image-reklam-veteninfo
image-mekteb1-jpgbackend

Din pərdəsi altında uşaqların rəqəmsal və psixoloji istismarı: İdeoloji təxribatın məsum qurbanları

image-reklam-veteninfo
​Günlərdir sosial şəbəkələrdə şagirdlərin məktəblərin qarşısında çəklimiş videolarını izləyirik; onların fotoları da yerli və xarici internet resurslarında tirajlanır. Bəzi valideynlərin və arxa fonda mənzillənən müəyyən qüvvələrin məqsədi aydındır: kədərli, məzlum və ya zərərçəkmiş uşaq profili yaradaraq dövlət orqanları üzərində emosional-psixoloji təzyiq formalaşdırmaq, cəmiyyətdə qütbləşmə yaradaraq kütləvi qəzəb hissi oyatmaq. Lakin məsələnin ən acınacaqlı tərəfi odur ki, məktəblərin qarşısına toplanaraq övladlarının hüquqlarının pozulduğunu iddia edən valideynlər, əslində, özləri həmin uşaqların hüquqlarını ən kobud şəkildə pozurlar.
​Ümumiyyətlə, uşaqların dini-manipulyativ proseslərdə vasitə kimi istifadə edilməsi təsadüfi bir reaksiya deyil. Bu, radikal və fanatik dini qrupların illərdir müxtəlif coğrafiyalarda tətbiq etdiyi sistematik və sınaqdan keçmiş taktikasıdır. Xüsusən Yaxın Şərq coğrafiyasında, o cümlədən İranda müəyyən mərasimlərdə azyaşlı uşaqların əlinə zəncir verilərək özlərinə xəsarət yetirməyə təşviq edilməsi, başlarının çərtilib qana boyanması uşaq hüquqlarının dini doqmalar naminə necə ayaqlar altına alındığının bariz göstəricisidir. Uşaq burada müstəqil fərd kimi deyil, ideoloji təbliğat materialı kimi çıxış edir, daha doğrusu edilir.
​Bu gün elm və bilik məbədi kimi ehtiramla yanaşdığımız məktəblərimizin girişində azyaşlıları ön plana çıxararaq çəkiliş aparmaq, onları hansısa qarşıdurmanın “üzü” etmək həmin təhlükəli ideoloji yanaşmanın lokal təzahürüdür. Plan sadədir, uşaqların məsumluğundan və kövrək emosional durumundan sui- istifadə edilir, beləliklə, dövlət aparatına, onun qanun külliyatına, dövlət modelinə qarşı ümumxalq nifrəti aşılanmağa çalışılır.
​Məsələn, şəhid Eminin azyaşlı qızının kamera qarşısında emosional çıxış edərək məktəbə gedə bilməməsindən şikayətlənməsi, “Hicaba azadlıq” tələb etməsi və özünü Xədicə kimi deyil, “Kərbəlayı Xədicə” kimi təqdim etməsi mənzərənin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Kiçik uşağa bu cür ağır dini titulların mənimsədilməsi və onun bu dərəcədə mənəvi-psixoloji yüklənməsi xoş niyyətin təzahürü ola bilməz.
​Balaca Xədicənin fərdi identikliyini, uşaqlığını əlindən alıb ona ağır dini-ideoloji rol biçmək onun psixologiyasına və gələcəyinə vurulan ən ağır zərbədir. Uşağın təfəkkürünü yaşından böyük ideoloji anlayışlarla doldurub onu kamera qarşısına çıxarmaq hüquq müdafiəsi deyil, uşaq şüurunun amansızcasına manipulyasiyası və onun fundamental azadlıqlarının əlindən alınmasıdır. Əslində, Xədicəni və Xədicələri bu ağır dini-ideoloji buxovdan xilas etmək lazımdır. (Zatən, hələ də qarşısını ala bilmədiyimiz erkən nikahlar da məhz bu kimi zərərli düşüncələrin məhsulu deyilmi?!)
​İndi isə bəhs etdiyimiz məsələnin hüquqi tərəflərini gözdən keçirək. Vahid məktəbli forması qaydasına riayət etmək istəməyən bəzi valideynlər tərəfindən törədilən və sürətlə dramatikləşdirilən bu kimi fəaliyyətlər ölkə qanunvericiliyinin fundamental normaları ilə birbaşa ziddiyyət təşkil edir:
• ​”Uşağın Üstün Mənafeyi” prinsipi: Qanunvericiliyimizə edilən son dəyişikliklərə əsasən, uşaqların maraqlarının təmin edilməsində “Uşağın Üstün Mənafeyi” prinsipi əsas götürülür. Qanun uşaqların hər hansı kiberzorakılığa (bullinqə) məruz qalmasını, habelə yetkinlik yaşına çatmayanların məlumatlarının və vizual görüntülərinin valideyn və ya kənar şəxslər tərəfindən uşağın gələcək maraqlarına zərbə vuracaq şəkildə (yazılı razılıq və hüquqi əsas olmadan) kütləvi paylaşılmasını qəti qadağan edir. Uşaq burada hüququ qorunan müstəqil subyekt olmalı ikən, valideynlər tərəfindən “mübarizə vasitəsi” və vizual alət kimi istifadə edilir.
• ​”Rəqəmsal iz” (Digital Footprint) və damğalanma: Sosial şəbəkələrə yüklənən vizual materiallar silinmir; onlar müxtəlif səhifələr tərəfindən tirajlanır, arxivlənir və uşağın gələcək rəqəmsal kimliyini formalaşdırır. Həmin uşaq böyüyəndə, illər sonra qarşısına çıxacaq bu görüntülər onun psixologiyasına, cəmiyyətə inteqrasiyasına və fərdi seçim azadlığına ağır zərbə vura bilər. Uşağın gələcəkdə cəmiyyətin müəyyən kəsimi tərəfindən təqdir ediləcəyi və ya damğalanacağı sual altındadır.
​İnkişaf etmiş cəmiyyətlərdə uşaqların rəqəmsal məxfiliyinə və görüntülərinin paylaşılmasına son dərəcə sərt hüquqi çərçivədən yanaşılır:
• ​GDPR (Ümumi Məlumatların Qorunması Qaydaları): Avropada qüvvədə olan GDPR çərçivəsində uşaqların şəxsi məlumatları və vizual görüntüləri xüsusi qorunan kateqoriyaya daxildir. Valideyn olmaq uşağın rəqəmsal hüquqlarını tapdalamaq səlahiyyəti vermir.
• ​Fransa nümunəsi: Fransa qanunvericiliyinə görə, valideynlərin uşaqlarının fotolarını onların razılığı olmadan internetdə paylaşması ciddi şəkildə məhdudlaşdırılır. Hətta uşaq həddi-buluğa çatdıqdan sonra şəxsi həyatının məxfiliyini pozduqlarına görə öz valideynlərini məhkəməyə verib təzminat tələb edə bilər.
• ​Almaniya və “Sharenting” xəbərdarlığı: Almaniyada polis və uşaq hüquqları təşkilatları müntəzəm olaraq maarifləndirmə kampaniyaları keçirərək valideynlərə uşaqların şəkillərini sosial mediada paylaşmamağı (sharenting) tövsiyə edir. Bu növ paylaşımların kiber-cinayətkarlıq və digər ciddi risklər yaratdığı rəsmən bildirilir.
• ​Məktəb standartları: Avropa məktəblərində tədris ilinin əvvəlində valideynlərdən xüsusi razılıq formaları alınır. Əgər yazılı razılıq yoxdursa, uşağın hər hansı məktəb tədbirində çəkilən fotosu belə rəsmi saytlarda və ya mediada paylaşıla bilməz.
​Birmənalı olaraq deyə bilərik ki, məktəblərin önündə uşaqların — daha çox valideynin diktəsi və ya psixoloji vəziyyəti ilə balanslanan — kədərli və ya çaşqın halını kameraya çəkmək və tirajlamaq açıq-aşkar emosional istismardır. BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlarla bağlı atılan hər bir addımda “Uşağın Ən Üstün Mənafeyi” əsas götürülməlidir. İctimaiyyətin diqqətini çəkmək və dövlətə qarşı təzyiq rıçaqı yaratmaq üçün yaş etibarilə hələ mühakimə hissi formalaşmamış və təsir altında olan uşağın hisslərindən və görüntüsündən istifadə olunması bu beynəlxalq prinsipə kökündən ziddir.
​Bəzi valideynlərin “Hicab təhsilə mane deyil” və ya “Hicab Allahın qeyrətidir” kimi dini-ideoloji şüarları əldə rəhbər tutaraq övladını təhlükəli sosial media kampaniyalarının və “arzulanan” qarşıdurmaların ön xəttinə atması, onun beynini erkən yaşda radikal doqmalarla doldurması təhsil uğrunda mübarizə deyil. Bu, Azərbaycan Respublikasının Konstitusiyasını və “Uşaq hüquqları haqqında” Qanunu kobud şəkildə pozaraq uşağın rəqəmsal, psixoloji və şəxsi təhlükəsizliyini birbaşa riskə atmaq, onun gələcəyini amansızcasına tapdalamaqdır.
​Əgər uşaqlar bizim gələcəyimizdirlərsə, dövlətimizin vəzifəsi də gələcəyimizi qorumaqdır!
Hazırda etdiyi budur!
Bəhruz Həsənov



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki