image-1backend

2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri media təmsilçilərinin də iştirakı ilə MSK-nın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanış olublar.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir.

Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.

Cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7- də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən, MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirdi və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirdi.

Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirildi, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, Komissiyanın rəsmi internet səhifəsi, onlayn media portalları və sosial media platformaları vasitəsilə müntəzəm nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirildi. O cümlədən birgə layihə çərçivəsində ilk dəfə “ASAN xidmət” mərkəzlərində yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə olundu ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq, düzəlişlərə ehtiyac yarandıqda yerindəcə sadə üsulla operativ şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaratdı.

Sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki