image-img_3507backend

Fransanın qərəzli “oyunu” məkirli siyasətinin nəticəsidir

image-reklam_sirab_01

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi ardıcıl tarixi Qələbələrdən sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərə “hörmət edən” bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını ortaya qoydu. Onların məsələlərə mahiyyətinə görə və ya hüququn aliliyi nöqteyi-nəzərdən deyil, korporativ maraqlar çərçivəsindən yanaşdıqları bir daha bəlli oldu. Suverenliyini bərpa edən, separatizmə son qoyan Azərbaycan əldə etdiyi nəticələrə görə ona qarşı qərəzli mövqelərin sayı artdı. Fransa başda olmaqla bir sıra qərb ölkələri saxta ermənipərəstlik mövqelərini ortaya qoymaqda davam edirlər. Fransanın sərsəm “rəhbərliyi” ilə başladılan kampaniya günbəgün daha da çirkin və qərəzli xarakter alır. Anti-Azərbaycan təbliğata insan hüquq və azadlıqlarının qorunmasını əsas prinsipləri elan edən təşkilatların cəlb edilməsi isə riyakarlığın pik həddi sayıla bilər. Fransa öz xarici siyasətində ardıcıl buraxdığı nöqsanlar hesabına bu gün dünyaya özününəsl üzünü göstərmişdi. Azərbaycan öz uğurlu xarici siyasəti nəticəsində Fransanın yüzillərdi həyata keçirdiyi kolonist siyasəti dünyaya yenidən göstərmişdir. Nəticədə Fransa atdığı addımlara görə artıq beynəlxalq siyasətin oyunçusu kimi nüfuzunu itirib, belə olduqda onlar anti-Azərbaycansiyasətini həyata keçirmək üçün digər Avropa ölkələrini prosessə cəlb etməyə çalışır. Bu gün reallıq ondan ibarətdir ki, artıq Fransa Azərbaycan üçün ikitərəfli münasibətlərdə məqbul hesab ediləcək ölkə kimi hörmət və etibarını itirib. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa faktiki olaraq müstəqil Azərbaycan dövlətinin maraqları əleyhinə fəaliyyət göstərir, anti-Azərbaycan siyasəti yürüdür və açıq şəkildə Ermənistanı hərbi təxribat törətmək üçün addımlar atmağa sövq edir.
Fransanın ölkəmizə qarşı yürütdüyü təxribat xarakterli fəaliyyəti biz 2024-cü il iyul ayının 26-da Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində də müşahidə etdik. Belə ki, Fransanın “France 2” telekanalında canlı yayımında aparıcı Loran Delaus Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar verib. Erməni komandasının keçidi zamanı kanalın aparıcısı öz simpatiyasını gizlədə bilməyib: “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”. Aparıcı həmçinin Qarabağdakı “qondarma rejim”in tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib və bu da Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib. Bu isə öz növbəsində şərhçinin Ermənistan komandası ilə bağlı fikirlərinə münasibətdə kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib.
Birincisi “Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu” ifadəsinin işlədilməsi açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, habelə, beynəlxalq hüququn pozulmasıdır ki, Fransa bu tipli mülahizələri “siyasi həyasızlıq” səviyyəsində sürməkdən hələ də çəkinmir. Çünki qeyd olunan ərazi 30 ilə yaxın idi ki, işğal altında idi. Fransa başda olmaqla BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qəbul etdiyi 4 qətnamə ilə bu işğal faktı təsdiqlənib. Fransa özü də Azərbaycan ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləyib. İkincisi, Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etmək açıq qərəzdir. Azərbaycanla Ermənistan arasında ərazi məsələsi böyük ölçüdə həll edilib. Yəni münaqişənin müharibə etapı bitib. Azərbaycan heç vaxt hərbi əməliyyatları Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə keçirməyib. Buna görə də bu istiqam mənfurətdə nə isə demək doğru deyil.
Ümumiyyətlə idman elə sahədir ki, siyasətdən, düşmənçilikdən uzaq olmalı, sülh, əmin-amanlıq ehtiva etməlidir. Amma bəzi ölkələr birlik, bərabərliyi simvolizə edən Yay Olimpiya Oyunlarını siyasi “təbliğat” vasitəsinə çevirir. Eynilə rəsmi açılış mərasimində Fransanın etdiyi kimi.Tarixən Olimpiya Oyunları həmişə sülhə və müharibəyə son qoymağa çağırıb. Lakin Fransa televiziya kanalı məqsədyönlü şəkildə siyasi qərəz nümayiş etdirərək Olimpiya prinsiplərini pozdu. Sual yaranır: niyə açılış mərasimində Fransa komandası keçəndə müstəmləkəçilik və müstəmləkəçilik mövzuları çəkilmir? Parisin əsrlər boyu başqa xalqlara verdiyi bütün ağrılar xatırladılmır? Təbii ki, bu proses bir daha Fransanın “fəaliyyətində” çirkin müstəmləkə ideyalarından “bəhrələnməsini” göstərir.
Beləliklə, Paris Olimpiya Oyunları tarixə ən qalmaqallı, təxribatlarla dolu, pis təşkil olunmuş, insanlığa, bəşəri dəyərlərə hörmətsizlik göstərən, mənəvi dəyərləri təhqir edən oyunlar kimi düşəcək. Eyni zamanda, Makron hakimiyyəti idmandan belə öz çirkin məqsədləri üçün istifadə etdiyini gizlədə bilmir. Bir sözlə, dünyada ayırıcı xətləri dərinləşdirməyə çalışan, müstəmləkəçi siyasətdən əl çəkmək istəməyən, xalqların azadlıq mübarizəsini boğan, ksenefobiyaya geniş meydan verən, dini, etnik zəmində qarşıdurmalar yaradan Makron Fransasından bundan artığını gözləmək mümkün deyildi.
Fransa bir daha özünün çirkin siyasətinin qurbanı olduğunu hər kəsə nümayiş etdirdi: “Azərbaycana, qardaş Türkiyəyə qarşı düşmənçilik siyasəti aparan, bu ölkələrin daxili işlərinə qarışan, rəsmi Paris min illiklərə dayanan sülh oyunlarını belə sadə qaydada təşkil edə bilmədi. Buna sözsüz ki, Makron hakimiyyətinin mahiyyəti imkan vermədir. Çünki o ancaq xalqları müstəmləkədə saxlamaq, separatizmi dəstəkləmək, suveren ölkələrin hüquqlarına müdaxilə etməyi özünün əsas istiqaməti kimi müəyyənləşdirib”.
Ölkəmizə qarşı sərgilənən açıq təxribatla bağlı olaraq Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin bəyanatı verilib. Bəyanatda bildirilir ki, bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır. Təxribatla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi məsələsi irəli sürülüb.
Son olaraq qeyd edək ki, Fransa və onunla “həmfikir” olan ölkələr heç zaman ölkəmizin əldə etdiyi uğurlara kölgə sala bilməyəcək və müəllifi Azərbaycan olan region reallıqlarına təsir edəbilməyəcəkdir. Bütün dünyada bilsin ki, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz və ona diktə edə bilməz.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki