image-1backend

Ermənistan MDB-nin hərbi tədbirinə getmədi

image-reklam_sirab_01

Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb.

Bu, toplantıda çəkilən xatirə fotosundan məlum olub.

İclasa MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin sədrlik edib. Toplantıda 2023-cü il ərzində görülən işlər təhlil edilib, o cümlədən 2024-cü il üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Həmçinin, müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər. Qeyd edək ki, Azərbaycanı bu tədbirdə Rusiyadakı səfirliyimizin hərbi attaşesi Kənan Təhməzov təmsil edir.

Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur.

Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki