image-10655_originalbackend

Türkiyə İkinci dünya müharibəsində NİYƏ İŞTİRAK etmədi? –  SENSASİON DETALLAR

image-reklam_sirab_01

İkinci dünya müharibəsi öncəsi həm Almaniya, həm İngiltərə və Fransa, həm də SSRİ Türkiyənin nəhəng strateji önəmini nəzərə alaraq öz tərəflərinə çəkmək istəyirdilər. Türkiyə hökuməti isə ölkənin hərbi və iqtisadi zəifliyini yaxşı bildiyindən müharibədə iştirak etmək istəmir, tərəflərin təkliflərindən öz mənafeyi üçün istifadə etməyə çalışırdı.

1938-ci ildə Türkiyə ordusu 174 min əsgərdən və 20 min komandir heyətindən ibarət idi. Ordunun hətta atıcı silahları belə dövrün tələblərinə cavab vermirdi və XIX əsrin son rübündə buraxılan modellərdən ibarət idi. Türklər ingilislərə müraciət edərək 150 min ədəd müasir atıcı silah almaq istədiklərini bildirirdilər. Belə vəziyyətdə zirehli texnikanın, artilleriyanın halını təsəvvür etmək çətin deyil.

Hərbi hava qüvvələrində 370 müxtəlif tipli təyyarə vardı. Bu təyyarələrin yalnız bir hissəsini az-çox müasir hesab etmək olardı. Şəxsi heyəti 8 min nəfərdən ibarət olan HHQ-də cəmi 450 pilot vardı. Onların da uçuş təcrübəsi çatmırdı. Almaniya Hərbi Hava Qüvvələrində müharibə ərəfəsində 373 min nəfər xidmət edirdi, savaş başladıqdan sonra isə onların sayı 880 minə çatdı.

Hərbi donanma isə Türkiyə silahlı qüvvələrinin ən zəif yeri idi. Flaqman gəmisi Birinci cahan savaşının əfsanəvi “Yavuz” (Göben) gəmisi idi ki, o da xeyli köhnəlmişdi. Digər azsaylı gəmilərdən isə danışmağa belə dəyməzdi. Donanmada cəmi 4800 nəfər xidmət edirdi. Müqayisə üçün göstərək ki, Almaniya donanması 1941-ci ildə 404 min nəfərdən ibarət idi.

Ən əsas gerilik isə ondan ibarət idi ki, Türkiyənin hərbi sənayesi demək olar ki, yox idi və ölkə tamamilə idxaldan asılı idi. İkinci dünya müharibəsində iştirak edən əsas ölkələrin hər birində istehsal olunan tankların və digər zirehli texnikanın, təyyarələrin, artilleriya qurğularının, avtomobillərin sayı onminlərlə, atıcı silahların sayı isə yüzminlərlə və hətta milyonlarla ölçülürdü. Məsələn, təkcə SSRİ-də 6 milyon ədəd PPŞ modelli avtomat silah istehsal olunmuşdu.

Türkiyə iqtıdarı böyük dövlətlərdən bu qədər kəskin geriliyi heç olmasa azaltmaq üçün müəyyən addımlar atırdı. 1938-ci ildə hava hücumundan müdafiəyə 7 milyon, zirehli texnikanın alınmasına isə 5 milyon funt sterlinq vəsait ayrıldı. May ayında ingilislərdən hərbi xərclər üçün 6 milyon funt kredit alındı. Ancaq Cəlal Bayarın Baş nazir olduğu hökumət 21 milyon funtluq kreditə ehtiyacı olduğunu düşünürdü.

Mustafa Kamal Atatürkün 1938-ci ilin noyabrında vəfatından sonra prezident seçilən İsmət İnönü ingilis və fransızların Türkiyə ilə əməkdaşlıqda maraqlı olmasından “Hatay sorunu”nun həllində istifadə etdi. Osmanlı imperiyasının keçmiş İskəndərun sancağının ərazisindən ibarət olan, Suriyanın da iddia etdiyi Hatay sülh dövrünün son aylarında, 1939-cu il iyunun 29-da dinc yolla Türkiyəyə birləşdirildi.

Almaniya isə Türkiyənin əsas ticarət partnyoru idi. Əgər 1932-ci ildə Türkiyə ixracının 13,5%-i, idxalının isə 23,3%-i Almaniyanın payına düşürdüsə, 1938-ci ildə bu rəqəmlər müvafiq olaraq 44% və 46% idi. Almaniyanın Türkiyədən aldığı mallar arasında strateji xammal olan xrom xüsusi yer tuturdu. Paslanmayan poladın vacib komponenti olan xrom hərbi texnikanın istehsalında istifadə edilirdi.

Türkiyə uğrunda mübarizədə SSRİ də passiv qalmırdı. Sovet İttifaqının ayırdığı kreditlə 1935-ci ildə Kayseridə, 1937-ci ildə isə Nazillidə tekstil fabrikləri tikildi. 1939-cu ilin aprelində SSRİ xarici işlər nazirinin birinci müavini Vladimir Potyomkinin Ankaraya səfəri ilə tərəflər arasında qarşılıqlı yardım barədə müqavilənin imzalanması yönündə danışıqlar başladı.

Amma tezliklə baş tutan sovet-alman yaxınlaşması Türkiyə ilə münasibətləri soyuqlaşdırdı. Rəsmi Ankara sovet-alman yaxınlaşmasının gizli şərtlərindən birinin Bosfor və Dardanell boğazlarının SSRİ-nin nəzarətinə keçməsi ola biləcəyindən narahat idi. Sentyabrın sonlarında Moskvaya səfər edən, Stalin və Molotovla da görüşən xarici işlər naziri Şükrü Saracoğlu geriyə əliboş döndü.

Moskva qarşılıqlı yardım haqqında müqaviləni Almaniya ilə münasibətlərini nəzərə almaqla imzalamağa razı idi. Başqa sözlə, əgər Almaniya Türkiyəyə hücum edərdisə, SSRİ yardım etməyəcəkdi. Bu isə Ankaranı qane etmirdi. Türklər zatən iki ölkənin mümkün təcavüzündən əndişə keçirirdilər: Almaniyanın və SSRİ-nin.

***

1939-cu ilin yayında mühüm hadisələr baş verdi. Avqustun 23-də imzalanan “Hücum etməmək haqqında” müqavilə ilə Almaniya və SSRİ dost dövlətə çevrildilər. Sentyabrın 1-də isə Almaniyanın Polşaya hücumu ilə İkinci dünya müharibəsi başladı.

Müharibənin ilk dövründə Türkiyə birmənalı surətdə ingilis-fransız müttəfiqlərinin yanında yer aldı. Sentyabr ayında Böyük Britaniya Türkiyəyə 25 milyon funt məbləğində hərbi kredit açmağa razılıq verdi. Oktyabrın 19-da Ankarada imzalanan müqavilə ilə ingilis-fransız-türk hərbi ittifaqı yarandı.

Müqavilənin şərtlərinə görə, əgər Türkiyə təcavüzə uğrayacaqdısa, müttəfiqlər onu müdafiə edəcəkdilər. Əgər tərəflərdən biri Aralıq dənizi hövzəsində müharibəyə cəlb olunardılarsa, digərləri ona kömək etməli idilər. Eləcə də, əgər Rumıniya və Yunanıstana verdikləri təminatdan dolayı İngiltərə və Fransa Balkanlarda savaşa girərdilərsə, Türkiyə də onların tərəfində çıxış etməli idi.

Müqavilənin xüsusi protokolunda qeyd olunurdu ki, bu müqavilə əsasında üzərinə götürdüyü öhdəliklər Türkiyəni SSRİ-yə qarşı hərbi konfliktə başlamağa məcbur edə bilməz. Çünki Türkiyə və SSRİ arasında 1925-ci ildə “Dostluq və bitərəflik haqqında” müqavilə imzalanmışdı və onun müddəti 1935-ci ildə 10 il uzadıldı.

Amma ingilis-fransız-türk ittifaqı reallıqda işləmədi. Müqaviləyə görə öhdəlik doğuran vəziyyət 1940-cı il iyunun 10-da, İtaliyanın Fransaya savaşa elan etməsilə yarandı. Bununla Fransa Aralıq dənizi hövzəsində hərbi əməliyyatlara cəlb olundu və Ankara müqaviləsinə görə, Türkiyə onun tərəfində çıxış etməli idi.

Ayasofya minbərində yerləşdirilən zenit pulemyotu
Ayasofya minbərində yerləşdirilən zenit pulemyotu

Amma iyunun 10-da fransızların vəziyyəti artıq fəlakətli idi. Bir ay öncə başlayan alman hücumu nəticəsində onlar sarsıdıcı məğlubiyyətlərə uğradılar. Vəziyyət o qədər ağır idi ki, ingilislər bütün texnikalarını Dünkerk limanında ataraq yalnız canlı qüvvələrini iyunun 4-də ölkələrinə təxliyyə etdilər. İyunun 14-də almanlar Parisi tutdular, səkkiz gün sonra isə Fransa təslim oldu. Belə bir vaxtda Türkiyənin savaşa qoşulması intihar aktı olardı.

Fransanın məğlubiyyətindən sonra Türkiyə qitədəki yeni status-kvonu, yəni almanların hegemon qüvvəyə çevrilməsini nəzərə almalı olur. Almaniyanın müttəfiqi İtaliya 1940-cı ilin oktyabrında Yunanıstana qarşı təcavüzə başlayanda Türkiyə yenə bitərəf qalmağa üstünlük verdi.

Bu dövrdə Böyük Britaniya Balkanlarda Yunanıstan, Türkiyə və Yuqoslaviyadan ibarət blokun formalaşmasına çalışırdı. Bu məqsədlə 1941-ci ilin yanvarında Ankarada türklərlə ingilislər arasında danışıqlar aparıldı. Ancaq türklər hazır olmadıqlarını əsas gətirərək savaşa qoşulmaqdan imtina etdilər.

Həmin il martın 25-də türk və sovet hökumətləri arasında bəyanat mübadiləsi baş verdi. Bildirilirdi ki, tərəflərdən biri üçüncü dövlətin təcavüzünə məruz qaldığı və öz ərazisinin müdafiəsi üçün müharibəyə qoşulmağa məcbur olduğu zaman aralarında mövcud olan hücum etməmək müqaviləsinə əsasən digər tərəfin bitərəfliyinə bel bağlaya bilər.

Almaniya da Türkiyə ilə münasibətlərə xüsusi önəm verirdi. Alman siyasi isteblişmentinin tanınmış üzvlərindən Frants fon Papenin 1939-cu ildən Ankarada səfir işləməsi buna sübutdur. 1941-ci il iyunun 18-də Türkiyə və Almaniya arasında hücum etməmək haqqında müqavilə imzalandı. Dörd gün sonra sovet-alman müharibəsi başladıqda Ankara bitərəf qalacağını bəyan etdi.

***

Türkiyə müharibəyə qoşulmasa da özünün müdafiə qabiliyyətini artırmaq zorunda idi. 1940-cı ilin yanvarında “Milli Koruma Kanunu” qəbul edildi. Bu qanuna görə hökumətə sabit qiymətlər tətbiq etmək, məhsulları icbari satın almaq, əhalini məcburi işlərə cəlb etmək və digər səlahiyyətlər verildi. Noyabrda ölkənin əsasən Avropa hissəsindəki 6 vilayətində (İstanbul, Ədirnə, Tekirdağ, Kırklareli, Çanaqqala, Kocaeli) hərbi vəziyyət olundu.

Müharibədən əvvəlki dövrlə müqayisədə ordunun sayı beş dəfə artırılaraq 1 milyon nəfərə çatıdrıldı. Bu da iqtisadiyyata təsirsiz ötüşmədi. Çünki orduya çağrılanlar iqtisadi cəhətdən fəal insanlar, ilk növbədə kəndlilər idi (1939-cu ildə Türkiyənin 17 milyon 821 min əhalisi vardı, onun da 13 milyon 275 mini (75,6%) kənddə yaşayırdı). Üstəlik, kəndlilər tez-tez müxtəlif işlərə cəlb olunurdular.

Nəticədə, əkin sahələri azaldı. 1940-cı ildə 8,2 milyon hektar torpaq əkilirdisə, 1945-ci ildə bu rəqəm 6,9 milyona düşdü. Təbiidir ki, məhsul da azaldı. 1945-ci ildə toplanan əkinçilik məhsullarının miqdarı 1938-ci illə müqayisədə 3 milyon ton az idi. Xarici ticarət ciddi zərər gördü. Savaş illərində idxalat 1 milyon ton, ixracat isə 1,8 milyon ton azaldı.

1940-1941-ci illərdə müharibənin Türkiyə ilə həmsərhəd ölkələrə sıçraması ilə ölkəyə sığınan əcnəbilərin sayı artdı. Bu səbəblərdən, eləcə də 1 milyonluq ordunu saxlamaq zərurətindən 1942-ci ilin əvvəllərindən çörək kartoçkaları tətbiq edildi. Hökumət kəndlilərin yetişdirdiyi məhsulun 35%-ni özünün təyin etdiyi qiymətlərlə icbari qaydada satın alırdı.

Mövcud şəraitdə qara bazar təşəkkül tapdı və çiçəkləndi. Burada qiymətlər hökumətin elan etdiklərindən xeyli yüksək idi. İnflyasiya türk lirəsini dəyərdən salırdı. Savaşdan öncə qiyməti 10,78 lirə olan Cümhuriyyət altını 1942-ci ildə 32 lirəyə idi. Reşat altını isə həmin illərdə 11,30 lirədən 33,23 lirəyə yüksəldi.

1942-ci ilin iyulundan Şükrü Saracoğlunun artıq Baş nazir olduğu hökumətin təklifilə parlament noyabrın 11-də “Varlıq vergisi” deyilən qanun qəbul etdi. Bu qanun Türkiyə cəmiyyətində İkinci dünya müharibəsi dövrünə aid hadisələr arasında indiyə qədər ən çox dartışılanlardandır.

Qanun dövlətin fövqəladə ehtiyaclarını nəzərə alaraq zəngin adamlardan birdəfəlik vergi alınmasını nəzərdə tuturdu. Verginin miqdarı qanunla tənzimlənmirdi, buna “Takdir komisyonları” qərar verəcəkdilər. Onların verdiyi qərardan heç bir yerə şikayət etmək olmazdı, kəsilən vergi 30 gün ərzində ödənilməli idi.

Varlıq vergisi haqqında qanunun mətnində nəzərdə tutulmasa da, tətbiqi zamanı əsasən qeyri-müsəlman azlıqlara qarşı yönəldi. Zatən Baş nazir bunu parlamentdə CHP-nin qapalı qrup toplantısında etiraf edirdi: ” Bu qanun eyni zamanda bir devrim qanunudur. Bizə iqtisadi müstəqilliyimizi qazandıracaq bir fürsət qarşısındayıq. Bazarımıza hakim olan yabancıları beləcə ortadan qaldıraraq, türk bazarını türklərin əlinə verəcəyik”. Belə mövqe, şübhəsiz ki, konstitusiyanın laiklik və vətəndaşların bərabərliyi barədə müddəalarına zidd idi.

Qeyri-müsəlman azlıqlardan bəziləri vergini ödəmək üçün ev əşyalarını, hətta evlərini satırdılar. İntihar hallarına belə rast gəlinirdi. Vergini ödəyə bilməyənlər ağır fiziki işlərə cəlb olunurdular. 1229 nəfər Ərzrumun Aşkale ilçəsinə qar təmizləməyə göndərildilər. Avqust ayında onlardan 900 nəfər Eskişehirin Sivrihisar ilçəsinə göndərildilər. Bu adamlardan ümumən 21 nəfər həyatını itirdi.

Varlıq vergisini ödəmək üçün ev əşyalarını satan qeyri-müsəlmanlar
Varlıq vergisini ödəmək üçün ev əşyalarını satan qeyri-müsəlmanlar

Qanunun tətbiqi Böyük Britaniyanın və ABŞ-ın ciddi tənqidinə məruz qaldı. “Nyu York Tayms” qəzetində bu haqda kəskin məqalə yazıldı. Bundan sonra Türkiyə hökuməti ilkin olaraq, təyin edilən, amma hələ alınmayan vergiləri sildi. 1943-cü ilin dekabrında sürgündəkilər geri döndü. Deyilənlərə görə, bu məsələ prezident İnönünün bir neçə gün öncə Qahirədə Ruzvelt və Çörçillə görüşündə razılaşdırılıb. 1944-cü ilin martında isə Varlıq vergisi ləğv olundu.

Varlıq vergisi sayəsində 314 milyon lirə həcmində vəsait toplandı, bunun da 280 milyonunu (89%) qeyri-müsəlmanlar ödədilər. Halbuki ölkə əhalisinin heç 2%-ni təşkil etmirdilər. Toplanan vəsait Türkiyənin 1942-ci ildəki büdcəsinin 80% qədər idi və indiki kursla hesablasaq, 4 milyard dollara bərabər olar.

Varlıq vergisinin qeyri-müsəlmanlara yaşatdıqları barədə 1990-cı illərdə yazıçı və siyasətçi Yılmaz Karakoyunlu “Salkım hanımın taneleri” adlı roman yazdı. 1999-cu ildə çəkilən eyni adlı film Türkiyənin millətçi kəsiminin etirazları ilə qarşılandı və yenidən Varlıq vergisi ətrafında mübahisələrə səbəb oldu.

2012-ci ildə sözügedən qanunun qəbulunun 70 illiyi münasibətilə Milliyət qəzetinə açıqlama verən Şabat Levi adlı yəhudi ailəsinin üç nəsil ərzində topladığı varidatın əllərindən alındığını söylədi. Bununla belə, o, Türkiyə hökumətini bağışladığını söylədi: “Əgər İnönü bizi Hitlerə versəydi, sabun olacaqdıq. Pulla həyat ölçülməz. İnönü sayəsində həyatda qaldıq və bunu unutmadım”.

***

***

1942-ci ilin payızında almanlar bir sıra ağır məğlubiyyətlərə uğradılar. Stalinqrad ətrafında hücuma keçən sovet qoşunları düşmənin 330 minlik qüvvəsini mühasirəyə aldılar. Nasist rəhbərliyinin mühasirəni yarmaq üçün göndərdiyi qüvvələr uğur qazana bilmədilər.

Şimali Afrikada isə Böyük Britaniya qüvvələri feldmarşal Rommelin komandanlıq etdiyi, alman və italyanlardan ibarət Afrika korpusunu İkinci əl-Əlameyn döyüşündə ağır məğlubiyyətə uğratdılar, iki həftə ərzində 850 km irəlilədilər. Bu döyüşlər zamanı ingilislər amerikalılarla birlikdə həm də “Torch” (Məşəl) əməliyyatını həyata keçirərək Mərakeş və Əlcəzair sahillərinə 100 mindən artıq canlı qüvvə və xeyli texnika çıxardı. Bu iki hadisədən sonra Şimali Afrikadakı əməliyyatların müttəfiqlərin xeyrinə bitəcəyinə şübhə yeri qalmadı.

14-24 yanvar 1943-cü il tarixində Mərakeşin (o vaxt Fransa imperiyasının) Kasablanka şəhərində Ruzvelt və Çörçillin görüşü oldu. Stalin də dəvətli idi, lakin Stalinqrad uğrunda döyüşlərin bitmədiyini əsas gətirərək iştirak etmədi. “Döyüşən Fransa”nın rəhbəri Şarl de Qoll da ikinci dərəcəli rolda konfransda iştirak edirdi.

Almaniya, İtaliya və Yaponiya ilə barışığı inkar edən “qeyd-şərtsiz təslim” fikrinin ilk dəfə səsləndirildiyi Kasablankada bir çox məsələlərlə yanaşı Türkiyə məsələsi də müzakirə olundu. Xüsusən Çörçill ümid edirdi ki, antihitler koalisiyasının uğurları türk hökumətini müharibəyə qoşulmağa həvəsləndirə bilər.

Sonralar öz memuarlarında yazırdı: “Türkiyəni qazanmaqla biz həlledici döyüşlərdə bir nəfəri, bir gəmini, bir təyyarəni itirmədən sualtı qayıqlar və eskadra gəmiləri vasitəsilə Qara dənizdə hökmran olardıq. Eləcə də sağ əlimizi Rusiyaya uzadaraq Arktikada və ya Fars körfəzində olduğundan daha az bədəl ödəməklə onun ordularına yardım edərdik”.

Digər mühüm qazanc isə, Almaniyanın əsas neft mənbəyi olan Rumıniya mədənlərini Türkiyədən qalxan təyyarələrlə bombalamaq imkanı olacaqdı. Nəhayət, gələcəkdə buradan keçərək Balkanlarda yeni bir cəbhə açmaq olardı. Buna görə də Çörçill Ruzveltin razılığı ilə Türkiyə prezidenti İsmət İnönü ilə görüşmək qərarına gəldi.

Görüş yeri olaraq ingilislər o zaman Britaniya imperiyasına daxil olan Kipri, türklər isə Ankaranı təklif etdilər. Nəhayət, Mersin vilayətinin Tarsus ilçesindəki Yenice adlı qatar stansiyasında görüşmək qərara alındı. Amma Çörçill təyyarə ilə Adanaya uçub oradan Yenicəyə gəldiyinə görə, ingilislər görüşü Adana konfransı adı ilə təqdim etdilər və tarixə də bu adla düşdü.

Yanvarın 30-31-də baş tutan danışıqlarda Çörçilli xarici işlər nazirinin müavini Aleksandr Kadoqandan savayı əsasən yüksək rütbəli hərbçilər müşayiət edirdilər. Türk nümayəndə heyətinə isə İnönüdən əlavə Baş nazir Şükrü Saracoğlu, xarici işlər naziri Numan Menemencioğlu, Baş qərargah rəisi Fevzi Çakmak daxil idilər.

Çörçill Türkiyənin 1943-cü ilin sonlarına qədər müharibəyə qoşulmasını istədi. Türklər isə hərbi qüvvələrinin zəif olmasını, xüsusən İstanbulun hava müdafiəsini təmin edə bilməmələrini söyləyirdilər. İngilislər müharibəyə qoşulacaqları təqdirdə türklərə silah və sursatla kömək edəcəklərini, ölkənin müdafiəsi üçün buraya qoşun göndərəcəklərini vəd etdilər.

Çörçillin yazdığına görə, Türkiyənin xarici işlər naziri Şükrü Saracoğlunun sovet təhdidindən çəkindiyini, müharibədən sonra bir çox Avropa ölkələrinin bolşevikləşəcəyini söyləyir. Aralarında baş verən dialoqun təsvirini əsas götürsək, Saracoğlunun Çörçilldən daha uzaqgörən olduğu ortaya çıxır.

Adana görüşünün nəticələrinə görə, Türkiyə bir gün müharibəyə qoşulacağını istisna etmirdi. Lakin bunun üçün əvvəlcə ehtiyacı olan qədər silahlanmalı idi. İngilislər də onları silahlandırmağa söz verdilər. Beləcə, Türkiyə üzərinə konkret öhdəlik götürmədən ingilislərdən hərbi və maliyyə yardımı təminatı aldı. Amma öncədən deyək ki, ingilislər də vədlərinə tam əməl etmədilər.

***

1943-cü il İkinci dünya müharibəsinin gedişində əsaslı dönüş ili oldu. Əvvəlcə Stalinqrad mühasirəsində sağ qalan 92 minlik alman qüvvələri təslim oldular. Almanların Qafqazı keçib Bakı neft mədənlərini ələ keçirmək cəhdi uğursuzluqla nəticələndi. Yaydakı Kursk döyüşündə yenə sovetlər qələbə çaldı.

Stalinqraddan bir neçə gün sonra Sakit Okean teatrında 6 ay davam edən Quadalkanal döyüşü amerikalıların yaponlar üzərində qələbəsilə yekunlaşdı. Şimali Afrikadakı alman-italyan qüvvələri mayın ortalarında təslim oldular, müttəfiqlər 250 min əsir götürdülər.

İyulun 9-da amerikan-ingilis qüvvələri Şimali Afrikadan hərəkət edərək İtaliyanın Siciliya adasına qoşun çıxardılar. Bu hadisə ölkənin 21 illik diktatoru Mussolininin hakimiyyətini sarsıtdı. Ayın sonunda duçe devrildi. Sentyabrın 3-də müttəfiqlər İtaliyanın özünə qoşun çıxardılar. Ayın 8-də isə yeni hökumətin başçısı marşal Badalyo İtaliyanın müharibədən çıxdığını elan etdi. Buna cavab olaraq, almanlar Roma da daxil olmaqla ölkənin mərkəzini və şimalını işğal etdilər. Cənub isə müttəfiqlərin əlində qaldı.

Belə qələbələr fonunda (doğrudur, arada Rodos əməliyyatı kimi uğursuzluqlar da vardı) oktyabrın 19-30-da Moskvada ABŞ, Böyük Britaniya və SSRİ-nin xarici işlər nazirlərinin iştirakı ilə konfrans keçirildi. Burada da müzakirə olunan məsələlərdən biri Türkiyənin müharibəyə qoşulması idi. Bu məsələdə sovet tərəfi xüsusilə israr edirdi. Molotov türkləri təlqin deyil, məcbur etməyi təklif edir, onların savaşa qoşulacağı təqdirdə almanların sovet cəbhəsindən 15 diviziya çəkməli olacaqlarını söyləyirdi.

Britaniyanın xarici işlər naziri Entoni İden Moskvadan Qahirəyə uçaraq noyabrın 5-6-da türk həmkarı Numan Menemencioğlu ilə görüşdü. O, Türkiyənin müharibəyə qoşulacağı təqdirdə qazanacaqları ilə bağlı xeyli vədlər verdi, əks halda Britaniyanın hərbi yardımı dayandıracağını bildirdi.

Menemencioğlu isə “Təklifiniz Türkiyəni xərcləməkdir. Həm də sırf rusları məmnun etmək üçün xərcləməkdir. Ordumuzun hücum qabiliyyəti olmadığı və bunun səbəbinin də Adana vədlərininin yerinə yetirilməməsi olduğu ortadaykən, üstümüzə alman qüvvələrini cəlb etmək müdafiə məqsədli ola bilməz, ancaq bizə faktiki hücum ola bilər. Çatalca xəttimiz dayanmasa, almanlar İstanbulu, boğazları ələ keçirsələr, bunun sizə nə faydası ola bilər? Son qələbənimi gözləyəcəyik? “Ruslar almanları məğlub etsinlər və gəlib İstanbulu qurtarsınlar” ümidinəmi qalacağıq? O zaman ruslar İstanbulu mənim üçünmü qurtarırlar?”, – deyərək qəti surətdə imtina etdi.

***

Türkiyə qanunlarına görə, xaricdə yaşayan vətəndaşlar hər beş ildən bir Türkiyənin diplomatik nümayəndəliyində qeydiyyatdan keçməli idilər, əks halda vətəndaşlıqları ləğv olunmuş sayılacaqdı. Avropada yaşayan Türkiyə kökənli yəhudilərin əksəriyyəti bu tələbə əməl etməmişdilər və indi vətəndaş sayılmırdılar. Buna baxmayaraq, türk diplomatlar bir çox ölkələrdə onları soyqırımdan xilas etməyə çalışdılar.

Behiç Erkin İkinci dünya müharibəsi ərəfəsində Parisə səfir təyin edildi. Fransanın almanlar tərəfindən işğalından sonra buradakı yəhudilər, o cümlədən Türkiyə kökənli yəhudilər hüquqsuz vəziyyətə düşdülər. “Yəhudi məsələsinin qəti həlli”, yəni soyqırım başladıqda isə onların üzərini ölüm təhlükəsi aldı.

Bu zaman Behiç Erkin almanlarla əlaqə yaradaraq Türkiyə qanunlarına görə, dinindən və irqindən asılı olmayaraq bütün vətəndaşların bərabər olduğunu və Türkiyə vətəndaşı olan (əslində bu vətəndaşlığı çoxları itirmişdi) yəhudilərin ölüm düşərgələrinə göndərilməsini öz ölkəsinə qarşı düşmənçilik kimi qiymətləndirəcəyini söyləyir. Belə olduqda, almanlar həmin yəhudiləri Türkiyəyə repatriasiya etməyi tələb edirlər. Bu xeyli çətin məsələ idi, çünki Fransa ilə dəniz yolu təhlükəli idi, dəmiryolu isə bir neçə ölkənin ərazisindən keçirdi və onların da bəzilərinin – məsələn, Xorvatiyanın – yəhudilərə münasibəti almanlarınkından elə də fərqlənmirdi.

Bununla belə, 1943-1944-cü illərdə bir neçə eşalon təşkil etmək mümkün oldu ki, nəticədə 2 min yəhudinin xilas edildiyi təxmin olunur. Digər yəhudilər İtaliya işğalı altındakı Fransa ərazilərinə yerləşdirildilər; burada münasibət daha yumşaq idi. İtaliya müharibədən çıxdıqda və həmin əraziləri almanlar tutduqda isə onlar İspaniyaya və ya Şimali Afrikaya köçdülər.

Necdet Kent Türkiyənin Marseldəki Baş konsulluğunda vitse-konsul vəzifəsini tuturdu. 1943-cü ildə Türkiyə kökənli 80 yəhudinin ölüm düşərgəsinə göndərilmək üçün vaqonlara doldurulduğunu eşidəndə stansiyaya yollanır. Buradakı zabitdən öz vətəndaşlarını azad etmək istəyi nəticəsiz qaldıqda, Kent özü də bir əməkdaşı ilə birlikdə vaqona minir və qatar hərəkətə başlayır. Növbəti stansiyada almanlar Necdet Kentdən vaqonu tərk etməsini xahiş edirlər və onu Marselə qaytarmaq üçün maşın gözlədiyini bildirirlər. Amma diplomat öz vətəndaşları olmadan qatardan düşməyəcəyini söyləyir. Çarəsiz qalan almanlar 80 nəfəri azad edirlər.

Sonralar Kent xatirələrində yazırdı: “Qurtardığımız insanların boyunlarımıza və qollarımıza sarılmalarını, gözlərindəki minnətdarlığı, səhərə yaxın yatağıma uzanarkən hiss etdiyi daxili rahatlığı unutmaram”. O, bundan sonra da Marseldə yəhudilərə, hətta Türkiyə kökənli olmayanlara belə, müvafiq sənədlər verərək xilas olmalarına kömək edib.

1911-ci ildə baş verən Osmanlı-İtaliya müharibəsinin nəticələrinə görə Rodos adası İtaliyanın nəzarətinə keçdi. İtalyanlar 1943-cü ildə müharibədən çıxdığını elan etdikdə, ada almanlar tərəfindən işğal olundu. 1944-cü il iyulun 19-da adadakı bütün yəhudilərə toplanmaları əmr edildi. Onlar Auşvits ölüm düşərgəsinə göndəriləcəkdilər.

Türkiyənin Rodosdakı Baş konsulu Selahettin Ülkümen adadakı alman qüvvələrinin komandanı Ulrix Klemanla ünsiyyətə keçərək Türkiyə kökənli 42 yəhudinin azad olunmasını istədi. Kleman bununla dərhal razılaşmadı. Yalnız konsulun dövlətlərarası skandalla hədələməsindən sonra həmin yəhudilər azad olundular. Digər 1700 yəhudi isə Auşvitsə göndərildi.

Almanlar belə prinsipial mövqeyi Ülkümenə bağışlamadılar. Müharibənin son aylarında Türkiyə Almaniyaya savaş elan edən kimi Rodosdakı konsulluq bombardmana məruz qaldı, iki əməkdaş həlak oldu. Ülkümenin hamilə arvadı Mihrinnisa xanım ağır yaralandı, bir oğlan uşağı doğandan sonra vəfat etdi. Selahettin bəyin özünü isə almanlar müharibənin sonuna qədər Yunanıstanın Pirey şəhərində nəzarət altında saxladılar.

1989-cu ildə İsrailin fəlakət və qəhrəmanlıq institutu tərəfindən Selahettin Ülkümene Dünya ədalətlisi (bu titulun Azərbaycan dilində qarşılığı mübahisəlidir: türklər “dürüst”, ingilislər “righteous”, ruslar “праведник” deyirlər) adı verdilər. Türk diplomat bu ada layiq görülən ilk müsəlman oldu. Bundan əlavə, həm Selahettin Ülkümen, həm də Necdet Kent Türkiyə hökuməti tərəfindən “Üstün hizmet madalyası”na layiq görüldülər.

Tarixçi professor Stenford C. Şounun iddiasına görə, İkinci dünya müharibəsi illərində türk diplomatlar Fransada 15 min yəhudinin həyatda qalmasına yardım ediblər. Bundan əlavə, almanların işğal etdiyi qonşu Avropa ölkələrindən 100 minə qədər yəhudi Türkiyədə sığınacaq tapdı. Bu insanların böyük əksəriyyəti İstanbulda fəaliyyət göstərən Yəhudi agentliyi vasitəsilə Fələstinə köçürüldü.

***

Böyük üçlüyün (Çörçill, Ruzvelt və Stalin) Tehranda keçirilən (28 noyabr – 1 dekabr) konfransında Türkiyənin müharibəyə cəlb olunması məsələsi bir daha müzakirə olundu. Maraqlıdır ki, bu dəfə Çörçill daha çox canfəşanlıq edirdi. Səbəb isə Türkiyə vasitəsilə Balkanlara sovetlərdən daha tez müdaxilə istəyi idi.

Bir ay öncəki Moskva konfransında Molotovun mövqeyindən fərqli olaraq, Stalin bu məsələdə elə də israrçı olmadı. Sovet lideri öz müttəfiqlərinin Fransada ikinci cəbhə açmalarında (“Overlord” əməliyyatı”) daha maraqlı idi. O, hesab edirdi ki, Türkiyə savaşa qoşularsa, ingilislər onun müdafiəsinə qoşun ayırmalı olacaqlar. Bu qoşunları isə “Overlord”da istifadə etmək daha səmərəli olardı.

Ruzveltin də mövqeyi maraqlı idi. ABŞ prezidenti bildirirdi ki, əlbəttə, türklərin savaşa qoşulmasını istəyir, amma özü Türkiyə prezidenti olsaydı, vəd olunan yardımın və silahın əksər hissəsini almadan müharibəyə başlamazdı.

Bununla belə, Ruzvelt və Çörçill dekabrın 4-6-da Qahirədə İsmət İnönü ilə görüşdülər. Türkiyə prezidenti yenə də ölkəsinin savaşa hazır olmadığını, bunun səbəblərindən birinin də Çörçillin Adanada verdiyi vədlərin tam yerinə yetirilməməsi olduğunu bildirdi.

Ruzvelt, İnönü və Çörçill Qahirə konfransında
Ruzvelt, İnönü və Çörçill Qahirə konfransında

ABŞ prezidenti bu məsələ ilə bağlı tərəddüd keçirir, zəif Türkiyənin köməkdən çox yük ola biləcəyindən ehtiyat edirdi. Çörçill isə yenə də xeyli nikbin idi. Amma İnönü ölkəsinin 1911-1922-ci illərdə fasiləsiz olaraq 11 il apardığı savaşlardan (İtaliya ilə müharibə, iki Balkan müharibəsi, Birinci dünya müharibəsi və Qurtuluş savaşı) hələ dirçəlmədiyini söylədi. Sonda Çörçill də Türkiyənin bitərəfliyi ilə barışmalı oldu.

Türklərin savaşa qoşulmayacağı dəqiqləşdikdə ingilislər və amerikalılar 1944-cü ilin aprelində onlara hərbi yardımı dayandırdılar. Elə həmin ayda müttəfiqlərin qəti tələbi əsasında Türkiyə Almaniyaya xrom satışını dayandırdı.

İyunun 6-da Fransanın Normandiya əyalətinə ingilis-amerikan qüvvələrinin çıxarılması ilə ikinci cəbhə açıldı. İyulun sonlarında “Kobra” əməliyyatı nəticəsində alman cəbhəsi yarıldı, şimal-qərbi Fransada xeyli ərazilər azad olundu. Almanlar şərq cəbhəsində də sovet qoşunlarınn “Baqration” əməliyyatı nəticəsində ağır məğlubiyyətlərə uğradılar. Bu hadisələr Ankaranın mövqeyinə təsir etdi. Avqustun 2-də Almaniya ilə diplomatik və iqtisadi əlaqələr kəsildi.

Böyük üçlüyün Yalta konfransında (4-11 fevral 1945-ci il) belə bir qərar verildi ki, yalnız martın 1-ə kimi Almaniyaya müharibə elan edən dövlətlər savaşdan sonra yaradılacaq Birləşmiş Millətlər Təşkilatının üzvü ola biləcəklər. Bu haqda xəbərdar edilən Türkiyə hökuməti fevralın 23-də Almaniyaya müharibə elan etdi, amma heç bir hərbi əməliyyata qoşulmadı.

***

Müharibə bitdikdən sonra SSRİ Türkiyəyə qarşı bəzi iddialar irəli sürdü. Bunlardan biri Qars və Ərdəhanın “qaytarılması”, digəri isə Qara dəniz boğazlarına birgə nəzarət üçün burada sovet hərbi bazasının yaradılması idi. Bu iddiaları əsaslandırmaq üçün sovet rəsmiləri və onların ardınca tarixçilər Türkiyənin müharibə illərində yürütdüyü siyasəti təftiş etməyə başladılar.

Stalinin ölümündən sonra bu iddialardan vaz keçilsə də, tarixşünaslıqdakı münasibət dəyişmədi. Belə yanaşma nəinki SSRİ dağılana qədər davam etdi, hətta indinin özündə belə mövcuddur. İddiaların özü barədə yazmağı növbəti məqaləyə saxlayaraq, Türkiyənin yürütdüyü siyasətə ünvanlanan ittihamların nə qədər əsaslı olduğunu nəzərdən keçirək.

İttihamlardan biri ondan ibarətdir ki, 1940-cı ildə İtaliya Fransaya qarşı müharibəyə başlayanda, Türkiyə 1939-cu ilin oktyabrında imzalanan ingilis-fransız-türk müqaviləsindən yaranan öhdəliyi yerinə yetirmədi və İtaliyaya müharibə elan etmədi. Halbuki həmin vaxt nəinki ingilislər Fransanın müdafiəsindən vaz keçmişdilər, hətta fransızlar özləri də artıq müdafiə olunmurdular.

Şükrü Saracoğlunun 1939-cu ilin sentyabrında Moskva səfəri zamanı onunla görüşən Stalin ingilis və fransızlarla müqavilə bağlamamağı israrla məsləhət görürdü. Savaşdan sonra isə sovetlər Türkiyəni həmin müqavilədən doğan öhdəlikləri yerinə yetirməməkdə suçlayırdılar.

Bununla bağlı daha bir maraqlı cəhət isə odur ki, Fransa üzərində qələbə zamanı Almaniyanın Moskvadakı səfiri olan fon Şulenburqun Berlinə göndərdiyi məlumatda sovet hökumətinin başçısı Molotovun alman hökumətini təbrik etdiyini xəbər verirdi. Bundan beş il sonra Türkiyəni Fransaya kömək etməməkdə qınamaq çox riyakar addım idi.

Başqa bir ittiham Türkiyənin 1941-ci ilin iyunun 18-də Almaniya ilə “Dostluq və hücum etməmək haqqında” müqavilə imzalaması ilə bağlıdır. SSRİ-də 1948-ci ildə çap olunan “Diplomatik lüğət”də yazılırdı: “Müqavilə Almaniyanın SSRİ-yə hücumunu asanlaşdırdı”. Tarixçi A.Noviçev 1965-ci ilə çap olunan “Türkiyə (qısa tarixi)” adlı əsərində “Bu müqavilə Almaniyanın SSRİ-yə xaincəsinə hücumuna – hansı ki, Türkiyə hökuməti üçün sirr deyildi – dörd gün qalarkən imzalandı”. Başqa nümunələr də göstərmək olar.

Öncə Noviçevə qısa cavab verək ki, Almaniyanın SSRİ-yə hücumu belə aşkar məsələ olsaydı, sovet rəhbərliyi də xəbər tutardı və qəfil yaxalanmazdı. Digər tərəfdən, Türkiyə sözügedən sənədə imza atarkən, SSRİ-nin Almaniya ilə analoji müqaviləsi vardı. Niyə SSRİ nasistlərlə müqavilə imzalaya bilər, Türkiyə yox? Özü də SSRİ-nin Almaniya ilə müqaviləsi üçüncü dövlətin – Polşanın əleyhinə yönəlmişdisə, Türkiyəninki həqiqətən bitərəflik müqaviləsi idi. Hələ onu demirəm ki, SSRİ Almaniya ilə Polşanın ərazisini bölüşdürərkən, 1932-ci ildə imzalanan “Hücum etməmək haqqında” sovet-Polşa müqaviləsi qüvvədə idi.

Almaniya ilə “Döstluq və hücum etməmək haqqında” müqavilə imzalanarkən Türkiyənin Avropada həmsərhəd olduğu hər iki dövlətdə – Yunanıstanda və Bolqarıstanda vermaxt qüvvələri var idi: Yunanıstan işğal olundu, Bolqarıstan isə özü razılıq verdi. Almanların bir gün Türkiyə ərazisinə girərək buradan Yaxın Şərqdəki neft mənbələrinə və Süveyş kanalına doğru irəliləyəcəyi ehtimalı kifayət qədər yüksək idi. Belə olan halda həmin müqavilənin imzalanması türklər üçün yeganə çıxış yolu idi.

Başqa bir iddiaya görə, almanların Stalinqrad döyüşündə qalib gəldikləri halda Türkiyə guya SSRİ ərazisinə müdaxiləyə başlayacaqdı. Heş bir dəlilə, sübuta əsaslanmayan bu ittihamı onilliklər boyu sovet və rus tarixçiləri təkrar-təkrar səsləndiriblər. Halbuki hərb sənəti ilə səthi tanış olan adamlar da bilirlər ki, savaşa elə-belə başlamırlar, öncə hərbi əməliyyatların planı hazırlanır. Türkiyə Baş qərargahının SSRİ-yə qarşı müharibəyə başlamaq planı hazırlamasının, türklərin almanlarla belə bir razılığa gəlmələrinin heç bir sübutu yoxdur.

Nəhayət, bir ittiham da almanlara satılan və hərbi texnika istehsalında istifadə olunan xromla bağlıdır. Xarici ticarət bir çox hallarda azad surətdə həyata keçirilmir, geosiyasi amillər nəzər alınır. İstanbuldan 300 km-dən az məsafədə – Yunanıstanda və Bolqarıstanda qoşun hissələri saxlayan bir yırtıcıya ürəyin istəyəndə “sənə xrom satmıram” demək çox riskli olardı.

Zənnimcə, İkinci dünya müharibəsi zamanı Türkiyənin savaşa qoşulmaması yeganə düzgün siyasət idi və alternativi yox idi. Üstəlik, İnönü hökuməti bunu qüsursuz şəkildə həyata keçirdi.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki