image-hulya-memmedlibackend

Azərbaycanın beynəlxalq təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunu artırır

image-reklam_sirab_01

Qoşulmama Hərəkatı 1961-ci ildə ABŞ və keçmiş SSRİ arasında gedən soyuq müharibədə tərəf tutmaq və iştirak etmək istəməyən bir qrup dövlətlərin rəhbərlərinin təşəbbüsü ilə yaradılıb. Təşkilat heç bir hərbi bloka qoşulmayan və imperializmə, müstəmləkəçiliyə, irqçiliyə, işğala və ümumilikdə xarici təcavüzün istənilən növünə qarşı mübarizə aparan dövlətləri müdafiə etmək məqsədinə xidmət edir. Təşkilatın təməlində dayanan prinsiplər 1955-ci ildə Bandunq Konfransında qəbul olunan Bəyannamədə əksini tapıb. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, bərabərlik, başqa ölkənin daxili işlərinə qarışmamaq, dövlətlərin özünümüdafiə hüququnu tanımaq, beynəlxalq hüquqa hörmət kimi prinsiplər Azərbaycan dövlətinin də maraqlarına tam cavab verir. Təsadüfi deyil ki, ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub. Hazırda 120 üzvü olan qurum BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. 2016-cı ildə üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
Son illər ərzində Qoşulmama Hərəkatı təkcə üzvlərinin sayına görə deyil, nüfuzuna görə də böyüyür. İlk növbədə qlobal güclər arasında geosiyasi mübarizənin kəskinləşməsi, neoimperialist meyillər, bəşəriyyəti təhdid edən müxtəlif qlobal problemlərin olması təşkilatın fəaliyyətinin aktuallığını artırır. Bundan əlavə, təşkilatın fəal üzvü və hazırkı sədri kimi Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslər və əldə olunan nəticələr qurumun nüfuzuna müsbət təsir göstərir.
Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 13 iyul tarixində videoformatda keçirilən aralıq konfransında Prezident İlham Əliyevin təqdim olunan çıxışında bu məsələ ilə bağlı mühüm məqamlara toxunulur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Dövlət başçımızın sözlərindən aydın olur ki, beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması sədr kimi fəaliyyətində Azərbaycanın başlıca hədəfləri olub və bu məqsədlərə çatmaq üçün ölkəmiz kifayət qədər geniş və ambisiyalı fəaliyyət planı qəbul edib. Bununla belə, Azəbaycan Prezidenti yüksək çeviklik nümayiş etdirərək təşkilatı qısa müddətdə bütün dünyanı bürüyən COVİD-19 pandemiyasının yaratdığı yeni çağırışlara qarşı mübarizəyə səfərbər edə bilib.
Məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü keçirilib. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak edib. Həmçinin, hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.
Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.
Azərbaycan üzərinə böyük humanitar missiya götürərək pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.
Bildiyimiz kimi, pandemiya səhiyyə sahəsində qlobal problemlər yaratdı, bir çox ölkələr əvvəlcə zəruri tibbi ləvazimat və avadanlıqların, daha sonra isə COVİD-19-a qarşı vaksinlərin çatışmazlığı ilə üzləşdi. Xüsusən bəzi qərb dövlətlərinin lazım olandan dəfələrlə artıq sayda vaksin dozalarını əllərində cəmləşdirməsi bir sıra az inkişaf etmiş ölkələrdə peyvənd çatışmazlığı problemini yaradıb.
Belə bir qlobal səhiyyə böhranı fonunda Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı çıxış ediərək, buna yol verən dövlətlərin ədalətsiz davranışını açıq şəkildə tənqid edir. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.
Bundan başqa, Azərbaycanın sədrliyi ilə təşkilat çərçivəsində səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub.
Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına da nail olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər də Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.
Qoşulmama Hərəkatının fəallığının və nüfuzunun artması ona üzv dövlətlərin özlərinə inamına da müsbət təsir göstərir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən il Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının bir sıra daimi üzvlərinin anti-Azərbaycan məzmunda qətnamə qəbul etmək cəhdinin qarşısı TŞ-də qeyri-daimi üzv olan və Azərbaycanın QH çərçivəsində əməkdaşlıq etdiyi dövlətlər tərəfindən alındı.
Azərbaycanın təşkilata töhfələri qeyd olunanlarla məhdudlaşmır. Prezident İlham Əliyevin sözügedən 13 iyul iclasında da vurğuladığı kimi, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək. Dövlət başçısı pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif edib. O, pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də irəli sürüb. Həmçinin, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.
Göründüyü kimi, Azərbaycanın təşəbbüskarlığı QH-ni qlobal səviyyəli problemlərlə mübarizədə aktiv rol oynamasını təşviq edir. Qoşulmama Hərəkatının qlobal nüfuzunun artması isə beynəlxalq münasibətlərdə ədalət, qanunçuluq, bərabərhüquqluluq prinsiplərinin qorunmasına öz töhfəsini verəcəkdir.

Hülya Məmmədli
politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki