Martın 10-da XI sinif üzrə keçirilmiş buraxılış imtahanının nəticələri bu həftə açıqlanacaq.
Bu barədə Vətəninfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin aprelin 19-dək elan olunması nəzərdə tutulur. “Nəticələr hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil”, – DİM-dən bildirilib.
Martın 10-da Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar şəhər və rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İmtahanlarda 53 mindən çox şagird iştirak edib.