Xəbər verdiyimiz kimi, Naxçıvanda 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu su kanalına düşərək həyatını itirib.
Məlumata görə, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıq nəticəsində su kanalına düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Azyaşlı sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.
Vətəninfo.az xəbər verir ki, azyaşlı Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Babək Qurbanovun və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Bayram Qurbanovun qardaşı oğlu idi.
Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.


























