image-a-1backend

Azərbaycan etibarlı tərəfdaşdır

image-reklam_sirab_01

Dövlət başçısı İlham Əliyevin  Zəfərimizdən sonra xarici mətbuata hər bir müsahibəsini 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi vaxtlarda müsahibələri ilə  müqayisəli təhlil etdikdə açıq-aydın görünür ki, burada  30 illik işğal dövrünün reallıqları öz əksini tapmaqla yanaşı, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsindən deyil, dövrün, zamanın tələblərinə uyğun olaraq  gündəmə gətirilən məsələlərdən, ən əsası sülh müqaviləsinin imzalanması ilə regionda sabitliyin, təhlükəsizliyin yaradılması zərurətindən bəhs olunur.

Oktyabrın 2-də Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi bir çox məqamlarla diqqəti özünə çəkir.  BMT Baş Assambleyasının sessiyası çərçivəsində  Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün  müharibə bitəndən sonra  birinci dəfə baş verməsindən, Azərbaycanın sülh sazişi üzərində  Ermənistanla işləməyə başlamağa  hazır olmasından və qarşı tərəfdən uzun müddətdir ki, buna cavab gözləməsindən bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki,  mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır.

Hazırkı dövrün reallığı budur ki, Azərbaycan diktə edən tərəfdir. Regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsinə səy göstərməklə yanaşı, işğalçı dövlətdən də 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının icrasını tələb edir.  44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib Prezidentdən  öyrənilməsi dünyanın aparıcı media qurumları üçün prioritet təşkil edir.

Hazırda iki mühüm məqam dünyanın diqqətində olmalıdır. Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya tərəfindən artıq qəbul edilməsidir. Cənab İlham Əliyev müsahibədə jurnalistin yeni güc nisbətinin yaradılması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki,  Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Müharibə zamanı Türkiyə  başlanğıcdan Azərbaycana  dəstək verdi. İndi isə müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini həyata keçirirlər. Artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansının hələ xeyli müddət əvvəl dəyişdiyini qeyd edən dövlət başçısı vurğulamışdır  ki, həm biz özümüzün, həm də  Ermənistanın potensialını bilirdik.

Müsahibədə diqqət çəkən məqamlardan biri mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıdacağı ilə bağlı ünvanlanan suala cavab oldu. «Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik» söyləyən dövlət başçısı yenə də  bu işdə  əsas rəqibimizin zaman olduğunu vurğulayıb.

Ölkə Prezidenti ərazilərin minalardan təmizlənməsi prosesinə diqqəti yönəldərək bərpa və quruculuq işlərində bu məsələnin önəmini xüsusi diqqətə çatdırıb.  Bu fakt da bir daha açıqlanıb ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqlik dərəcəsi 25 faizdir. Təbii ki, işğalçı dövlətdə bu ərazilərin mina xəritələri vardır. Onları verməməklə həm mülki əhalinin. hərbçilərin həlak olmalarına, yaralanmalarına, həm də bərpa və quruculuq işlərinin   uzanmasına səbəb olurlar. Minalardan təmizlənmiş ərazilərdə işlər davamlılığı ilə diqqət çəkir. Məlumdur ki, ilin sonuna, yaxud gələn ilin əvvəlinə «ağıllı kənd» layihəsi çərçivəsində Zəngilanın  Ağalı kəndi  sakinlərini qarşılayacaq.    Bütün şəhərlər üçün baş planlar hazırlanır. Artıq Ağdam və Şuşanın baş planı təqdim edilib. Əsas məqsədlərdən biri  keçmişlə müasirliyin vəhdətini yaratmaqdır. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə işğaldan azad edilmiş ərazilərdə  bütün işlərin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində həyata keçirilməsi,  infrastrukturun  yenilənməsi təqdirəlayiqdir.

Postmünaqişə dövrünün əsas tələbi  yeni əməkdaşlıq  formatının yaradılması, sülhün möhkəmləndirilməsidir. Altılıq plantformatının yaradılması qarşıya qoyulan hədəfə  yüksək səviyyədə nail olmağa əsas yaradır.  Cənubi Qafqazın üç dövləti  və onların qonşuları – Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq hazırda əsas müzakirə mövzusudur.

Müsahibədə Azərbaycanın etibarlı uqtisadi tərəfdaş olduğu bir daha vurğulandı. Qeyd edildi ki, Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başlanıb. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıkimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.

Göründüyü kimi,  Azərbaycan artıq münasibətlərdə yeni səhifə açıb və bu səhifəni yeni əməkdaşlıq formatları fonunda daha zəngin və faydalı etməyə səy göstərir.  Bunun üçün əsas olan Azərbaycan tərəfinin irəli sürdüyü sülh müqaviləsinin Ermənistan tərəfindən imzalanmasına dünya güclərinin dəstək göstərməsidir.

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki