image-nizameddin-agcayev-118backend

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür

image-reklam_sirab_01

Heydər Əliyev

«Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar»

 

Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri vardır. “İstisu” kimi mineral suları – özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Rayon ərazisində sənaye əhəmiyyətli ehtiyatları: onlardan istismar olunan qızıl yataqları, civə və başqa sərvətlər vardır. Təsadüfi deyil ki, bu cənnət diyarına sahib olmaq mənfur dusmənlərimizin şirin röyası idi. Bu cirkin niyyətlərini həyata kecirmək üçün ölkədə ictimai-siyasi vəziyyətin böhran vəziyyətindən, xaos və özbaşınalıqdan istifadə edən bədnam qonşularımızın burdakı havadarları yerli əhaliyə qarşı təcavuzkar manevrlər etdilər. Belə ki, 1992-ci il aprelin 8-də erməni silahlılarının Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 30-dan çox sakin öldürülmüş, yüzlərlə insana işgəncələr verilərək əsir götürülmüşdür. Nəhayət 1993-cü il aprelin 2-də öz işğalçı siyasətini həyata keçirən cinayətkar erməni silahlı dəstələri rayonun 53 min nəfərdən çox əhalisini öz dədə-baba yurdundan didərgin salmişlar. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülmüş və itkin düşmüşdür.

Azərbaycan Ordusu Ermənistan tərəfinin ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymaq, törətdiyi təxribatların qarşısını almaq məqsədilə sentyabrın 27-də əks-həmlə əməliyyatına başladı. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qarabağın baş tacı olan Şuşa şəhərini azad etməklə tariximizin ən şanlı səhifəsinə “Zəfər Günü” yazdılar. 10 noyabr 2020-ci il tarixində imzalanmış kapitulyasiya aktının şərtlərinə görə əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu qeyd-şərtsiz, döyüşsüz rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi, Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik…

Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər    İlham Əliyev

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür. Mütəmadi olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə həmin bölgələrə səfər edən dövlət başçımız yeni layihələrin təməlini qoyur, gerçəkləşdirilən işlərin gedişatı ilə yerindəcə tanış olur.

Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyan dövlət başçısı həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib,

Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yolunun tikintisi sürətlə aparılır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunel çəkilir. Bundan başqa, indi Kəlbəcərdəki Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur. İşğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində 110/35/10 KV-luq “Kəlbəcər” yarımstansiyasının qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir.

Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev iyunun 26-da Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirak edib.

Kəlbəcərdə yeni komando hərbi hissənin açılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək, müharibədən sonrakı ordu quruculuğu prosesinə müsbət təsir göstərəcək

Biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq”. İnanırıq ki, çox keçmədən Şərqi Zəngəzurun da bütün infrastrukturu bərpa ediləcək və doğma yurdlara böyük köç başlanacaq.

Tezliklə Kəlbəcər rayonu işğaldan azad olunmuş digər rayonlar kimi  Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövləti tərəfindən bütün standartlara cavab verən, müasir kommunikasiyalarla təchiz olunan füsunkar turizm zonasına çevriləcək.

 

Nizaməddin Ağcayev

Bakı şəhəri, Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki