image-fb_img_1694177976018backend

Türk qızılbaşlara savaş açan Səfəvi Şahbanusu-Xeyrənsə bəyim

image-reklam_sirab_01

Osmanlı dövləti daxilində Sultanların xanımları və qızları arasında gedən saray çəkişmələri, taxt-tac və varis uğrunda mübarizə müasir Türk seriallarında açıq görünür. Seriallarda bizim gördüyümüz Osmanlı sarayında baş verənlər o dövrün ən güclü dövlətlərindən biri də Səfəvi-Qızılbaş dövründə də olub. Saray daxilində qadınların mübarizəsi qanlı nəticələr verib. Səfəvi dövrünün ən güclü xanımlarından biri də Şah Abbasın anası, Məhəmməd Xüdabəndənin xatunu Xeyrənsə bəyim olub. Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi adı ilə tarixə düşən xatun Həmzə ibn Musanın törəmələrindən olan Əli əl Mərəşə yetişən soy olan Mərəşi seyidlərindən idi.

Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər.
Səfəvi dövrünün hökmdar qadınları “Mehd-i Ülya”, yəni yüksək taxt kimi böyük məqam və səlahiyyətlərə sahib idilər. Mehd-i Ulya ləqəbinə sahib Xeyrənsə Bəyim (Heyrən-nisə) qərarlılığı və cəsarəti Səfəvi dövrünün əmir və əyanlarına güclü təsir etdiyindən Məhəmməd Xüdabəndə dövründə dövlətin əsas idarəçisinə çevrilmişdir.
Xeyrənsə Bəyim gənc yaşlarından Səfəvi sülaləsindən olan əksər ailələrə qarşı kin bəsləyirdi. Kinli olmasına da səbəb kiçik yaşlarında ailəsinin mirası uğrunda gedən intiriqalara şahid olması, xüsusilə də əmisi oğlu Mir Murad xanın atasının sərvətini ələ keçirməsi uğrunda əl atdığı metodlar idi. Ancaq 1566-cı ildə Şah Təhmasibin əmri ilə şahın böyük oğlu Məhəmmədlə evlənməsi Xeyrənsə xanımın bütün həyatını dəyişdirdi. Əvvəlcə atasının Mazandarandakı bütün mülklərinin miras haqqını ələ keçirdi, daha sonra da Məhəmmədin zəif xarakterli olmasından istifadə edərək yavaş-yavaş şahzadəlik işlərini öz nəzarəti altına aldı. Şah II İsmayılın öldürülməsi və Məhəmmədin taxta keçməsi ilə də demək olar ki, hakimiyyəti tam əlinə alan Xeyrənsə Bəyim yeri gəldiyində ordunun başında hərbi səfərlərdə də iştirak etmişdir. Əmir və əyanlar əri Məhəmməd Xüdabəndədən daha çox onun sözlərinə etibar və əməl edirdilər. Ərinin kor olması səbəbindən Osmanlı dövlətinə qarşı hərbi əməliyyatları Xeyrənsə Bəyim idarə etmiş, hətta 1578-ci ildə həm Özdəmiroğlu Osman Paşa başçılığındakı osmanlı ordularını, həm də şimaldan Azərbaycana soxulan Krım tatarlarınının hücumlarının qarşısını almışdır. Həmin hərbi əməlyyatlar zamanında Xeyrənsə Bəyim orduya oğlu Həmzə Mirzə ilə birlikdə başçılıq etmişdir.
Xudabəndənin güclü xarakterə malik olan arvadı Xeyrənsə Bəyim (Məhdi Ülya) hər vasitə ilə Pərixan xanıma qarşı çıxaraq onun hakimiyyət işlərinə qarışmasına qadağa qoydu. Məhdi Ülya şah hakimiyyətinin idarəsini tam olaraq əlində cəmləşdirərək bütün vacib dövlət məsələlərini özü həll edirdi. Xeyrənnisə “Şahbanu” az sonra “Nəvvabi-Naibəyi-Səfəviyyə” daha sonra isə “Ali divanın Vəkili” olur. İndiyənəcən nə şərqdə, nə də qərbdə bu rütbəyə bir anda heç bir qadın yiyələnməmişdi. Onun oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun”. O, vilayət hakimlərini özü təyin edir, xəzinəyə sərəncam verir, qoşuna əmrləri özü verirdi. Dövlətin xəzinəsi baş vəzirə tabe olsa da, onun əri Məhəmməd Xudabəndə əmr vermişdi ki, vəzirin təsdiq etdiyi şahın bütün fərmanlarının arxasına Məhdi Ülyanın möhürü vurulanda etibarlı hesab edilsin.
Şah Abbasın anası olan bu qadın hakimiyyətdə Səfəvilər dövlətinin hökmdarı I Təhmasibin qızı Pərixan xanımla ciddi mübarizə aparırdı. Nətcədə, iki tərəf arasında meydana gələn mübarizəni Pərixan xanım itirdi. Yenə də mübarizəsiz təslim olmamaq qərarına gələn Pərixan xanım Şamxal Soltana silahlı müqavimət göstərməsi haqqında adam toplamağı tapşırmışdı. Amma qızılbaş əmirlərinin Pərixan xanımı tərk edib, Qəzvinə daxil olan Məhəmməd Xüdabəndənin tərəfinə keçməsi hadisələrin gedişatını dəyişdirdi. 1578-ci ilin fevralın 17-də isə Pərixan xanım Məhəmməd Xüdabəndə və xüsusilə Xeyrənsə Bəyimin təkidləri ilə edam edildi. Bu vaxt onun 30 yaşında olduğu qeyd edilir. Pərixan Sultan özü bir neçə saat sonra bel bağladığı adamlardan, onu sevənlərdən biri olan Xəlil xan Əfşar tərəfindən Məhdi Ülyanın əmri ilə boğduruldu. II İsmayılın bir yaşlı oğlu Şahzadə Şücaəddin Məhəmməd də eyni gün öldürüldü. Beləliklə, Məhdi Ülya Sultan həm mərhum oğlu-Şahzadə Həsənin intiqamını aldı, həm də ona və ailəsinə təhdid olan adamları aradan götürdü və öz “hakimiyyətini” başlatdı.Oruc bəy Bayatın təsvirinə görə onun kəsilmiş başı Qəzvin şəhərinin qala qapısından asıldı və bütün sərvəti onu boğub, edam edən Xəlil Xan Əfşara verildi.
Onun özünü də eyni tale gözləyirdi. Hakimiyyəti dövründə qəddarlığı ilə seçilən Xeyrənsə bəyimdən gələn yüzlərlə şikayət məktubu onun həyatının sonun gətirdi. Məhdi Ülyanın qızılbaş əmirlərinə qarşı apardığı siyasət qızılbaş əmirlərinin narazılığına səbəb olmuşdu.
Qızılbaş əyanlarının sevmədiyi Xeyrənnisə bəyim, onlar tərəfindən sarayda girov saxlanılan Krım xanının qardaşı Adil Gəray ilə eşq məcarası yaşamaqda ittiham etdilər. Səbəb isə onların yerinə Xeyrənnisə Sultanın özü tərəfdən farsların dövlət işlərinə girməsi idi. Onun atasi qızılbaş əmirləri tərəfindən öldürüldüyünə görə o atasının intiqamını alırdı. Qızılbaş əmirlərini yüksək vəzifələrdən uzaqlaşdırıb əvəzində Mazandaran əmirlərini gətirirdi. Mazandaran hakimi Mirzə xanı aldadıb Qəzvinə gətirərək öldürtdü. Əsir alınmış Adili Girey də Məlikə ilə çəkişmələrin qurbanı oldu. Kaşan bəylərbəyi Türkman Məhəmməd vəzifədən çıxarılması ilə əlaqədar qızılbaş əmirlərinə müraciət etdi. Ona görə Türkman Məhəmməd xanın çağırışı ilə qızılbaş əmirləri şahın sarayına yığışdılar. Xeyrənsə bəyimi müdafiə edən əmir tapılmadı. Məhəmməd Xudabəndə vəziyyəti belə gördükdə Məhdi Ülyanı Mazandarana göndərməyi qərara aldı
Lakin, 1579-ci il iyulun 26-da əmirlər şahın bu qərarı ilə razılaşmadılar. Qızılbaş əmirləri hərəm otağına daxil olub Məhdi Ülyanı boğaraq öldürdülər.

Zaur Əliyev

dosent

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki