image-mediabackend

Media haqqında və ya “ho” dilini yaxşı bilənlər…

image-reklam_sirab_01

Keçən həftə Azərbaycan mediasının mövcud durumu haqqında kiçik bir məqalə yazdım. Xaricdə yaşasam da, nə vətənimdə baş verənlərə, nə də peşə ixtisasıma biganə qala bilmədim. Media adı altında şantaj və böhtanlarla manipulyasiya edən Zaur və Əvəz adlı iki şəxsin özünü cəmiyyətə jurnalist kimi sırımasını tənqid etdim. Həmkarlarımı da peşəmizə qəsd edən psevdo-jurnalistlərə öz yerlərini göstərmədikləri üçün qınadım. İstədim ki, digər cəmiyyətlərdə olduğu kimi, vətənimizdə də ictimai-sosial münasibətlər sivil davranış qaydalarına əsaslansın. Yazıçı yazıçılığı ilə, odunçu isə odunçuluğu ilə məşğul olsun. Düşündüm ki, haqqında danışdığım adamlar bəlkə bir az utanarlar və bu biabırçılıqdan imtina edərlər. Məqsədim sadəcə jurnalist peşəsinə hörmətlə yanaşmağa çağırış idi. Yazım mətbuatda getdikdən sonra qeyzlənən yalançı pəhləvanlar – Zaur və Əvəz yenidən smartfon qarşısına keçib ənənəvi rollarını oynadılar. Amma niyə görəsə məni yox, yenidən onların şantajlarına cavab verməyən məmurları hədəfə aldılar. Altında imzamı qoysam da, bu yazının guya hansısa məmur və ya deputat tərəfindən yazdırıldığını iddia etdilər və mənim müəlliflik hüququmu inkar etməkdən utanmadılar. Adları çəkilən məmurları nə yaxından, nə də uzaqdan tanımadığım üçün Zaur və Əvəzin iddialarını anladım. Deməli, bu məmurlar o şəxslərdir ki, dələduzları özlərinə yaxın buraxmırlar. Yazdıqlarıma və o yazı üçün sərf etdiyim vaxta heyfim gəldi. Özlərini azad medianın “savadlı peşəkarları” hesab edən müasir şeyx nəsrullaları başa sala bilmədiyimə təəssüf etdim. O gündən etibarən belələrini necə başa salmaq olar haqqında fikirlər məni rahat buraxmırdı. Bir neçə gün sonra milli mediamızı çirkləndirməkdən utanmayanlar yenə danışdılar. Rabitəsiz nitqlərində mətbəx qadınlarının adət etdiyi dedi-qodularla yanaşı yenə onlara görüm-baxım etməyən bir sıra məmurları ələşdirdilər. Ədalət naminə deməliyəm ki, bu dəfə çox “demokratik” danışdılar, bəzi etiraflarda bulundular. Hətta birinin yalan ölüm xəbərini smartfondan bütün ölkəyə elan edib sonra üzr istədiklərini də etiraf etdilər. Amma dirilən adamdan aldıqları muştuluq haqqında bir kəlmə də qımıldanmadılar. Atalar deyib axı, sağ əl verəni heç sol əl də bilməməlidir. Bu dəfəki danışıqları doğrudan da maraqlı oldu. Başı ekrana yerləşməyən birisi əgər adlarını çəkdikləri məmurlar onlarla əlaqəyə girsələr, onlardan üzr istəyə biləcəklərini də anons etdi. Düzdür, səslərində bir qorxu da hiss olunurdu. Naməlum obyekt görəndə məlum səsi çıxarıb eyni zamanda quyruğunu bulayan canlılar kimi deyəsən, qorxutmaq istədikləri halda özləri də qorxurdular. Həbsdən və küçədən gəlib çirkli libasda media caməsinə soxulmaq istəyən bu ünsürlər başa düşmürlər ki, heç kimin, xüsusilə də məmurların onlara hesabat vermək öhdəliyi yoxdur. Onlar öz etdikləri və etmədikləri barədə məsuliyyəti “mətbəx mediası” qarşısında yox, əsl media qarşısında və müvafiq dövlət qurumları qarşısında daşıyırlar. Əvəz və Zaur kimilərini məmurlar bir müraciətlə gəldikləri yerə geri göndərə bilərlər. Amma görünür bu cür media şarlatanlarına vaxt və diqqət ayırmağı lazım bilmirlər. Amma bu dəfə doğrudan “demokratik” danışdılar. Ən əsası odur ki, onlarla necə davranmağın yolunu göstərdilər. Özlərinin necə ipə-sapa yatacaqlarını eyham edərkən Əvəz Zeynallı ömründə bəlkə bircə dəfə özləri haqqında ağıllı söz dedi: “Ho” var dağa qaldırar, “ho” var dağdan endirər” – dedi Əvəz. İndi başa düşdünüzmü, hörmətli həmkarlar? Dağa qaldıran və dağdan endirən “ho”-ların hansı canlılara deyildiyini yəqin ki, bilirsiz. Əvəz və Zaur da özlərinə o cür müraciət edilməsini istədilər. Şəxsən mənə aydın oldu ki, niyə Əvəz və Zaur kimilərinə “bunu etmək olmaz”, “bu əxlaqa ziddir” sözləri təsir etmir. Onlar “ho” dilini yaxşı başa düşürlər. Onları “ho” deyə qışqırmaqla öz yerlərinə göndərmək olar.

Sara Quluzadə

Almaniya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki