Prof. Dr. Toğrul İsmayıl
Son vaxtlar Türkiyənin bəzi media orqanlarında, sosial şəbəkələrdə və xüsusilə müəyyən liberal-intellektual dairələrdə Azərbaycana yönəlmiş tənqidlərin intensivləşməsi diqqət çəkir. İlk baxışda bu tənqidlər “ifadə azadlığı”, “demokratik həssaslıqlar” və ya “regional normallaşma” çərçivəsində təqdim edilsə də, məsələyə daha geniş geosiyasi nöqteyi-nəzərdən baxdıqda, bunun çox daha dərin bir arxa planı olduğu görünür.
Xüsusilə “Agos” qəzeti və ona yaxın dayanan bəzi dairələrin son dövrdə Azərbaycan əleyhinə ritorikanı daha qabarıq şəkildə ortaya qoyması təsadüfi deyil. Burada sadəcə erməni diasporunun psixoloji reflekslərindən danışmaq kifayət etməz. Eyni zamanda Türkiyə daxilində qlobalist-liberal xətt tərəfdarı olan və Türk Dünyası oxlu yeni geosiyasi açılımlardan narahatlıq duyan dairələrin də təsiri hiss olunur.
Əslində məsələ təkcə Azərbaycandan ibarət deyil. Müzakirələrin mərkəzində Türkiyənin son illərdə getdikcə daha müstəqil və çoxşaxəli xarakter alan xarici siyasət vizionu dayanır. Çünki Ankara ilə Bakı arasındakı münasibətlər artıq sadəcə “iki dövlət, bir millət” şüarı ilə izah olunacaq emosional və ya tarixi qardaşlıq səviyyəsini aşıb. Bu gün ortada təsisatlanmış (kurumsallaşmış), strateji hədəflərə əsaslanan və regional balanslara təsir edən real bir ittifaq var.
Bu transformasiyanın ən mühüm dönüş nöqtəsi isə şübhəsiz ki, Şuşa Bəyannaməsi olmuşdur. Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən faktiki olaraq müttəfiqlik mərhələsinə yüksəlib. Bu sənəd sadəcə rəmzi bir mətn deyil; hərbi əməkdaşlıqdan enerji təhlükəsizliyinə, nəqliyyat dəhlizlərindən xarici siyasətin uzlaşdırılmasına qədər geniş bir strateji çərçivə formalaşdırır.
Dolayısıyla, bu gün Ankara ilə Bakı arasındakı əlaqələr təkcə liderlərin yaxınlığına və ya cəmiyyətlərin qarşılıqlı rəğbətinə söykənmir. İki dövlətin təhlükəsizlik anlayışı, iqtisadi vizionu və regional hədəfləri getdikcə daha çox inteqrasiya edir. Bu vəziyyət isə təbii olaraq bəzi qlobal və regional oyunçuları narahat edir.
Xüsusilə Fransa başda olmaqla, bəzi Qərb dairələri üçün Türkiyə-Azərbaycan ittifaqı yeni Avrasiya geosiyasətinin xəbərçisi kimi qəbul edilir. Çünki bu ittifaq Cənubi Qafqazdakı köhnə balans sistemini dəyişdirib. Uzun illər boyu Qərbin region siyasəti böyük ölçüdə Ermənistan mərkəzli balans siyasəti üzərində qurulmuşdu. Lakin İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan yeni reallıq bu yanaşmanı ciddi şəkildə sarsıtdı.
Bu gün Türkiyə ilə Azərbaycan arasında inkişaf edən əməkdaşlıq təkcə hərbi xarakter daşımır. Orta Dəhliz layihələri, enerji xətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki inteqrasiya prosesləri və Mərkəzi Asiyaya uzanan strateji bağlar Ankara-Bakı xəttini qlobal geosiyasətin mühüm mərkəzlərindən birinə çevirir.
Məhz bu səbəbdən bəzi dairələr Türkiyə ilə Azərbaycan arasındakı yaxınlaşmanı “balansı pozan” bir amil kimi qələmə verməyə çalışırlar. Halbuki reallıq tamamilə fərqlidir. Cənubi Qafqazda uzun illər boyu qeyri-sabitlik yaradan əsas faktor işğal və həllsizlik idi. Azərbaycanın öz ərazi bütövlüyünü yenidən təmin etməsi və Türkiyənin buna verdiyi dəstək regionda yeni bir balans yaradıb.
Son vaxtlar gündəmə gələn Emmanuel Makronun Ermənistan-Türkiyə sərhədinə mümkün səfəri ətrafındakı müzakirələr də bu kontekstdə oxunmalıdır. Paris administrasiyası bir tərəfdən Ermənistan vasitəsilə regiondakı nüfuzunu artırmağa çalışarkən, digər tərəfdən Türkiyə-Azərbaycan koordinasiyasını zəiflədə biləcək siyasi platformalar formalaşdırmağa cəhd edir. Bununla belə, Ankaranın bu məsələdə son dərəcə təmkinli davranması və Bakı ilə strateji uzlaşmanı ön plana çəkməsi diqqətəlayiqdir.
Çünki Türkiyə artıq Cənubi Qafqaz siyasətini keçmiş dövrlərdə olduğu kimi, yalnız Qərb mərkəzli tənliklər üzərindən quraşdırmır. Ankara üçün Bakı ilə qurulan strateji ox sadəcə qardaşlıq məsələsi deyil, həm də milli təhlükəsizlik, enerji təchizatının təhlükəsizliyi, Türk dünyasının inteqrasiyası və Avrasiya geosiyasəti baxımından uzunmüddətli bir dövlət siyasətidir.
Bu səbəbdən Türkiyədə zaman-zaman boy göstərən Azərbaycan əleyhinə ritorikanı yalnız daxili siyasi çəkişmələr çərçivəsində qiymətləndirmək əskik olar. Burada eyni zamanda Türkiyənin yeni geosiyasi istiqamətinə qarşı ideoloji və strateji bir etiraz (müqavimət) mövcuddur.


























