2026-cı il iyunun 14-də ABŞ Prezidenti Donald Tramp 80 yaşını tamamladı. Müasir dünya siyasətinin ən mübahisəli, ən çox müzakirə olunan və eyni zamanda, ən təsirli simalarından biri hesab edilən Trampın həyatı uğurlar, iflaslar, qalmaqallar, siyasi qələbələr və gözlənilməz dönüşlərlə zəngindir.

Onun həyat yolu klassik ABŞ hekayəsini xatırlatsa da, Tramp fenomeni adi uğur tarixindən qat-qat mürəkkəbdir. O, bir vaxtlar tikinti maqnatı, televiziya ulduzu, daha sonra ABŞ-ın 45-ci və 47-ci prezidenti kimi tarixə düşüb. Tramp həm biznes, həm də siyasət sahəsində milyonlarla insanın rəğbətini qazansa da, eyni zamanda, milyonlarla insanın sərt tənqid hədəfinə çevrilib. Bir sözlə o, Nyu-Yorkun zəngin ailəsindən Ağ Evə yollanıb…
Donald Con Tramp 14 iyun 1946-cı ildə Nyu-Yorkun Kuins rayonunda anadan olub. Atası Fred Tramp şəhərin tanınmış tikinti sahibkarlarından biri idi. Gənc Donald əvvəlcə Nyu-York Hərbi Akademiyasında, daha sonra Fordham Universitetində təhsil alıb və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.
1970-ci illərin əvvəllərində atasının biznesinə rəhbərlik etməyə başlayan Tramp şirkətin fəaliyyətini Nyu-Yorkun elit daşınmaz əmlak bazarına yönəltdi. Qısa müddətdə onun adı göydələnlər, lüks otellər və iri tikinti layihələri ilə assosiasiya olunmağa başladı. Trampın biznes karyerası yalnız uğurlardan ibarət olmayıb. 1980-ci illərdə sürətlə böyüyən imperiyası 1990-cı illərin əvvəllərində ciddi maliyyə böhranı ilə üzləşdi. Atlantik-Sitidəki kazinolar və digər layihələr böyük borclar yaratdı. Onun müxtəlif şirkətləri 1991-2009-cu illər arasında bir neçə dəfə müflisləşmə prosedurundan keçdi. Şəxsi müflis elan edilməsə də, biznes imperiyası faktiki olaraq dağılmaq təhlükəsi ilə üzləşmişdi. Lakin Tramp borcları restrukturizasiya etməyi, investorları inandırmağı və yenidən bazara qayıtmağı bacardı. Bu səbəbdən onun tərəfdarları Trampı “iki dəfə küldən doğulan adam” adlandırırlar. Eyni zamanda, bir vaxtlar televiya ulduzu da adlandırılıb.
2000-ci illərdə Tramp biznes dünyasından kənarda da populyarlıq qazandı. Xüsusilə “The Apprentice” televiziya şousu onu ABŞ-ın ən tanınmış simalarından birinə çevirdi. Milyonlarla tamaşaçı onun məşhur “Siz işdən çıxarıldınız” ifadəsini əzbərləmişdi. Bu televiziya uğuru Trampın siyasi karyerasının da əsasını qoydu. Tramp üç dəfə evlənib. İlk həyat yoldaşı İvana Trampla nikahından Donald Jr., İvanka və Erik dünyaya gəlib. Daha sonra Marla Mapleslə evlənib və bu nikahdan Tiffani Tramp doğulub. 2005-ci ildən etibarən isə Melaniya Trampla evlidir. Bu nikahdan Barron Tramp dünyaya gəlib. Hazırda Tramp böyük ailənin başçısı və çoxsaylı nəvələrin babasıdır.
Trampın siyasətə gəlişi də gözlənilməz olub. 2015-ci ildə prezidentliyə namizədliyini açıqlayanda bir çox ekspertlər onun şanslarını ciddi qiymətləndirmirdi. Lakin Tramp qısa müddətdə Respublikaçılar Partiyasını tamamilə dəyişdirdi.
“Amerikanı yenidən böyük edək” şüarı ilə milyonlarla seçicinin dəstəyini qazanan Tramp 2016-cı ildə Hillari Klintonu məğlub edərək ABŞ prezidenti seçildi. Daha sonra 2020-ci ildə seçkiləri uduzsa da, 2024-cü ildə yenidən Ağ Evə qayıtmağa nail oldu və ABŞ tarixində fasilə ilə iki dəfə prezident seçilən nadir siyasətçilərdən birinə çevrildi.
O, ABŞ üçün nə edib?
Trampın tərəfdarları onun prezidentliyi dövründə ABŞ iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirirlər. 2017-ci ildə həyata keçirilən böyük vergi islahatları biznes mühitini canlandırdı. İşsizlik səviyyəsi uzun müddət rekord aşağı həddə düşdü, fond bazarları yüksəldi və istehsal sektoruna əlavə investisiyalar cəlb olundu. Digər tərəfdən, tənqidçilər hesab edirlər ki, bu inkişafın bir hissəsi əvvəlki dövrlərdən miras qalmış iqtisadi proseslərin nəticəsi idi. Onlar həmçinin Trampın sərt immiqrasiya siyasətini, beynəlxalq təşkilatlarla münasibətlərini və cəmiyyətdə siyasi qütbləşməni dərinləşdirdiyini vurğulayırlar.

Trampın siyasi fenomenə çevrilməsində onun qeyri-standart çıxışlarının böyük rolu olub. O, tez-tez diplomatik protokoldan kənar bəyanatlar verir, sosial şəbəkələrdə emosional paylaşımlar edir və siyasi rəqiblərinə sərt ifadələrlə hücum edir.
Bəzən Qrenlandiyanın alınması ideyası, bəzən Kanada ilə bağlı sərt çıxışları, bəzən isə beynəlxalq liderlər barədə gözlənilməz açıqlamaları dünya mediasının əsas mövzusuna çevrilib. Tərəfdarları bunu “səmimilik”, rəqibləri isə “populizm” və “siyasi şou” adlandırırlar.
Biznesmen Tramp, yoxsa siyasətçi Tramp?
Bu sualın cavabı hələ də birmənalı deyil. Biznesmen Tramp göydələnlər tikən, milyardlarla dollarlıq müqavilələr bağlayan və öz adını qlobal brendə çevirən şəxsdir. Siyasətçi Tramp isə ABŞ siyasi sistemini dəyişən, Respublikaçılar Partiyasını yenidən formalaşdıran və dünya siyasətinə ciddi təsir göstərən liderdir. Əslində Trampın əsas fərqi bu iki obrazı birləşdirə bilməsindədir. O, siyasətə biznes yanaşması gətirdi, seçki kampaniyalarını marketinq layihəsinə çevirdi və siyasəti televiziya şousu qədər izlənilən prosesə dönüştürdü.
Donald Tramp bu gün 80 yaşında olsa da, hələ də qlobal siyasətin ən çox müzakirə olunan simalarından biridir. Onun tərəfdarları Trampı Amerikanın gücünü bərpa edən lider hesab edir, əleyhdarları isə onu ABŞ tarixinin ən mübahisəli prezidentlərindən biri adlandırırlar. Lakin həm dostları, həm də rəqibləri bir məsələdə razıdırlar. Tramp XXI əsrin siyasi tarixində iz qoymuş, dünya siyasətinin gedişatına təsir etmiş və uzun illər müzakirə olunacaq şəxsiyyətlərdən biridir. 80 yaşına çatan Tramp artıq təkcə siyasətçi və ya biznesmen deyil, ayrıca bir siyasi fenomenə çevrilib.Musavat.com


























