image-3backend

Dövlət müstəqilliyinin bərpası.

image-reklam_sirab_01

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. 80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi “parçala, hökm sür” siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma “Dağlıq Qarabağ problemini” qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər.

1987-ci ilin oktyabrında Yerevanda “Qarabağ komitəsi” deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda “Miasum” (birləşmə) hərəkatı genişlənirdi.

Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin SSRİ-nin rəhbərliyi, habelə müvəffəqiyyətlə aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Moskva Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərin tələblərini öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur olmuş Azərbaycan xalqının tələbləri ilə eyniləşdirmək, nəticədə kompromis axtarmaq kimi riyakar mövqe tuturdu.

Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar.

İmperiya respublikada hakimiyyət böhranından, bəzi bölgələrdə olduğu kimi, Bakıda da sovet hökumətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakının ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Moskva özü yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov şəxsən rəhbərlik edirdi.

Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Şəhidlər şəhərin ən uca yerində – Dağüstü parkda dəfn edildilər.

Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən sol müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın “Azadlıq” meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı.

Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı.

1991-ci il avqustun 26- dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu. Noyabrın 26-da Ali Sovet Milli Şura haqqında qanuna yenidən baxdı və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri dəyişdirdi. Paritet əsasda 25 nəfər “demblok” nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Heydər Əliyev blokada şəraitində olan Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Onun rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi.

Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi. İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Başlanmış vətəndaş müharibəsini dayandırmaq, müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz nəzarəti altında saxlamaq məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi. Rusiyanın anti-Azərbaycan qüvvələrinə arxalanan polkovnik Əlikram Hümbətov Lənkəranda başçılıq etdiyi hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmişdi. Avqustun 7-də cənub bölgəsində üzdəniraq “Talış Muğan Respublikası” yaradıldığı elan olunmuşdu. “Hökumət” təşkil edilmişdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. Cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənib avqustun 21-23-də elə miqyas aldı ki, Ə. Hümbətov qaçmalı oldu. Üzdəniraq “respublika” ləğv edildi.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi.

1994-cü ilin fevralında Kəlbəcərdə uğurla başlanan “Murovdağ” əməliyyatı bir qrup zabitin satqınlığı üzündən uğursuzluqla nəticələndi. Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub saxlamaq, qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə etmə hüquqi əsas yarada bilən və Azərbaycan üçün alçaldıcı olan bir saziş layihəsi təklif etdi. Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma başladılar. Azərbaycan ordusu bu dəfə də düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi. Lakin ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə bölgəsinin kəndlərini işğal edə bildilər. Bərdə üçün ciddi təhlükə yarandı. Azərbaycan ordusu buraya əlavə qüvvələr gətirməklə düşmən hücumunun qarşısını aldı və əks hücuma keçib bir neçə yaşayış məntəqəsini geri qaytardı.

Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın münaqişəni həll etmək sahəsindəki səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Yuxarı Qarabağın erməni və azərbaycanlı icmalarının niyyətini təsdiq edən Bişkek protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.

Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, Milli Ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun daha da möhkəmləndirilməsindən başlandı.

1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması, Surət Hüseynovun, Cavadov qardaşlarının kölgəsi altında, onların başçılıq etdikləri cinayətkar dəstələrin, Xüsusi Təyinatlı Polis Dəstəsi kimi dövlət strukturlarına daxil olan bir qurumun qanunsuz hərəkətləri fonunda əl-qol açan digər cinayətkar qrupların və ünsürlərin ifşa olunması və zərərsizləşdirilməsi respublikada bütövlükdə cinayətkarlıqla mübarizənin yeni vüsətdə güclənməsinə təkan verdi.

Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.

İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı.

Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 20 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

 

Azər Hüseynov

Nəsimi rayon sakini,

Əməkdar mədəniyyət işçisi

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki