image-16268570751295816235_1000x669backend

Cənubi Qafqazda dayanıqlı sülh dərin iqtisadi inteqrasiyadan və kommunikasiyaların açılmasından birbaşa asılıdır

image-reklam_sirab_01

Sivil dünya ilə bir gəmidə olmaq istəməyən Ermənistanı daha böyük faciələr gözləyir

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri region dövlətlərinin diqqət mərkəzində qalmaqda davam edir. Çünki bu səfər Avropa İttifaqının (Aİ) yerləşdiyimiz coğrafiyaya yanaşma səviyyəsini, xüsusilə post-münaqişə dövründə Cənubi Qafqaza marağını nümayiş etdirir. Prezident İlham Əliyevin və Prezident Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransı həm də bu cəhəti ilə yadda qaldı. Dövlətimizin başçısı bəyanatında həmin məqamı belə dəyərləndirdi: “Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur”.

Bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib: “Prezident İlham Əliyev bu bəyanatı səsləndirməklə yüksək səviyyəli qonağın diqqətinə bir daha çatdırdı ki, Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsində maraqlıdır və ölkəmizin İttifaqa üzv olan dövlətlərin doqquzu – üçdəbiri ilə strateji tərəfdaşlığa dair imzaladığı sənədlər bunun əyani sübutudur. Prezidentimiz çıxışında xüsusi olaraq bir daha vurğuladı ki, bu illər ərzində qət olunan yol və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr münasibətlərdə etibarlı tərəfdaş olduğumuzun təsdiqi deməkdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür və ötən il bu göstərici 9,5 milyard ABŞ dolları təşkil edib. Ölkəmizin Avropa İttifaqına üzv dövlətlərə ixracat həcmi 6,8 milyard ABŞ dollarına bərabərdir və bu ölkələrin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət ayırdı və bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu iqtisadi-siyasi əlaqələrimizin qarşılıqlı əhəmiyyətindən və faydalılıq səviyyəsindən xəbər verir. Ötən ilin son günlərində istismara verilən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti – Trans-Adriatik kəməri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə artıq 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində tutduğu yerin müstəsnalığına dəlalət edir. Ümumi yükaşırma qabiliyyəti 25 milyon tonadək olan Ələt Beynəlxalq Ticarət Limanının açılışı isə ölkəmizin logistik və nəqliyyat imkanlarının potensialından xəbər verir. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə yatırdığı irimiqyaslı investisiyalar, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan yeni hava limanları, çəkilən avtomobil və dəmir yolları imkan verəcək ki, regional və qlobal inteqrasiya prosesləri daha da sürətlənsin. Bölgəmizin perspektivlərinə bu cür baxış Cənubi Qafqaz ölkələri ilə yanaşı, bütün region dövlətlərinin marağına cavab verir, eləcə də Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasına xidmət edir”.

Prezident İlham Əliyevin bölgədaxili və regional iqtisadi əlaqələrə konseptual yanaşma tərzinin, habelə həmin əlaqələrin Avropa və Asiya məkanındakı dövlətlərin maraqları ilə tarazlı şəkildə uzlaşdırılmasına yönələn mövqeyinin həm də iqtisadi tərəqqi və rifah məsələlərinin həlli ilə yanaşı, yeni münaqişə ehtimallarını və Ermənistan kimi ölkələrin işğalçılıq niyyətlərinin gələcəkdə minimuma endirilməsinə xidmət edəcəyini vurğulayan Ü.Quliyev deyib: “Çünki son 30 ildə bu cür məkrli niyyətdən ən çox əziyyət çəkənlərdən biri məhz Azərbaycan olub. Dövlətimizin başçısı mətbuat konfransında bu məsələyə də xüsusi yer ayırdı və yüksək səviyyəli qonağın diqqətinə mövcud həqiqətləri bir daha çatdırdı: “Oralar yerlə-yeksan edilib və həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonrakı dövrdə törədilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər”. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin simasında Aİ-yə üzv ölkələrin və dünya dövlətlərinin diqqətini Vətən müharibəsi günlərində Ermənistan tərəfindən törədilmiş digər müharibə cinayətlərinə də yönəltdi: “Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tuturdular. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SKUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib”. Dövlətimizin başçısı Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti ilə yanaşı, onun digər müharibə cinayətini – Qarabağ ərazisini total şəkildə minalamasını da Prezident Şarl Mişelin diqqətinə çatdırdı və bu da təsadüfi deyildi. Çünki müharibədən ötən səkkiz ay ərzində bəzi istisnaları çıxmaq şərtilə, Ermənistan tərəfindən törədilmiş vandallıq aktlarının beynəlxalq mediada işıqlandırılmasına baxmayaraq, onun bu əməllərinin sərt və adekvat şəkildə qınanması nümunələri cəmiyyətimiz üçün yetərli görünmür”.

Ü.Quliyev mətbuat konfransında diqqət çəkən bir neçə mühüm məqamı xüsusi vurğulayaraq qeyd edib: “Prezident İlham Əliyev Avropa İttifaqına üzv ölkələrə və beynəlxalq birliyə bir daha bu mesajı verdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən və 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatdan sonrakı dövrü post-münaqişə dövrü hesab edir, eləcə də müharibənin bitdiyi qənaətindədir. Eyni zamanda, dünya birliyinin diqqətinə növbəti dəfə çatdırıldı ki, son 30 ildə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinə, 27 il ərzində BMT qətnamələrinin icrasından yayınmasına göz yumulmasına və nəhayət, həmin qətnamələri ölkəmizin təkbaşına yerinə yetirmək məcburiyyətində qalmasına baxmayaraq, Azərbaycan qalib ölkə kimi sülhə və bölgədə kommunikasiyaların açılmasına hazırdır. Məğlub Ermənistanın davranışı isə onu göstərir ki, xəstə təxəyyülün və sərsəm xülyaların girovuna çevrilən bu ölkə ona verdiyimiz tarixi dərsdən ibrət çıxarmaqda da acizdir. Prezidentimiz beynəlxalq münasibətlərin subyektlərinə bu mühüm mesajını da göndərdi: “Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir”. Prezident İlham Əliyev bu bəyanatla siyasi iradəsini, Şuşa Bəyannaməsinə və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmana əsaslanan mövqeyini növbəti dəfə ortaya qoydu. Heç şübhəsiz ki, Prezidentimizin mətbuat konfransında səsləndirdiyi bəyanatlar Ermənistanın və ona havadarlıq edənlərin, habelə regiona marağını gizlətməyən güclərin diqqətindən yayınmayacaq, bölgədə yaranmış yeni geoiqtisadi və geosiyasi reallığa daha həssas və daha çox anlayışla yanaşılmasına kömək edəcək”.

Mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatla bağlı iki məqamı qeyd edən Ü.Quliyev bildirib ki, yüksək səviyyəli qonaq təmsil etdiyi Aİ-nin ölkəmizlə əməkdaşlıq və tərəfdaşlıq sahəsində prioritet istiqamətlərini göstərməklə yanaşı, bölgədəki yeni reallıqları nəzərə aldığını da nümayiş etdirdi. Prezident Şarl Mişel bəyanat və çıxışında Dağlıq Qarabağ ifadəsini işlətmədi, buna qədər bəzi xarici dairələrin məqsədli şəkildə qabartdıqları hərbi əsir mövzusunu isə məhbus ifadəsi ilə əvəzlədi.

“Yekun olaraq, mətbuat konfransından çıxara biləcəyimiz nəticələrdən biri, zənnimcə, budur ki, Prezident İlham Əliyev regional və qlobal təhlükəsizlik məsələlərinin həllində ümumi maraqların təmin olunmasına xidmət edən daha dərin iqtisadi inteqrasiyaya, kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasına, qarşılıqlı hörmətə söykənən bərabərhüquqlu münasibətlərin qurulmasına xüsusi önəm verdiyini bir daha təsdiqlədi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 20-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi yüksək səviyyəli müzakirələrdə dövlətimizin başçısı tərəfindən beynəlxalq subyektlərin marağına cavab verən iqtisadi əməkdaşlığın nəticədə sülhə və sabitliyə xidmət göstərə biləcəyi məhz belə ifadə olunmuşdu: “Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq”. Son günlər Ermənistanın sərgilədiyi davranış, atəşkəsi məqsədli şəkildə pozması halları göstərir ki, o, çoxluğun yer aldığı böyük gəmidə hamı ilə birgə olmağın faydasını hələ də dərk etmir, hər an bu gəmi ilə toqquşa biləcək kiçik qayıqda qalmağa və erməni cəmiyyətinin onsuz da zəhərlənmiş ictimai şüurunu daha çox zəhərləməyə üstünlük verir. Əgər Ermənistan mövqeyini dəyişməsə, onun əyləşdiyi o kiçik qayıq artıq bu dəfə tamamən batmağa məhkum olacaq. Azərbaycan xalqı 30 il boyunca səbir etdi, görəndə ki, Ermənistan daşı ətəyindən tökmür, həmin daşları ətəyindən yerə salmağa onu məcbur etdi. Bu illər erməni toplumuna göstərdi ki, xalqımız səbirli olmağı bacardığı qədər, ədalətli məqsədinə çatmağa da qadirdir, şəhidlərimizin həyatı, qazilərimizin qanı bahasına olsa da. Müqəddəs Qurban bayramı günlərində Allahdan bütün şəhidlərimizə dönə-dönə rəhmət diləyir, qazilərimizə uzun ömür arzu edirəm”, – deyə deputat vurğulayıb.

Ü.Quliyev bildirib: “Məkrli qonşumuz və onun himayədarları bilməlidirlər ki, Azərbaycan xalqı səbri ilə kiminsə oynamasına bundan sonra imkan verməyəcək. Doğma torpaqlarında, milli qüruru və tarixi ədalətin təntənəsi naminə haqq savaşında həyatını itirən qəhrəman Azərbaycan əsgər və zabiti Şəhidlik zirvəsinə yüksəlir. Bizim torpaqlarda qırılan erməni gənclərinin taleyi Ermənistan hakimiyyətini artıq düşündürmürsə, son müharibədəki on minlik fərarilər ordusundan nəticə çıxarmayıbsa, erməni millətini daha böyük faciədən qurtarmaq üçün sağlam məntiqə üstünlük verə və dinc birgəyaşayış yolunu seçə bilmirsə, heç olmazsa, Ermənistanda sözü keçən yüksək səviyyəli qonaqlardan kimsə, nəhayət, onları başa salmalıdır ki, bu yol erməniləri geri qayıdışı olmayan uçuruma aparır. 44 günlük Vətən müharibəsindən ibrət dərsi almayacağı təqdirdə, Ermənistanı daha böyük peşmanlıq gözləyir. Sonrakı peşmanlıq isə məlum olduğu kimi, heç vaxt fayda verməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki