image-1093440backend

Bu, Levon Ter-Petrosyanın Ermənistan siyasətçilərinə və ümumilikdə, erməni ictimaiyyətinə növbəti xəbərdarlığıdır-Nahid Canbaxışlı YAZIR

image-reklam_sirab_01

Ermənistanın ekks-prezidenti Levon Ter-Petrosyanın növbəti açıqlaması ciddi siyasi müzakirələrə səbəb olub. Sabiq dövlət başçısı ictimai televiziyaya müsahibəsində Ermənistanı siyasi reallıqla barışmağa və Azərbaycanın mövqeyi ilə barışmağa çağırıb. O, əks təqdirdə, Ermənistanın mövcudluğunun sual altına düşəcəyi barədə xəbərdarlıq edib.

Levon Ter-Petrosyanın sözlərinə görə, Ermənistanı çətin və ağrılı qərarlar gözləyir: “Türkiyə və Azərbaycanla heç kimi sevindirməyəcək müqavilələr imzalanmalıdır. Heç bir sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz o 101 ilin reallığını bərpa edə bilməyəcəyik. Yenə də daşı-daş üstə qoyub ölkəni tikməliyik, çalışmalıyıq, bu ölkəni qurmalıyıq” .
Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.
Eyni zamanda, sabiq prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.
O, xatırladıb ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib.
“Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır”, – Ter-Petrosyan bildirib. Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.
Eks-prezident müzakirə etməli olunan mövzuları da açıqlayıb. “Mənim kimi bütün cəmiyyətimizin, müxalifətin, politoloqların, sivil texnoloqların hansı proseslərin getdiyi barədə məlumatı yoxdur. Bu məlumat yalnız Nikol Paşinyanın əlindədir. Çox az adam var. Paşinyan, bəlkə də daha 2-3 adam. Bütün həqiqəti bilən, Rusiyanın onlara nə təklif etdiyini, Türkiyənin nə təklif etdiyini, Amerikanın nə məsləhət verdiyini bilən var. İndi mən olacam, Robert Köçəryan, Serj Sarkisyan, hətta həzrətləri, bizdə o məlumat yoxdur. Həll yollarını tapmaq üçün qarşılıqlı inam yaratmalıyıq. O görüşlər məxfi olmalıdır. Yalan və ya həqiqi sızıntılar olmamalıdır ki, iş yekunlaşsın. Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsələr, o zaman biz belə ağrılı həll yollarından qaça bilərik. Bu sadəlövhlükdür. Kim gəlsə, eyni, bəlkə də ondan da betər sənədi imzalayacaq”.
Ter-Petrosyan deyilənlərə haqq qazandıra biləcəyini soruşduqda, vurğulayıb ki, əvvəlcə daha yaxşısını edə biləcəklərini əsaslandırmadılar: “Mən deyirəm ki, edə bilməzsiniz, çünki bu gün Ermənistandan nə tələb olunduğu barədə məlumatınız yoxdur. Mən də bacarmıram, bilmirəm. Mən və digər prezidentlər daha yaxşı həll yolunun olub-olmadığını başa düşmək üçün bütün məlumatlara malik olmalıyıq”.
Çıxışına davam edən birinci prezidenti qeyd edib ki, bütün nizamlanma yolları Ermənistan üçün pis olacaq: “Mən bir problem görürəm: bütün bu pis həllər arasından ən az ağrılı olanı seçmək. Bunu başa düşmək üçün o informasiyaya sahib olmalıyıq ki, onun yeganə sahibi Paşinyandır. Biz hətta Paşinyana əlimizi uzadırıq, ən az ağrılı variantı birlikdə seçirik və bununla da o müqavilələrə görə məsuliyyəti öz üzərimizə götürürük. Mən buna hazıram. Belə bir işdə uğur qazanmaq üçün hər iki tərəfdən mütləq səmimiyyət tələb olunur. Mən məsuliyyətdən qorxmuram”.
Qeyd edək ki, bu, Levon Ter-Petrosyanın Ermənistan siyasətçilərinə və ümumilikdə, erməni ictimaiyyətinə növbəti xəbərdarlığıdır. Sabiq dövlət başçısı 1997-ci ildən bəri erməniləri Azərbaycana qarşı ərazi iddiasından geri çəkilməyin vacibliyinə inandırmağa çalışır. Ter-Petrosyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistana heç bir fayda gətirməcəyini dəfələrlə bəyan edib. Lakin Köçəryan-Sarkisyan klanının bu çağırışlara etinasız münasibəti Ermənistan üçün daha ciddi problemlərin yaranmasına səbəb olub. Ter-Petrosyan isə Azərbaycanın xarici siyasət strategiyasının daha düzgün seçildiyini görürdü. Ona görə də Ter-Petrosyan hələ prezident olarkən münaqişənin Azərbaycanın qələbəsi ilə başa çatacağını ermənilərin diqqətinə çatdırmışdı. Hələ 1997-ci ilin noyabrında L.Ter-Petrosyan “Ermənistan Respublikası” qəzetində və “Nezavisimaya qazeta”da dərc edirdiyi “Müharibə, yoxsa sülh”. Düşünmək vaxtıdır” məqaləsində Rusiya da daxil olmaqla, beynəlxalq birliyin Cənubi Qafqazda gedən mülkiyyət və geosiyasi nüfuz bölgüsündən geri çəkilmək və Dağlıq Qarabağı tanınmaq niyyətində olmadığını yazmışdı.
Ter-Petrosyan öz proqram məqaləsində qeyd etmişdi ki, müharibə istisna olunmalıdır və qarşıdurmanı yalnız sülh danışıqları vasitəsilə həll etmək lazımdır. “Status-kvonu uzun müddət saxlamaq olmaz. Çünki buna nə dünya birliyi, nə də Ermənistanın iqtisadi potensialı imkan verməyəcək”-deyə eks-prezident yazıb. O, məsələnin həlli üçün yeganə variant kimi kompromisi müəyyənləşdirib. “Kompromisdən imtina və maksimalizm Qarabağın tam məhvinə və Ermənistanın vəziyyətinin pisləşməsinə doğru ən qısa yoldur… Bu gün qəbul etmədiyimiz şeyi gələcəkdə xahiş edəcəyik, ancaq almayacağıq, bizim tariximizdə dəfələrlə olduğu kimi”-deyə Ter-Petrosyan qeyd edirdi.
L.Ter-Petrosyan “Qarabağın düşməni asanlıqla diz çökdürülə bilən Azərbaycandır” fikrini “olduqca yanlış” adlandırıb. Əslində, “Qarabağın düşməni faktiki olaraq bizim meydan oxuduğumuz beynəlxalq birlikdir. Bu sadə həqiqəti dərk etməmək xalqımızı ağır sınaqlara məruz qoymaq deməkdir”. Bundan əlavə, L.Ter-Petrosyan yazıb ki, “Rusiyada hansı hakimiyyət olursa-olsun Qarabağın müstəqilliyini tanımaya bilməz. Çünki öz tərkibində iyirmi Qarabağ var!”
Həmin vaxt Ter-Petrosyan ermənilərə Azərbaycan ərazilərinin işğalından və “Dağlıq Qarabağ”ın müstəqillik iddiasından əl çəkməyi, münaqişənin sülh yolu ilə həllinə nail olmağı təklif edirdi. Çünki Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası, Avropanın enerji təhlükəsizliyində rolunun artması, Türkiyə, ABŞ və Rusiya ilə münasibətlərin strateji tərəfdaşlıq mərhələsinə keçməsi regionda qüvvələr nisbətinin dəyişməsi ilə müşahidə olunurdu. 1992-1994-cü illərdən fərqli olaraq, artıq 1997-ci ildə Ermənistanın təsir imkanları kifayət qədər zəifləmişdi. Ermənistanın müharibə və təzyiq yolu ilə istəyinə nail olmaq siyasəti isə fövqəldövlətlərin regiondakı enerji maraqlarını təhdid yaratdığından heç vxt beynəlxalq dəstək qazana bilməzdi. Ter-Petrosyan real vəziyyəti qiymətləndirərək Azərbaycanla sülhə getməyin vacibliyini ermənilərə izah etməyə çalışdı. O vaxtkı dövlət başçısı Ermənistanın sülhə nail olunmasa siyasi, hərbi və iqtisadi fəlakətə yuvarlanacağını proqnozlaşdırmışdı. Lakin radikal erməni cəmiyyəti Ter-Petrosyanın təkliflərini qəbul etmək əvəzinə onu hakimiyyətdən devirməklə İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinə gətirib çıxaran səhv siyasətin əsasını qoydu.
44 günlük müharibədən sonra Levon Ter-Petrosyan ermənilərə daha iki müraciət edib. 2020-ci il noyabrın 10-da Nikol Paşinyanın kapitulyasiya sənədini imzalamasından sonra Ter-Petrosyan Ermənistanı yeni siyasi reallığı qəbul edərək Azərbaycanla sülh sazişi imzalamağa və əlaqələri bərpa etməyə çağırdı. Lakin rəsmi İrəvanın bu məsələdə qeyri-sabit mövqeyi, revanşist müxalifətin isə yenidən hərbi qiyam yolu ilə bölgədə münaqişə yaratmaq cəhdi Ermənistanın iqtisadi blokadadan çıxmasını əngəlləyən başlıca səbəbə çevrilib.
Ona görə də Ter-Petrosyan Robert Köçəryanın Şuşa və Hadrutu geri qaytarmaq barədə revanşist bəyanatlarının Ermənistanı təhlükəyə sürüklədiyini bildirən növbəti açıqlamasını verdi. Əsində, bu, bütün erməni xalqına xəbərdarlıq idi. Ona görə ki, Ter-Petrosyan İkinci Qarabağ müharibəsində bütün hərbi arsenalı və resrusları məhv olmuş Ermənistanın yenidən münaqişəyə girməsini absurd olduğunu bilir. Eks-prezident onun da fərqindədir ki, beynəlxalq ictimaiyyət isə bu məğlubiyyətin nəticəsini qəbul etdiyindən revanş cəhdləri xaricdən heç bir dəstək ala bilməz. “Bu yeni problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan ordusu dayanıb. Bunun üçün yenidən savaşmaq lazım gələcək. Yəni, Robert Köçəryan əslində yeni müharibə vəd edir. Kim Azərbaycanı oralardan getməyə məcbur edə bilər? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Azərbaycan ərazisinin bir hissəsini qaytarıb və dünyada heç kim buna görə rəsmi Bakını qınamadı. Ona görə ki, dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur etmək istəyirlər. Bizdən heç nə asılı deyil, hər şey bitib”,-deyən Levon Ter-Petrosyan revanşizmin ermənilərə fəlakətdən başqa heç nə gətirməyəcəyinə işarə edib.
Levon Ter-Petrosyanın sonuncu açıqlaması isə Ermənistan cəmiyyətində və siyasi elitasında onun təkliflərinin lazımi səviyyədə qavranılmadığını deməyə əsas verir. Yəni 1997-ci ildən bəri ermənilərin Ter-Petrosyanın xəbərdarlığına və təkliflərinə qarşı çıxması Ermənistanın düşdüyü siyasi və iqtisadi bataqlığı bir qədər də dərinləşdirib. Sentyabrın 13-dən başlayaraq, Ermənistanın Azərbaycan sərhədlərində təxribat törətməsi fonunda Ter-Petrosyanın növbəti dəfə müraciət etməsi təsadüfi deyi. Sabiq prezident Nikol Paşinyanı 44 günlük müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyin vacib olduğu mesajını verir. Yəni Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməli, kommunikasiyaların açılmasına razılıq verməli, Türkiyə ilə münasibətlər normallaşmalıdır. Əks təqdirdə, müəyyənləşməmiş sərhədlərdə daha güclü hərbi potensiala malik Azərbaycanla yenidən münaqişəyə girmək Ermənistanın 2020-ci ildən daha ağır şərtlər əsasında kapitulyasiya sazişini imzalaması ilə nəticələnə bilər. Ter-Petrosyan belə bir sənədin qəbul olunacağı halda Ermənistan dövlətinin 101 il öncə olduğu kimi xəritədən silinə biləcəyinə və ya çox kiçik bir ərazidə qalacağına işarə edir. Ona görə də birinci prezident Ermənistanı xilas etməyin yeganə yolunun Azərbaycanın maraqlarına uyğun olsa belə, Paşinyanın sülh müqaviləsini imzalanmasına mane olmamaqdan keçdiyini göstərir. Əgər Ter-Petrosyanın bu çağırışına da məhəl qoyulmazsa, Ermənistanın mövcudluğu sual altına düşə bilər. Bu baxımdan, onun açıqlamasını sonuncu da adlandırmaq olar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki