Ukraynanın paytaxtı Kiyev yerli vaxtla gecə yarısından qısa müddət sonra ballistik raket hücumuna məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, şəhər meri Vitali Kliçko hava hücumu xəbərdarlığından dərhal sonra paytaxtda güclü partlayışların eşidildiyini və təcili yardım qruplarının Şevçenkivski rayonuna yönləndirildiyini bildirib.
Kiyev Hərbi Administrasiyası şəhərin mərkəzi hissəsində yerləşən anbarlarda yanğın baş verdiyini açıqlayıb.
Eyni vaxtda ölkənin cənub-şərqində yerləşən Zaporojye şəhərinə endirilən zərbələr nəticəsində ən azı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov hücumdan sonra itkilərin sayının artmaqda davam etdiyini diqqətə çatdırıb.
Son həftələrdə Moskva əsasən yalnız “Patriot” kimi müdafiə sistemləri ilə zərərsizləşdirilə bilən ballistik raket zərbələrini intensivləşdirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Rusiyanın Şimali Koreyadan yeni ballistik raketlər aldığını və müharibəyə daha çox Şimali Koreya qoşunu cəlb etməyə hazırlaşdığını bəyan etmişdi.


























