Məlum olduğu kimi, bir suriyalı əxlaqsızın azyaşlı suriyalı uşağa qarşı ictimai tualetdə etdiyi qeyri-əxlaqi davranışın görüntülərinin Kayseridə sürətlə telefonlara göndərilməsi ilə şəhərdə bu ölkədən olan qaçqınlara qarşı etiraz aksiyası başladı. Eyni hadisə Konya, Hatay, Diyarbəkir və digər şəhərlərdə də təkrarlandı.
Tam da bu ərəfədə Suriyanın Türkiyənin kontrol etdiyi bölgədə türklərə qarşı yerli əhalinin aksiyaları və türk TIR-larına və qərargahına hücum edildi, Türkiyə bayraqları yandırıldı.
Bu hadisəni Kayseridə baş verənlərə cavab olaraq oxusaq, yalnış olar. Əslində, Kayseridə onsuz da suriyalılardan narazı olan toplumun qızışdırılması da, Suriyanın Azez bölgəsində yaşananlar da bir oyunun parçasıdır.
Çünki Türkiyə Suriya ilə münasibətlər pozulandan bəri ilk dəfə Bəşər Əsədlə danışıqlara isti yanaşır. Misirdən sonra Suriya ilə də əlaqələri normallaşdırmaq, gec də olsa, Əhməd Davudoğlunun Türkiyə üçün yaratdığı problemlərdən qurtulmaq istəyir.
Bunun bariz nümunəsi olaraq, ötən həftə El-Babı Hələbə bağlayan yolun üzərində olan Əbi əl-Səndin qapısı logistika və ticarət üçün qapı açıldı. Bu qapının açılması 2011-ci ildən bəri ilk dəfə Türkiyə-Suriya əlaqələrinin yaranmasından xəbər verir. Ayrıca, keçən həftə hər iki ölkə başçısı görüşəcəklərinə dair müsbət mesajlar veriblər.
Ancaq Rusiyanın da isti yanaşdığı Türkiyə-Suriya əlaqələrinin yenidən qurulması bölgədəki digər güclərin maraqlarına uyğun deyil. Xüsusilə, İraqdan sonra Suriyada da süni kürd dövləti qurmaq istəyən ABŞ və gizli ortağı İran Əsəd rejimi ilə Türkiyənin dialoqundan narahatdır.
Suriyanın Afrin, əl-Bab, Azez, Cerablus, Cinderes, Rajo, Tel-Abyad və Rəsulayn kimi şəhərləri də daxil olmaqla 8.835 km ərazisinə nəzarət edən Türkiyənin bölgədəki tərəfdaşı olan Azad Suriya Ordusu (ASO) da Əsəd rejimi ilə münasibətlərin qurulmasından narazılar arasındadır. Hər nə qədər ASO rəhbərliyi Türkiyənin yanında olduğunu elan etsə də, Azezdə türk ordusuna və sürücülərə atəş açanların bəzi ASO üzvləri olması təsdiqlənib. Ancaq ümumilikdə Azad Suriya Ordusu Türkiyə tərəfində olduğunu iğtişaşçılara qarşı silahdan istifadə edərək göstərdi.
Yəni Suriyada baş verənlərin əsas səbəbi PYD-PKK “dövləti”nin yaranmasını istəyənlərin Türkiyənin bu siyasi manevrlərindən rahatsız olub, ortalığı qarışdırma cəhdləridir. Bu səbəbdən də hər iki ölkədə provokasiyalarla bu görüşlərin davam etməməsinə çalışırlar. Çünki Əsəd rejimi ilə görüşlərin bölgədəki qondarma dövlətlərin yaranmadan tarixin zibilliyinə gedəcəyinin xəbərçisidir. Bu səbəbdən də bölgədə yaşananların sonuc deyil, başlanğıc olma ehtimalı daha böyükdür.
Qısacası, Türkiyə Qərbin planlarını növbəti dəfə pozmaqdadır. Bu səbəbdən də bölgədə hərarətim daha da artacağı gözləniləndir…
Aqil Ələsgər