“The Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, İsrailin yüksək vəzifəli müdafiə rəsmiləri bu həftə təhlükəsizlik kabinetinin iclasında ABŞ və İran arasında anlaşma memorandumunun elan edilməsindən məyusluqlarını bildiriblər.
Vətəninfo.az xəbər verir ki, qəzetin iki məlumatlı mənbəyinə görə, İsrail Müdafiə Qüvvələrinin (İMQ) yüksək vəzifəli rəsmiləri nazirlərə və Baş nazir Benyamin Netanyahuya Hörmüz boğazının dəniz blokadası səbəbindən İran iqtisadiyyatının kəskin şəkildə pisləşdiyini və davamlı iqtisadi təzyiqin Tehranı daha da dərin böhrana sürükləyə biləcəyini bildiriblər.
Həmsöhbətlər qeyd ediblər ki, blokadadan ən çox təsirlənən sektorlardan biri İranın neft sənayesi olub.
Qəzetin mənbələri əlavə edib ki, məhdudiyyətlərin davam etdirilməsi İranı yeni mədənləri bağlamağa məcbur edə bilər və bu da dövlət gəlirlərinin əsas mənbəyinə dönməz ziyan vura bilər.
Eyni zamanda, NBC İsrail mənbəyinə istinadən ölkə hökumətinin hələlik anlaşma memorandumunun mətnini nəzərdən keçirmədiyini bildirib.
Telekanalın həmsöhbəti İsrail diplomatlarının ABŞ-dan müqavilənin mətnini təqdim etməsini istəyib-istəmədiyini dəqiqləşdirməyib.
Lakin telekanalın Amerika mənbəyinə görə, ABŞ İrana açıq şəkildə bildirib ki, Hizbullahın hücumu halında İsrailin qisas almaq hüququ olacaq.
Telekanalın həmsöhbəti vurğulayıb ki, “Əgər Hizbullah İsrailə hücum edərsə, İsrailin cavab zərbəsi endirmək üçün tam imkanı olacaq”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranla anlaşma memorandumunu şəxsən imzaladığını açıqlamışdı.
İran tərəfi də memorandumun imzalandığını təsdiqləyib.


























