2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil müəssisələrinin müəllim komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bilik yarışı keçirilib. İntellektual tədbir “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbin idman zalında baş tutub.
12 komandanın iştirak etdiyi və olduqca maraqlı keçən bilik yarışını Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birgə izləyib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canını fəda etmiş şəhidlərimizin əziz xatirələrinə bir dəqiqəlik sükut elan olunub.
Yarışın açılış mərasimində nitq söyləyən RİH başçısı müəllimlərin qarşıdan gələn Zəfər Günlərini təbrik edib, onlara müvəffəqiyyət arzu edib. “Hörmətli müəllimlər, elmin, təfəkkürün və vətənpərvərliyin qovuşduğu bu yarışda hansı komandanın nəticəsindən asılı olmayaraq hər biriniz qalibsiniz. Çünki siz hər gün şagirdlərimizə, gələcək nəsillərə müstəqil Azərbaycanın şanlı tarixini, milli-mənəvi dəyərlərini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun fəth etdiyi sarsılmaz Zəfər yolunu öyrədir, ömrünüzü hər bir gəncin vətən sevgisi ilə, milli ruhda böyüməsinə həsr edən fədakar insanlarsınız. Elmin və biliyin ətrafında toplaşaraq cəmiyyəti savadlı və aydın gələcəyə daşıyanlara isə ən yüksək qiyməti dövlətimiz və xalqımız verir. Bu əlamətdar vətənpərvərlik yarışında səsləndirilən istənilən sual özlüyündə şanlı tariximizə, milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə bəslənilən hörmətin təzahürüdür.”
Yarışın münsiflər heyətinin yekun rəyinə əsasən 1-ci yerə Qaçaq Kərəm kənd tam orta məktəbinin “Kəlbəcər”, 2-ci yerə Həsənsu kənd tam orta məktəbinin “Azərbaycan” və 3-cü yerə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbinin “Zəngilan” komandaları layiq görülüblər.

























