image-img-20211224-wa0004backend

Zəfər zirvəsinə yüksəlmiş Prezident

image-reklam_sirab_01

Son 18 ilin uğurları bu qənaəti bir daha təsdiqləyir ki, dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların sevgisi şəksizdir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazılıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından, ən əsası parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev yeni Azərbaycan qurdu.
2003-cü ildən isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi 18 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir.
Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İşğaldan azad olunmuş ərazilərdə icra olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində bu layihə həyata keçirilir. İlin sonuna qədər layihənin tam başa çatması nəzərdə tutulub. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək.
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Qeyd olunan qələbə və uğurlar Prezident İlham Əliyevin intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə olunub. Onun rəhbərliyi ilə ölkəmiz gələcəkdə daha böyük uğurlara nail olacaqdır.

Həcər Verdiyeva – AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki