image-4backend

Dünyanı çənginə alan qorxulu koronavirus ştamlarından yalnız peyvənd sayəsində qurtulmaq mümkündür.

image-reklam_sirab_01

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni ştamlar bütün dünyanı çənginə alıb. Xüsusilə, “narahatlığa səbəb olan variantlar” kateqoriyasına aid edilən dörd ştamın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası getdikcə böyüyür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu qrupa daxil olan ştamların dünyada sürətlə yayılmasından narahatlığını ifadə edərək məlumat verib ki, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan “alfa” variantı iyulun 28-nə olan məlumata görə, artıq 182 ölkədə aşkarlanıb. Ötən ilin avqust ayında Cənubi Afrikada ortaya çıxan “beta” variantı, hazırda 131 dövlətdə mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilən “qamma” variantı isə, yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamının yayıldığı ölkələrin sayı isə 132-yə çatıb. ÜST-ün həftəlik epidemioloji bülletenində məlumat verilir ki, son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 4 milyondan çox yoluxma halı aşkar edilib. Eyni zamanda ölüm hallarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-ün məlumatına görə, pandemiya başlandığından bəri dünyada koronavirusa 194 milyondan çox yoluxma halı və 4 milyondan çox ölüm halı qeydə alınıb.

Epidemioloji vəziyyətin gərgin olaraq qalması dünyanın normala dönməsinin hələ də mümkün olmadığını göstərir. Buna görədir ki, bir müddət əvvəl müəyyən yumşaldılmalara gedən ölkələr, yoluxmanın sayının artması ilə əlaqədar bu qərarları ləğv edib və yenidən mübarizə tədbirlərini gücləndirməyə başlayıblar.

Mütəxəssislər virusların davamlı olaraq mutasiya etməsini təbii hal kimi dəyərləndirirlər və məlumat verirlər ki, yaranan variantların əksəriyyəti ziyansız sayılsa da, bəziləri daha yoluxucu, daha ölümcül ola bilirlər. İngiltərədə aparılan bir araşdırma isə “delta” variantının əvvəllər COVID-19 yoluxmalarında rast gəlinəndən fərqli simptomlar göstərə biləcəyini ortaya qoyub. İngiltərədə “Zoe Covid Simptomları” adlı araşdırma aparan professor Tim Spector “delta” variantına sahib olanlar arasında daha çox baş, boğaz ağrısı və burun axması kimi simptomlara daha çox rast gəlindiyini bildirib. O qeyd edib ki, bu ştama yoluxan gənc xəstələr özlərində şiddətli soyuqdəymə hiss edirlər.

Əvvəllər COVID-19 simptomları İngiltərə Səhiyyə Xidməti tərəfindən öskürək, qızdırma, qoxu və dad itkisi kimi sayılırdısa, araşdırmalar zamanı anket formalarını dolduran minlərlə COVID-19 xəstəsinin hesabatlarına görə, bu simptomların indi daha az yayıldığı ortaya çıxıb: “İnsanlar bir növ mövsümi soyuqdəymə keçirdiklərini düşünürlər və başqaları ilə əlaqə saxlayırlar. Bu yolla virusu daha altı nəfərə ötürə bilirlər. Düşünürük ki, yoluxmaların artmasında bu hal mühüm rol oynayır”, – deyə professor Spektor bildirib.

Əksər elm adamlarının birgə qənaəti isə COVID-19-dan və onun getdikcə ortaya çıxan müxtəlif qorxulu ştamlarından qurtuluş yolunun yalnız peyvəndləmə ilə mümkün olması ilə bağlıdır. Koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın mühüm rolu var. Peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazandıqdan sonra COVID-19 bəlasından qurtula bilər.

Azərbaycan da vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Ölkəmizdə yanvar ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start verilən bu proses uğurla davam etdirilir. Artıq 5 milyona yaxın doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir.

Respublikamızda COVID-19 xəstəliyinə qarşı 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Son zamanlar isə bəzi ölkələrin tibbi tövsiyələrində iki dozadan sonra yeni peyvəndin, eləcə də sağalmış xəstələrin vaksinasiyasının zəruriliyi qeyd olunur.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü buster-doza (qüvvətləndirici əlavə peyvəndləmə) vaksin vurulması məqsədəuyğun hesab edilir.

Türkiyəli professor-doktor Osman Müftüoğlu 3-cü doza ilə bağlı məlumat verərək bildirir ki, bir neçə istisna xaricində vaksinlər üçün də müəyyən bir “güvənmə” müddəti var. Bu müddət hər vaksin üçün fərqlidir. Aralığı təyin edən, peyvənd tərəfindən təmin edilən hüceyrə və sekretor qoruma, yəni antikor səviyyəsi və T hüceyrə toxunulmazlığıdır. Əksər peyvəndlər üçün zamanla azalmış toxunulmazlıq səviyyəsini artırmaq və əvvəlki səviyyəsinə qaytarmaq üçün “gücləndirici doza”, “xatırlatma dozası”, yəni bir növ “artırıcı doza” tələb oluna bilər. Bu doza sayəsində artan antikor gücü və gücləndirilmiş hüceyrə immun reaksiyası insanları daha çox qoruyur.

“3-cü doza şərtdirmi” sualına aydınlıq gətirən professor söyləyir ki, mütəxəssislərin də ortaq qənaəti budur ki, qrip peyvəndi hər mövsüm təkrar edildiyi kimi, ehtimal ki, ildə bir dəfə koronavirus üçün peyvənd edilməli və ya 2 dozadan sonra 3-cü doza peyvənd vurulmalıdır: “İstər ölü virus peyvəndi, istərsə də vektor peyvəndi və ya mRNA (BioNTech) peyvəndi olsun, nəticənin əhəmiyyəti yoxdur, digər peyvəndlərdə olduğu kimi, zaman keçdikcə COVID-19 peyvəndi ilə təmin edilən toxunulmazlıq da azalır. Buna görə də 3-cü doza vaksin vurdurmağın faydası var.

ABŞ-ın səhiyyə mütəxəssisi doktor Entoni Fauci də koronavirusla bağlı son açıqlamalarının birində peyvəndin üçüncü dozasının lazım olacağını söyləyib.

Göründüyü kimi, koronavirus dünyanın bir nömrəli problemidir və hər ötən gün yoluxma arealını artıraraq insanların həyatını təhlükəyə atmaqda davam edir. Amma hazırda bəşəriyyət koronavirusun yayıldığı ilk zamanlarda olduğu kimi çarəsiz deyil. COVID-19-a qarşı təsirli silah – peyvəndlər tapılıb. Sadəcə olaraq, hər kəs vaksinasiya prosesində aktiv iştirak edərək, tezliklə “taclı bəla”nın tərksilah olmasına çalışmalıdır.

Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür;

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir;

ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunmuşdur. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır;

Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

 

İradə Hüseynova,

Nəsimi rayon sakini

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki