image-qqqqbackend

Böyük Qələbəmizin unudulmaz tarixi

image-reklam_sirab_01

Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin «Biz hərb istəmirik, amma hərbə hazırıq» sözlərini reallaşdırdı. 2003-cü ildə ilk dəfə prezident kimi and içən, « Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır» sözlərinin doğruluğunu 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiq edən Ali Baş Komandan İlham Əliyev Füzulidə, Cəbrayılda, Ağdamda, Xudafərində üçrəngli bayrağımızı dalğalandırmaqla sözünün sahibi olduğunu bir daha göstərdi.

Qələbəyə gedən yol ümum­milli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən başlayıb. O vaxt Ümummilli lider hakimiyyətə gələndə ölkədə qarşıdurma, hərc-mərclik idi, ölkə siyasi-iqtisadi böhran içərisində idi. Torpaqlar itirilmişdi, Azərbaycan dağılmaq, bölünmək təhlükəsi qarşısında idi. Ümummilli li­der Azərbaycanı parçalanma, bölünmə təhlükəsindən xilas etdi və yeni bir Azərbaycanın bünövrəsini qoymağa başladı. Məhz ulu öndərin hakimiyyəti illərində Azərbaycanın iqtisadi inkişafının əsasları qoyuldu. Əsrin Müqaviləsi imzalandı, oradan gələn gəlirlər Azərbaycanı iqtisadi cəhətdən gücləndirdi. Ölkədə aparılan iqtisadi-siyasi islahatlar Azərbaycanın qüdrətini daha da artırdı. Təbii ki, Azərbaycan iqti­sadi cəhətdən gücləndikcə onun ordusu da güclənməyə başladı.

Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artma­sı Qələbəyə gedən yolda ən böyük nailiyyətlərdən biridir. Azərbaycanın beynəlxalq arenada uğurlarının əsası da ümummilli liderin hakimiyyəti dövründə qoyu­lub. Onun özünün nüfuzu, böyük dövlətçilik təcrübəsi imkan verdi ki, Azərbaycan beynəlxalq əlaqələrini gücləndirsin. Yəni bu gün möv­cud olan beynəlxalq əlaqələrin bünövrəsi həmin dövrdən qoyulub. 2003-cü ildə cənab Prezident İlham Əliyev estafeti qəbul etdi və görülən misilsiz işləri, atılan vacib addımları uğurla davam etdirdi və inkişaf etdirdi. Bugünkü Qələbimiz Prezident İlham Əliyevin, dün­ya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Cənab Przident İlham Əliyevin həyata keçirdiyi dolğun iqtisadi siyasət, ölkənin gündən-günə inkişaf etməsinə, iqtisadi siyasətin davamı ola­raq sosial siyasətin əhalinin rifah halının yüksəlməsinə yönləndirilməsinə gətirib çıxardı. Eyni zamanda ölkədə siya­si proseslərin tənzimlənməsi, siyasi dialoqun təmin olunması milli birliyin və həmrəyliyin daha da güclənməsinə imkan verdi. Aparılan islahatlar ölkəmizin daha da demokratikləşməsinə şərait yaratdı və nəticədə vətəndaş cəmiyyətini daha da gücləndirdi. Bütün bu islahat­ların nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artdı, başqa ölkə və təşkilatlarla güclü əməkdaşlıqlar quruldu. Azərbaycanın ərazi bütövlüyü dünya dövlətləri və beynəlxakq təşkilatlar tərəfindən tanındı. Bü­tün bu uğurlar ona gətirib çıxardı ki, biz bu müharibəyə həm iqtisadi cəhətdən, həm hərbi və həm də beynəlxalq gücləri öz tərəfimizə çəkmək cəhətdən artıq hazır olduq.

Əlbəttə, Azərbaycan dövləti münaqişənin başladığı, tarixi torpaqlarımızın işğal altında saxlanıldığı 30 il ərzində hər zaman sülh tərəfdarı olub. Cənab Prezident bütün çıxışlarında, beynəlxalq səviyyəli görüşlərində bunu dəfələrlə bəyan edib. Da­nışıqlar prosesində Azərbaycan fəal iştirakçı olaraq, hər zaman beynəlxalq hüquqa hörmətlə yana­şıb, məsələnin beynəlxalq hüquq normaları daxilində çözülməsinin tərəfdarı olub. Məhz buna görə, Azərbaycan ötən 27 il ərzində sülh yolu ilə, dinc yolla torpaqlarımızın işğaldan azad olunmasını gözlədi. Lakin, cənab Prezident bütün çı­xışlarında deyirdi ki, lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq. Azərbaycan, o lazım gələn ana hazır olmaq üçün ordumuzu da gücləndirirdi. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır ol” kəlamına əməl etdi. Proseslər elə inkişaf etdi ki, danışıqlar ümumiyyətlə dayandırıldı. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatın­dan danışıqlar dalana dirəndi. Və Ermənistan tərəfindən son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Koman­dan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.

Tarixə artıq II Qara­bağ müharibəsi kimi daxil olmuş Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bu müharibə işğalçı Ermənistanın ka­pitulyasiyası ilə nəticələndi. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzala­dığı birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Ko­mandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi.

Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. 90-   cı illərdə müstəqillik əldə olandan sonra, həm xarici, həm də bəzi daxili qüvvələr tərəfindən Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq cəhdləri iflasa uğradı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qal­dırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı.

Prezident İlham Əliyevin sərəncamları ilə 27 sentyabr, “Anım Günü” və 8 noyabr, Şuşa­nın işğaldan azad edildiyi gün, “Zəfər günü” kimi tariximizə daxil oldu. Artıq Azərbaycan xalqının Qarabağ dərdi yoxdur, Şuşa kimi qanayan yarası yoxdur. İllərdir yurd yerlərindən, ev-eşiklərindən didərgin düşən soydaşlarımız ürəklərini sızladan Vətən ağrısına birdəfəlik şəfa tapdılar. Artıq güclü dövlət, bütöv AZƏRBAYCAN var. Artıq qartalımızın qanadı sınıq, göylərimizin üzü tutqun deyil. İndi hər bir azərbaycanlının bir müqəddəs amalı var: öz Müzəffər Liderinin səsinə səs verib viran qalmış yurd yerlərimizi gülüstana çevirmək. O gün uzaqda deyil. Necə ki, qalibiyyətin unudulmaz təntənəsi uzaqda olmadı.

Ölkəmizdə xalq-iqtidar-ordu birliyinin ifadəsi olan izdihamlarla müqayisədə Ermənistanda artan gərginlik, steva çağırışları işğalçını gözləyən aqibəti göstərir. Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. Səbəb olmadan Azərbaycanı ittiham etməklə ölkəmizə qarşı qərəzli mövqe göstərən ermənipərəst dairələri yerində oturtdu, tarixi faktlara, beynəlxalq hüquqa əsaslanan mənbələrə istinad etməklə layiq olduqları cavabları verdi. Özünü dünyanın demokratiya mərkəzi adlandıran Avropa Şurasına, Avropa Parlamentinə haqq-ədalət yolunu göstərdi. Bildirdi ki, diktatoru dəstəkləməklə dünyada barışığa nail olmaq mümkün deyil. Terrorçunu dəstəkləyənlər artıq başa düşməlidirlər ki, alovlanan münaqişə ocaqlarının söndürülməsi üçün terrora, mili münaqişələrə «yaşıl işıq» yandırmaqla XXI əsrin çağırışı olan sülhə nail olmaq mümkün deyil. Azərbaycan son hadisələrdə göstərdiyi şücaəti, humanizmi ilə yenə də dünyada sabitliyin qorunmasındakı xoş niyyətini göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.

Bəybala Quliyev- Yeni Azərbaycan Partiyasının  üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki