image-hulya-memmedlibackend

Azərbaycan regionun gələcəyinə dair yeni əməkdaşlıq gündəliyini müəyyən edir

image-reklam_sirab_01

Azərbaycanın öz torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad etməsi ilə Cənubi Qafqaz regionunda tamamilə yeni siyasi, iqtisadi reallıq yarandı. Müharibədən öncə də Azərbaycan regionda ikitərəfli, üçtərəfli əməkdaşlıq platformaları yaratmış, bölgənin dünyaya çıxışını təmin edən mühüm enerji layihələri həyata keçirmiş, özünün tranzit potensialından yararlanaraq daha çoxşaxəli və qlobal xarakterli layihələrin, müasir “İpək yolu”nun reallaşmasına töhfə vermişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşan Vətən müharibəsindəki qələbəmiz isə Ermənistanın xarabalığa çevirdiyi torpaqlarımızı regional və qlobal əhəmiyyətli yol-nəqliyyat infrastrukturun mühüm marşrutlarından birinə çevirməyə imkan yaratmışdır. 2020-ci il 10 noyabr Üçtərəfli Bəyannaməsi əsasında gerçəkləşəcək Zəngəzur dəhlizi bölgənin inkişafında strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri həm öz aralarında sıx ticarət, nəqliyyat əlaqələri qura biləcək, həm də ərazi Asiya ilə Avropanı birləşdirən geniş beynəlxalq ticarətin mühüm bir parçası olacaqdır.
Zəngəzur dəhlizi Qarabağ bölgəsinin geniş iqtisadi, mədəni, turizm potensialını da gerçəkləşdirməyə imkan verəcəkdir. Qeyd edək ki, artıq bölgədə minatəmizləmə işlərinə paralel olaraq, hava limanları tikilir, yollar salınır, su elektrik stansiyaları qurulur. Ən müasir şəhərsalma və yüksək texnologiyaların sistemli halda tətbiq olunacağı “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasına başlanılmışdır.
İqtisadi sahədə görülən işlərlə yanaşı, bölgədəki mədəni abidələrin də bərpasına başlanılmış, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən qurulması işləri aparılmaqdadır. 29 illik fasilədən sonra bu ilin 12-13 may tarixlərində Şuşada “Xarıbülbül” Musiqi Festivalının yenidən keçirilməsi azadlığa qovuşmuş bu qədim şəhərin Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyaya səs salan ilk və olduqca möhtəşəm mesajı oldu.
Ermənistanın 30 il ərzində viran qoyduğu Qarabağda iqtisadiyyat, mədəniyyət, yaşayış yenidən canlanmağa doğru gedir. Azərbaycan tarixinin ən qanlı səhifələrinin yazıldığı bu bölgəmizdə atışma, silah səslərini bundan sonra atəşfəşanlıq səsi, musiqi avazı əvəzləyəcək. Ermənistanın işğalı altında olarkən terrrorçuluq, qaçaqmalçılıq yuvasına çevrilən bölgəmiz Azərbaycanın idarəçiliyində dinc birgəyaşayış, əməkdaşlıq və turizm regionuna çevriləcəkdir.
Prezident İlham Əliyevin söylədiyi kimi, 30 il ərzində əziyyət çəkmiş tərəf olmağına baxmayaraq, Azərbaycan əməkdaşlığa hazırdır: “Dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın”.
Əlbəttə ki, tarix unudulmur və ərazi bütövlüyümüzün bərpasının hansı böyük fədakarlıq hesabına gerçəkləşdiyini yaddaşlarda əbədiləşdirmək üçün dövlət başçımızın göstərişi ilə ölkəmizin hər yerində Vətən müharibəsinə həsr olunmuş parklar salınır, muzeylər, memoriallar tikilir. Həmçinin, azad edilmiş torpaqlarımızda işğalın və müharibənin ağır nəticələrinin qoyduğu izlərin bir qisminin saxlanılması gələcək nəsillərin tarixdən ibrət dərsi almasına, keçmişdəki faciələrin təkrarlanmasına yol verməməyə xidmət göstərəcək.
Bununla belə, Azərbaycan Ermənistanla sülhə, barışığa, qarşılıqlı hörmətə əsaslanan ümumi gələcəyi bölüşməyə hazırlaşır. Eyni zamanda Ermənistan da kin-küdurəti, düşmənçiliyi bir kənara qoyub ən azından öz gələcəyini xilas etmək naminə Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan normal münasibətlər qurmağa can atmalıdır. Ermənistan anlamalıdır ki, Andranik Ozanyan kimi quldurları, Qaregin Njde kimi nasistləri, Monte Melkonyan kimi terrorçuları qəhrəmanlaşdırmaqla regionumuzun sivil, multikultural, parlaq və mütərəqqi gələcəyinin bir parçası ola bilməyəcək.
Bu işdə beynəlxalq ictimaiyyətin də dəstəyi önəmlidir. Uzun illər boyunca Azərbaycana ikili standartlardan yanaşan, Ermənistana havadarlıq edən xarici siyasi dairələrin bu gün bu ölkə üçün edə biləcəkləri ən böyük yaxşılıq onu Azərbaycanla barışığa təşviq etmək ola bilər. Eləcə də özlərini “açıq cəmiyyət” institutları hesab edən qurumlar, QHT-lərin də Azərbaycan və Ermənistan arasında barışıq yaratmaq niyyətlərinin nə dərəcədə səmimi olduğunu göstərmək zamanı gəlib çatıb. Torpaqların azad edilməsindən öncə bu cür fəaliyyət işğalın nəticələrini Azərbaycan tərəfinə qəbul etdirməyə, onu leqallaşdırmağa yönəlmişdisə, bu gün belə bir fəaliyyət bölgədə hər iki dövlətin suverenliyinin qorunduğu bərabərhüquqlu münasibətlərin formalaşmasına töhfə verə bilər.
Yaranmış vəziyyət postmünaqişə dövründə özünə yer tapmaqda çətinlik çəkən ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələri üçün də yeni imkanlar açır. Minsk qrupu Azərbaycanla Ermənistan arasında sülhü təşviq edən təkliflər irəli sürməklə ən azından bundan sonrakı fəaliyyətini səmərəli təşkil edə bilər. Regionda sülhün, barışığın güclənməsi həmsədr ölkələrin bölgədəki maraqlarına da uyğundur. Beləliklə, Ermənistanın və havadarlarının hansı mövqeyi tutmasından asılı olmayaraq Azərbaycan qarşıya qoyduğu hədəflərə nail olub və bundan sonra da öz müstəqil yolunda irəliləyəcəkdir.

Politoloq, Hülya Məmmədli

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki