məsafə saxlamağa və tədricən uzaqlaşmağa məcbur etmişdi. Bu qanun isə daha böyük əks effekt verəcək.
Əslində, Rusiya bəhs olunan qanunu ilə ilk növbədə bu iki dövləti – Azərbaycan və Qazaxıstanı hədəf alıb, onların gözünü qorxutmaq istəyir.
Bəs Rusiya Azərbaycana, yaxud Qazaxıstana hərbi müdaxilə edə bilərmi? Hibrid müharibə və V kolon vasitəsilə təxribatlar istisna olmasa da, Kremlin açıq hərbi müdaxiləsi mövcud şərtlər daxilində mümkün görünmür. Çünki ortada Türkiyə, dolayısıyla NATO və hərbi və iqtisadi cəhətdən Rusiyadan dəfələrlə üstün olan Çin faktoru var. Əgər Rusiya belə bir düşünülməmiş addım atarsa, Ukraynadan daha böyük və daha dərin bataqlığa girər.
Azərbaycanın Şuşa Bəyannaməsi ilə Türkiyə timsalında əldə etdiyi təhlükəsizlik çətiri, Qazaxıstanın isə Çinlə imzaladığı strateji tərəfdaşlıq sazişləri Rusiyanın hərəkət imkanlarını kəskin şəkildə məhdudlaşdırır. Türkiyə və Çin faktoru Kremlin baş edə bilməyəcəyi böyük güclər, aşa bilməyəcəyi baryerdir. Rusiyanın “arxa baxçası” hesab etdiyi regionda artıq iki böyük oyunçu var. Türkiyə hərbi və siyasi dəstəyi ilə, Çin isə nəhəng iqtisadi investisiyaları və “suverenliyə zəmanət” vədləri ilə Rusiyanın bu regionlarda hegemonluğunu de-fakto bitirib. Qazaxıstana hərbi müdaxilə birbaşa Çinin “Bir kəmər, bir yol” layihəsinin onurğa sütununa hücum demək olar ki, Pekin buna əsla icazə verməz.
Əgər Rusiya rəhbərliyinin ağlı başındadırsa Qazaxıstana – Ukraynadan daha dərin bataqlığa girməz. Qazaxıstanın coğrafi genişliyi, çətin relyefi və cəmiyyətdəki güclü millətçilik dalğası Rusiyanın orada uğur qazanma ehtimalını sıfıra endirir. Üstəlik, Ukraynada tükənən Rusiya ordusunun minlərlə kilometrlik yeni cəbhəni idarə etməsi fiziki olaraq qeyri mümkündür.
Rusiya bu siyasəti ilə özünü təcrid olunmuş bir “qala”ya, ən yaxın müttəfiqlərini belə düşmənə və ya ən azından ehtiyatlı rəqibə çevirir. Bu kontekstdə maraqlı bir sual ortaya çıxır: Rusiya rəhbərliyi bu riskləri – Türkiyə və Çinlə toqquşma ehtimalını görmür, yoxsa sadəcə başqa çıxış yolu tapa bilmədiyi üçün “va-bank” gedir?
Çox güman ki, Rusiya özü də yanlış yolda olduğunun fərqindədir, ancaq başqa çıxış yolu tapa bilmir, “va-bank” getmək məcburiyyətində qalır. Digər tərəfdən də, imperialist duyğularından xilas ola bilmir. Bu duyğuları onun özünü daxildən parçalayacaq. Bunun üçün zəmin də var.
Hələ 100 il öncə Qazaxıstanın paytaxtı Orenburq şəhəri olub. Bu günün özündə orada on minlərcə qazax və tatar yaşayır. Stalin Rusiyanı gələcək təhlükədən söğortalamaq üçün Orenburqu Qazaxıstandan qoparıb RSFSR-in tərkibinə qatdı. Xərityəyə diqqətlə baxsaq, Orenburqun Qazaxıstanla Başkırdıstan və Tatarıstan arasında bufer zona olduğunu görərik. Stalin bu siyasi gedişilə qədim Qızıl Orda dövlətinin ərazisini ikiyə bölmüş oldu. “Orenburq dəhlizi” (digər adı ilə “Kuvanık dəhlizi”) Rusiyanın ən həssas “geosiyasi dabanı” hesab olunur. Stalinin xəritə üzərində apardığı bu cərrahiyyə əməliyyatı məhz türk xalqlarının birbaşa coğrafi təmasını kəsmək məqsədi daşıyırdı.
Əgər Rusiya Qazaxıstana hərbi müdaxilə edərsə, “daxildən parçalanma” ssenarisi işə düşər və “Orenburq dəhlizi” bu dəfə Rusiya üçün “Axilles dabanı” rolunu oynayar. Rusiyanın bu avantürası təkcə xarici müharibə deyil, həm də daxili “türk birliyi” oyanışına səbəb olar. Orenburq vasitəsilə Qazaxıstanla sərhədi kəsilən Tatarıstan və Başqırdıstan özlərini tam mühasirədə hiss edir. Savaş vəziyyətində bu xalqların milli hisslərinin alovlanması Rusiyanın mərkəzində nəhəng bir qeyri-sabitlik zonası yaradar. Qazaxlar, tatarlar və başqırdlar demək olar ki, eyni xalqdır; gündəlik həyatda istifadə olunan əsas sözlər 85-90 faiz üst-üstə düşür, qrammatikaları – cümlə quruluşu, feil zamanları, şəkilçilərin quruluşu eyni məntiqlə işləyir, sadəcə bəzi fonetik fərqlər var. Yəni hər üç xalq qüdrətli Qızıl Orda xanlığının varisləridir
Ukrayna savaşında ön cəbhəyə daha çox milli azlıqların (tatar, başqırd, buryat, dağıstanlı) göndərilməsi onsuz da daxildə gizli bir narazılıq yaradıb. “Niyə biz başqa bir dövlətin suverenliyini məhv etmək üçün ölməliyik” sualı getdikcə daha ucadan verilir. Qazaxıstana hərbi müdaxilə 3 qardaş xalqı birləşdirər və Rusiya ordusu ön və arxadan mühasirəyə düşər.
Rusiyanın bu “va-bank” siyasəti onun məhvi ilə nəticələnə bilər. Tarix dəfələrlə isbat edib ki, imperialist dövlətlər resursları tükəndiyi halda hərbi aqressiyanı artırırlarsa, bu, adətən, mərkəzi hakimiyyətin zəifləməsi, kənarların (regionların) qaçışı ilə nəticələnir. 1917-ci və 1991-ci il hadisələri bunun ən bariz nümunəsidir.
Belə bir daxili qarışıqlıq zamanı nə Türkiyə, nə də Çin Rusiya daxilindəki sabitliyi qorumaq üçün hərəkətə keçməyəcək, əksinə, öz maraqlarına uyğun yeni güc mərkəzlərini dəstəkləyəcəklər.
Rusiyanın qəbul etmək istədiyi bu qanun əslində bir “qorxu qanunudur”. Güclü dövlət vətəndaşını hərbi hədə ilə deyil, iqtisadi cazibə və hüquqi nüfuzla qoruyur. Rusiya isə əlində qalan son aləti “qorxunu” artıq özünə qarşı çevirməkdədir. O, bu mürtəce qanunla dağılmasının təməllərini atır. Əgər bir dövlət problemləri diplomatik, iqtisadi və ya hüquqi yollarla deyil, yalnız “hərbi hədə” və “qorxu” ilə həll etməyə çalışırsa, bu, artıq gücün deyil, çarəsizliyin əlamətidir.
Rusiyanın hazırkı vəziyyətini bir neçə məqamla xülasə etmək olar:
– siyasi relyefin dəyişməsi: Putin uzun illər “praqmatik realist” kimi tanınırdı. Lakin Ukrayna müharibəsi, ardınca gələn bu cür radikal qanun layihələri göstərir ki, o, artıq rasionallıqdan çox, ideoloji bir xəyala (Böyük Rusiya ideyasına) xidmət edir. Bu keçid adətən imperiyaların süqutundan əvvəlki son mərhələ olur;
– radikalların ön plana çıxması: Putin rus şovinistlərin əlində oyuncağa çevrilib. Hazırda Moskvada qərarları professional mütəxəssislər deyil, “siloviklər” və ultramillətçi kəsim diktə edir. Onlar da unudurlar ki, müasir dünyada iqtisadiyyatı çökmüş bir ölkənin hərbi qələbəsi mümkün deyil;
– mərkəzdənqaçma qüvvələri: bu “qorxu qanunu” Rusiya daxilindəki subyektlər (tatar, başqırd və s.) üçün də bir xəbərdarlıqdır. Əgər mərkəz öz vətəndaşını qorumaq adı ilə başqa ölkəyə girirsə, sabah eyni bəhanə ilə daxildəki hər hansı bir etirazı da qan içində boğa bilər. Bu isə daxili etimadı tamamilə yox edir.
Tarixi bir paralelə də baxaq: SSRİ dağılmazdan qısa müddət öncə xaricdəki maraqlarını qorumaq üçün Əfqanıstana girmiş və sərt qanunlar qəbul etmişdi. Nəticə iqtisadi iflas və daxili parçalanma oldu.
Rusiyanın bu “va-bank” gedişi, əslində, öz gələcəyini qumara qoymaqdır. Əgər bir dövlət öz vətəndaşını “müdaxilə bəhanəsi” kimi istifadə edirsə, o vətəndaş artıq həmin dövlət üçün dəyər deyil, bir alətdir. Bu isə 21-ci əsrdə heç bir dövlətin uzun müddət ayaqda qala bilməyəcəyi modeldir.
Görünən odur ki, Rusiya özünü “qoruyan” mürtəce qanunlar qəbul etdikcə, öz sonunu daha da sürətləndirən zəncirvari reaksiya yaradır. Bu da onun imperialist duyğular üzərində köklənən, supergüc olmaq yolundakı son çırpıntılarıdır.
Fərəməz Novruzoğlu



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki