image-hulya-memmedlibackend

Erməni mifologiyasına son qoyan böyük zəfərin yaratdığı yeni reallıqlar

image-reklam_sirab_01

Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğalda saxladığı 30 ilə yaxın müddətə nəzər saldıqda ölkəmizin İkinci Qarabağ müharibədəki qələbəsinin heç də təsadüfi olmadığı aydın görünür. Danışıqlar prosesinin getdiyi 26 il ərzində Azərbaycan hər bir sahədə ciddi işlər gördü, daxildə siyasi sabitlik təmin edildi, qanunçuluq bərpa olundu, iqtisadiyyatın inkişafına xidmət edən mühüm islahatlar aparıldı, infrastruktur yeniləndi, əhalinin rifahı yüksəldildi, güclü ordu yaradıldı. Xarici tərəfdaşların cəlb olunması ilə gerçəkləşən nəhəng enerji layihələri ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə bərabər, beynəlxalq nüfuzunu da artırdı. Paralel olaraq fəal xarici siyasət aparıldı, hücum diplomatiyası işə salındı.
Beləliklə, işğalın davam etdiyi 30 ilə yaxın müddətdə Azərbaycanın hər sahədə inamla inkişaf edən güclü, nüfuzlu bir dövlət, Ermənistanın isə dotasiyalarla yaşayan, iqtisadi dalana çevrilmiş forpost ölkə olması reallığı formalaşdı. İqtisadiyyatın həcmindən demoqrafik göstəricilərinədək hər sahədə Azərbaycandan dəfələrlə gücsüz olan Ermənistan isə havadarlarına güvənərək ərazilərimizin 20 faizini işğalda saxlamaqda davam edir, üstəlik, həyasızcasına, yeni iddialar, təhdidlərlə çıxış edir, cəbhədə və sərhəddə təxribatlar törədirdi.
Ermənistanın və havadarlarının yürütdüyü bu yanlış siyasət, davamlı təxribatlar, nəhayət, münaqişənin sülh yolu ilə həlli imkanlarını tamamilə tükəndirdi və 44 günlük müharibə bunun məntiqi nəticəsi oldu. Prezident İlham Əliyevin mayın 28-də Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə də söylədiyi kimi, artıq bütün dünya Azərbaycanın gücünü gördü: “44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq”.
Misilsiz qəhrəmanlıq göstərən Azərbaycan ordusu müharibənin hər bir günündə daim irəli getdi, bir dəfə də olsun, taktiki məqsədlə belə geriyə çəkilmədi. Bu müharibə bir daha onu göstərdi ki, Ermənistan üzərindəki əzici üstünlüyünə baxmayaraq, Azərbaycan illər boyunca necə böyük səbr, təmkin nümayiş etdirərək danışıqlara sadiq qalıb, rəsmi İrəvanın pozuculuq mövqeyinə qarşılıq hər zaman konstruktivlik göstərib. Lakin nə Ermənistan, nə də havadarları Azərbaycanın bu sülhpərvər, təmkinli siyasətini vaxtında dəyərləndirmədilər, müharibəni qaçılmaz etdilər.
Azərbaycan isə müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apardı. Müharibənin bütün qaydalarına əməl etməklə Azərbaycan, hətta, qlobal güc hesab olunan dövlətlərə də əsl nümunə göstərdi. Məhz buna görə də Ermənistan tərəfində mülki vətəndaşlar arasında olduqca az itkilər qeydə alındı. İri şəhərlərimizi qadağan olunmuş silahlardan hədəfə alaraq hərbi cinayətlər törədən Ermənistandan fərqli olaraq, Azərbaycan dinc əhaliyə toxunmadı, yalnız işğalçı orduyla mübarizə apararaq möhtəşəm olduğu qədər ləyaqətli qələbə qazandı. Ermənilərin özlərini “növbəti soyqırımı” qurbanı kimi təqdim etmək cəhdləri isə iflasa uğradı.
Bu müharibə ilə ölkəmiz erməni faşizmini məğlubiyyətə uğratdı. Bu müharibə yerli azərbaycanlı əhalini sıxışdırmaq hesabına özünə “dövlət” quran Ermənistanın öz ərazilərini işğal və etnik təmizləmə yolu ilə daha da genişləndirmək niyyətini puç etdi. Bu müharibə erməni lobbisinin, ideoloqlarının erməni xalqı, Ermənistan haqqında yaratdıqları mifologiyanın da sonu oldu. Dövlət başçımızın da dediyi kimi, deməli, erməni xalqı ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir: “Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır”.
İkinci Qarabağ savaşı göstərdi ki, bu 30 il müddətində ermənilər özlərinə dövlət qura bilməyiblər. Onların dövlətçilik anlayışının təməlində bütün dünyanın qəbul etdiyi ali və sivil dəyərlər deyil, işğal, irqçilik, ayrı-seçkilik və vandalizm dayanır. Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndlərinin acınacaqlı durumu, yerlə-yeksan edilmiş yaşayış obyektləri, mədəniyyət abidələri, bölgənin təbiətinə vurulan zərbə erməni vəhşiliyini, barbarlığını bütün dünyaya göstərdi.
Ermənilər indiyədək özləri barədə uydurub inandıqları təsəvvürlərin, ideologiyanın, “tarixin” yanlış və saxta olduğunu nəhayət dərk etməlidirlər. Böyük güclərin kölgəsinə sığınıb addım-addım öz mənfur planlarını həyata keçirmək bundan sonra mümkün olmayacaq. Prezident İlham Əliyevin ağıllı, cəsarətli siyasəti, liderliyi, sərkərdəliyi tarixin gedişini dəyişdirdi. 44 günlük müharibədəki ağır məğlubiyyətləri erməniləri yeni kimlik axtarışına sövq etməlidir. Onların bundan sonrakı taleyi, Ermənistanın bir dövlət kimi mövcudluğu ermənilərin özlərini yeni geosiyasi reallıqda hansı formada təqdim edəcəklərindən, hansı dəyərləri rəhbər tutacaqlarından asılı olacaq.
Bunun fonunda isə müharibədən keçən bir neçə ay ərzində Qarabağda başlanan geniş quruculuq və bərpa prosesi Azərbaycan xalqının sülhərvər, yaradıcı, xoşgörü dəyərlərinin təntənəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda yeni bir mühit formalaşdırıb. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək, xalqımız müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq, yaradacaq.
Hülya Məmmədli
Politoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki