Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının deputat sədrləri və təmsil olunmayan bir neçə partiyanın rəhbəri Medianews.az saytına açıqlamalarında Azərbaycanda əhalinin sayının 10 milyonu keçdiyini əsas göstərərək deputatların sayının artırılmasının zamanı çatdığını deyiblər. Onlar həmçinin qeyd ediblər ki, parlament seçkilərinin qarışıq (Majoritar və proporsional) seçki sistemi ilə keçirilməsinə keçməyin vacib olduğunu qeyd ediblər.
Bəs qeyd olunan bu məsələlər reallaşa bilərmi?
Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi ali qanunverici orqan olaraq, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır, çoxsaylı qanunlar qəbul edir, qanunlara düzəliş edir.
Yəni parlament ictimai münasibətlərimizin hüquqi baxımdan tənzimlənməsi üçün qanunvericilik təminatını həyata keçirə bilir:
“Ancaq nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın əhalisi 10 milyon nəfərdən çoxdur. 1995-ci ildə Milli Məclisə keçirilən ilk seçkilərdə Azərbaycan əhalisinin sayı 7 milyon nəfər idi. 1995-ci ildən Milli Məclis üzvlərinin sayı 125 nəfərdir. Əhalimizin sayının 3 milyondan artıq artmasını nəzərə aldıqda deputatların sayının artırılması mümkün görünür. Bu, iki müsbət nəticələrə gətirib çıxara bilər. Bunlardan birincisi odur ki, seçki dairələrinin sayı çoxaldıqca dairələrdə seçicilərin sayı azalacaq və beləliklə, millət vəkilləri daha az saylı seçicilərlə işləməklə onların daha keyfiyyətli tribunasına çevriləcəkdir. İkincisi, parlamentdə təmsilçilik sayı artdıqca istehsal olunan fikir sayı, düşüncə sayı, təşəbbüslər sayı da çoxala bilər ki, bu da əlbəttə parlametnin fəaliyyətinə yeni keyfiyyət gətirə bilər. Bunlar təqdir oluna biləcək hallardır”.
Qarışıq seçki sisteminə gəldikdə isə Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanın belə bir təcrübəsi var:
“1995-ci ildə ilk Milli Məclisimiz formalaşan zaman qarışıq seçki sistemindən istifadə edilib. 2002-ci ilə qədər Azərbaycanda qarışıq seçki sistemi mövcud olub. 25 deputat proporsional formada, 100 deputat isə majoritar qaydada seçilib. Təcrübə göstərir ki, bu da məqbul forma ola bilər. Ancaq bunun bütün bunların reallaşdırılması üçün müvafiq qanunlarımıza zəruri əlavələri etmək lazımdır. Əgər cəmiyyətimizdə belə bir qənaət formalaşsa ki, bu dəyişiklikləri etmək zəruridir, o zaman əlbəttə həmin dəyişiklikləri etmək mümkündür”.


























