image-3e205810-1575-47e6-bc29-cf2a7c74630abackend

Zəfər paradı bir tarixi qələbənin ifadəsi idi

image-reklam_sirab_01

İkinci Qarabağ Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra bu qələbənin simvolu olan Zəfər paradı 2020-ci il dekabrın 10-da keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Zəfər paradında çıxışı zamanı çox haqlı olaraq qeyd etmişdir ki, Azadlıq meydanında paradlar çox keçirilib, ancaq bu paradın xüsusi önəmi var. “Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Zəfər paradı simvolu olduğu İkinci Qarabağ Müharibəsi kimi də ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisədir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

İkinci Qarabağ Müharibəsində Zəfərimizin rəmzi Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər Bayrağı da parada gətirilmişdir.

Zəfər paradı eyni zamanda Azərbaycanın hərbi gücünün nümayişi idi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də nümayiş olunmuşdur.

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə yalnız Ermənistanın silahlı qüvvələrini məhv etməkdən böyük bir uğuru erməni mifini məhv etməsi oldu. Yüz ildən artıq bir müddətdə Cənubi Qafqazda tökülən qanların, müharibələrin əsas səbəbi məhz erməni mifi idi. İndi bu mif məhv edilib.

Vətən müharibəsində iştirak etmiş, tarixi qələbənin qazanılmasına töhvə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni  medal, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı təsis olunmuşdur.

Qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər muzeyi və Hərbi Qənimətlər Parkı salınıb.

Hərbi Qənimətlər Parkındakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Zəfər Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi isə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrinin şüardan gerçəkliyə çevrilməsinin təcəssümü idi. Bu hadisə, eyni zamanda beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Bütün dünya bir daha Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olduğunu gördü.

Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi                                                

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki