image-photo-2021-11-05-16-15-36backend

Ulu Öndər Heydər Əliyev

image-reklam_sirab_01

 

Bütün dünyada hər bir xalqın güvənc və qürur yeri, onun mövcudluğunun, öz dövlətini qurub ona

Sahib çıxa bilmək bacarığının göstəricisi və sübutu olan ən müqəddəs rəmzlərindən biri bayraqdır. Bayraq hər bir xalqın və dövlətin azadlıq mübarizəsinin və milli kimliyinin göstəricisidir. Xalqımızın öz azadlığı, müstəqilliyi və istiqlalı uğrunda mübarizəni tərənnüm edən üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul olunsa da, 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutundan sonra bu bayraqdan imtina edildi. Yalnız 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən üçrəngli bayrağımız ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi.Burada qürur duyulası əsas məqam isə ondan ibarətdir ki, üçrəngli bayrağımız hələ Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasından əvvəl xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılmışdı. Belə ki, 1990-cı il iyulun 22-də Naxçıvana və bununla da yenidən böyük siyasətə qayıdan Heydər Əliyevin Sədrliyi ilə həmin ilin noyabr ayının 17-də Naxçıvan Ali Məclisinin sessiyası üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə tarixi qərar qəbul etdi. Həmin tarixi sessiyada qəbul olunmuş qərarda, həmçinin, təklif edilirdi ki, Azərbaycanın dövlət rəmzlərinə – bayrağa, gerbə və himnimizə milli-tarixi ənənələrə uyğun olaraq yenidən baxılsın.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri bərpa edildi, “Azərbaycan Respublikasını Dövlət bayrağı haqqında” Qanun qəbul olundu. Ümummilli liderimiz Heydər  Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, ölkədəki separatçı meyillərin qarşısını qətiyyətlə alaraq Azərbaycanın üçrəngli bayrağının bütün bölgələrdə dalğalanmasını təmin etdi. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında isə üçrəngli bayrağımız dövlət rəmzi kimi bir daha təsbit edildi. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət daşımışdır.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də

Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Onun rəhbərliyi altında dövlət bayrağı ilə bağlı

Qanunvericilik bazası daha da təkmilləşdirilərək 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bağlı həyata keçirilən ən mühüm tədbirlərdən biri isə Dövlət bayrağı gününün təsisi edilməsi oldu. Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edildiyini nəzərə alan möhtərəm Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alan möhtərəm Prezident İlham Əliyev onun təbliğini daha da genişləndirmək üçün 2007-ci il noyabrın 17-də Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzaladı. Bu Sərəncam həm də cənab Prezidentin dövlət atributlarına olan yüksək ehtiramının təcəssümüdür. Elə həmin il dekabrın 30-da Bakının Bayıl Qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyuldu. Paytaxtımızın müxtəlif nöqtələrindən görünə bilən yerdə xüsusi layihə əsasında ucaldılan Bayraq Meydanının tikinti işlərini xarici və yerli mütəxəssislər apardılar.

Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəslində dövlətin rəmzləri kimi Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himninə yer ayrılmışdır. Ulu öndər Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir… Hansı ölkəyə gediriksə–gedək, Azərbaycan bayrağının o ölkədə

asılması həm Azərbaycanın orada təmsil olunmasını göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamanda bizdə böyük iftixar hissi doğurur. Bu bizim müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa dövlətə olan məhəbbətə bərabər olsun.

 

 

 

 

 

Bakı Slavyan Universiteti

Allahverdiyeva Əfsanə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki