Bu gün Türk dünyasının birləşməsi yolunda inamlı addımlar atılır. TÜRKPA-nın Bakıda keçirilən plenar iclası da bunu bir daha sübuta yetirdi. Azərbaycan həm də birliyin daha geniş və davamlı olmasına çalışan və hərəkətverici qüvvəyə malik ölkə kimi özünü artıq təsdiq edib. Təbii ki, digər Türkdilli ölkələr də Türk dünyasının birləşməsi istiqamətində böyük səylər göstərirlər. Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri də Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir. Əlaqələrimiz bütün sahələrdə intensiv xarakter alıb və zamanın tələblərinə uyğun olaraq inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edərkən də söhbətin əsas məğzini Türkdilli ölkələr arasında əlaqələrin bundan sonrakı inkişafı təşkil edib”.
Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb. Bu istiqamətdə ölkələrimiz arasında heç bir fikir ayrılığı yoxdur. Hədəfimiz Türk dünyasının gücləndirilməsidir. Ölkə Prezidentinin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Sürətli və davamlı təmaslara ehtiyacın olduğunu xüsusi vurğulayan Prezidentimiz Zirvə görüşünün ildə bir dəfə keçirilməsinin kifayət etmədiyini bildirib. Həmin görüşdə nəqliyyat və iqlimlə bağlı müzakirələrin aparılacağı qeyd edilib. Çünki nəqliyyat sektoru Türk dünyasının birləşməsi üçün lazım olan əsas infrastrukturdur. Bu gün işğaldan azad edilən topparlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir sıra layihələr həyata keçirilməkdədir. Ölkə başçısı görüşdə bildirib ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksək vəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru