image-71845cab-fa50-48fb-b886-7d0ac05cd56abackend

Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir

image-reklam_sirab_01

 

 

 

Millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amildir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir.

Azərbaycan  xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır.

Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki şəkildə formalaşdırmışdır. Bütün bunları nəzərdə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Doğrudan da, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

SSRİ dönəmində Azərbaycanın paytaxtında – Bakı şəhərində milli azlıqlar milli genefondumuzu üstələmiş, rus dili ana dilini passivləşdirərək ön plana  keçmiş, hər sahədə fəallıq qazanmış, əsas yeri tutmuşdur.

Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşmış, onların milli mənafedən həlli ön planda dayanmışdır. Heydər Əliyev müdriklik, qeyri-adi ağıl və cəsarətlə ilk növbədə Azərbaycan dilinin dövlət dili olmasını qanuniləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev öz şəxsi nümunəsilə idarələrdə, tədbir və yığıncaqlarda doğma Azərbaycan dilində danışmaq və yazmaq ənənəsi yaratdı, onu gücləndirmə tədbirləri də həyata keçirdi, fəaliyyət dairəsindən qovulmuş saf, təmiz Azərbaycan dilini öz haqqına qovuşdurdu.1969-cu ildə hakimiyyətə gəlişi ilə həyata keçirilən milli kökə qayıdış prosesi, əslində, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində oldu. İnsanlar rəhbərin gözəl, ifadəli ana dilində etdiyi çıxışlarında, onun dövlətçilik məntiqində, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında müstəqil dövlətimizin doğma sədalarını eşitdilər.

Sonrakı illərdə Azərbaycanda milli özünüdərkin geniş vüsət almasına, milli şüurun yüksəlməsinə təkan verən sürətli inkişaf strategiyasının böyük uğurla həyata keçirilməsi Heydər Əliyevin sovet dövründə əsasını qoyduğu rəhbərlik və idarəetmə fəlsəfəsinin aparıcı ideya-siyasi qayəsini təşkil etmişdir.

Dil, xalq və dövlət anlayışları çoxminillik bəşər tarixinin gedişatında aparıcı yer tutduğu kimi, qloballaşma dövründə də önəmini və aktuallığını qoruyub saxlayır. Çağdaş dünyanın siyasi mənzərəsini əks etdirən, dünya birliyində rəngarənglik yaradan suveren coğrafiyaların və dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın başlıca özünəməxsusluğunu isə onun ana dili təşkil edir. Doğrudan da, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən seçilib-ayrılmaz. Belə bir ifadə mövcuddur: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır.

Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır.

 

Nəsimi rayon təhsil işçisi

Əfsanə Allahverdiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki