image-img-20240512-wa0008backend

Şuşa sakinlərini öz evlərində görmək çox qürurludur

image-reklam_sirab_01

Ötən əsrin 90-cı illərinin əvvələrində Ulu Öndər Heydər Əliyevi böyük arzularla dövlətin rəhbərliyinə gətirən Azərbaycan xalqı bu gün onun təntənəsini yaşayır. Ölkəmizin bütün sahələrini əhatə edən tərəqqi, dönməz inkişaf yolunun möhkəm təməllərini məhz Ulu Öndərimiz qoyub. Bu gün dünyanın hər yerində uğurlarından bəhs olunan, əsasən Avropada xilaskar dövlət kimi tanınan, əməkdaşlıq etdiyi dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi təqdir edilən, yeni-yeni reallıqlar yaradan, yerləşdiyi regionun lideri səviyyəsinə yüksələn bugünkü Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsi üzərində qərar tutub. Prezident İlham Əliyev bu siyasi kursa sadiq fəaliyyəti, həmçinin peşəkarlığı, böyük bacarığı, düşünülmüş mühüm qərarları və cəsarətli addımları ilə Azərbaycanımızın hərtərəfli inkişafını təmin edib. Eləcə də Ulu Öndərimizin ən böyük istəyini – Vətənimizin ərazi bütövlüyünü reallığa çevirib. Hazırda biz Heydər Əliyevin hədəflədiyi, görmək istədiyi ölkədə yaşayırıq. Bu, qüdrətli, qürurlu və şanlı Azərbaycandır.
Prezident İlham Əliyevin müdrik siyasəti və əzmkarlığı ilə tarixin gedişini dəyişdirib, Qarabağ münaqişəsini parlaq Qələbə ilə başa çatdıraraq bütün mənasız proqnozları, qərəzli yanaşmaları alt-üst edib.
Qələbəmizdən sonra biz bunu aydın gördük. Bütün kənar cəhdlər iflasa uğradı, çünki Azərbaycan elə bir dönməz yol tutub ki, onun iradəsinə təsir etmək mümkün deyil. Bu reallıqdır, hər şey isə göz qabağındadır. Bu gün Prezident tamamilə dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşamaları üçün hər cür müasir şərait yaradılır. Ən əsası, bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Baxın, budur qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb. Onların üzündəki sevinc, fərəh hissi hər birimizi qürurlandırır. Biz həm də şahidi oluruq ki, Vətən anlayışı azərbaycanlılar üçün nə deməkdir.
Dövlətimizin başçısının həmin ərazilərə hər səfərinin böyük müjdələrlə yadda qalıb, hər səfər zamanı yeni qəsəbələrin, kəndlərin təməli qoyulub, yaşayış kompleksləri, obyektlərin açılışı olub. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə mayın 10-da – Ulu Öndərin doğum günündə getməsi də heç də təsadüfi deyil. Bu, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramın göstəricisidir. Səfər zamanı daha qürurverici məqamlardan biri də Prezidentin Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etməsi və şəhərə köçmüş ilk sakinlərlə görüşü oldu. Şuşa bizim qeyrət qalamızdır, qəhrəmanlıq salnaməmizdir, Vətənə olan sevgimizi dünyaya bəyan edən ən ali dəyərdir. İşğal dövründən, Şuşanın azad edilməsindən tutmuş bugünkü halına qədər xalqımız bunu sübut edib. Şəhidlərimizin qanı ilə daha da müqəddəsləşən, hazırda dirçəliş dövrünü yaşayan əziz Şuşamız artıq sakinlərinə qucaq açıb. Təbii ki, bu mənzərə hər birimizi qürurlandırır. Biz nə qədər sevincliyiksə, Pənahəli xanın, Natəvanın, Vaqifin, Üzeyirin, Bülbülün, həmçinin bütün şəhidlərimizin ruhu da bir o qədər şaddır.
Şuşada aparılan quruculuq işlərinin möhtəşəmliyi həm də şəhərin memarlıq üslubunun, özünəməxsusluğunun qorunub saxlanılmasındadır. Tikintilər müasir şəhərsalma qaydalarına əsaslanır, yaşayış evləri daha gözəl və rahatdır. Şuşada, eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə aparılan bərpa işlərində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə vurğulanmalıdır. Fond tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük işlər görür. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. Mayın 10-da isə Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Bütün bunlar, ilk növbədə, Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və tariximizə, mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbbətinin təcəssümüdür.

Metin Hüseynov – siyasi sərhçi, politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki