image-indirbackend

         Məğlubiyyətlə barışmaq istəməyən Ermənistan

image-reklam_sirab_01

İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməyə davam etmişdir. Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb olmuşdur. Ermənistanın İkinci Qarabağ müharibəsi ərzində törətdiyi müharibə cinayətlərini dəqiq xarakterizə edə bilmək üçün, ümumilikdə, müharibə cinayətlərinə verilən anlayışı, onun tərkib elementlərini müəyyənləşdirmək vacibdir. Müharibə cinayəti müharibənin aparılması metodlarından asılı olaraq kiriminallaşdırılan və beynəlxalq aktlar əsasında hüquqazidd hesab olunan beynəlxalq cinayətdir. Ümumilikdə beynəlxalq humanitar hüquq normalarının geniş tərkibli pozuntusu hesab oluna biləcək əməllərin həm silahlı münaqişələr zamanı, həm də atəşkəs dövründə törədilməsi müharibə cinayətləri hesab olunmalıdır. Müharibə cinayətlərinin obyekti qismində beynəlxalq humanitar hüquq normaları ilə müəyyən olunmuş müharibənin aparılması qaydaları çıxış edir. Əsas obyektlə yanaşı müharibə cinayətlərinin ayrı-ayrı növlərində əlavə obyektlər də ziyan çəkməkdədir. Müharibə cinayətlərindən zərər çəkən əlavə obyektlər sırasında insanların sağlamlığı, təhlükəsizliyi, həyatı, mülkiyyətə olan hüquqları, ətraf mühitin qorunması, müəyyən növ təbii ehtiyatların rasional istifadəsi, insanların ekoloji təhlükəsizliyinin təmin edilməsi və s. mövcuddur.

Müharibə cinayətlərinin obyektiv cəhəti hərəkət və ya hərəkətsizlikdə ehtiva olunur. Hərəkətsizliklə törədilən müharibə cinayətlərinə hərbi əsir, yaxud digər mühafizə olunan şəxsləri ədalətli və normal mühakimə icraatı ilə təmin etməmə yaxud əsir götürülmüş yaralı şəxslərin sağalması və ya əzab çəkməməsi üçün hər hansı tədbir görməmə kimi hüquqazidd əməlləri nümunə gətirmək olar. Girovgötürümə, mülki əhaliyə və yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə, mülki obyektlərə, yəni hərbi zərurətlə əlaqəli olmayan obyektlərə qəsdən hücum etmə və s. əməllər isə konkret əməli hərəkətlərin edilməsi nəticəsində törədilir.

Beynəlxalq hüquq normalarının, xüsusilə də 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur və bu koteqoriyalı cinayətkarlar cinayətin törədildiyi vaxtdan asılı olmayaraq mühakimə oluna bilərlər. Cinayət məsuliyyətinə cəlb edilmə müddətinin tətbiq olunmaması müharibə cinayətlərini digər cinayətlərdən fərqləndirən əlamətlərdən biri kimi çıxış edir. Bu isə bizə Birinci Qarabağ Müharibəsi zamanı, eyni zamanda atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətini mühakimə etməyə imkan verir.

Müharibə cinayətlərinin ən doğru və effektiv bölgüsü 1998-ci il tarixli Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda aparılmışdır. Roma Statunun müharibə cinayətləri adlanan 8-ci maddəsində 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının müddəalarının, müharibə adət və qanunlarının ciddi pozuntusuna səbəb olan əməllərin, eyni zamanda, beynəlxalq və qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilə biləcək müharibə cinayətlərinin ayrıca təsnifatı aparılmışdır. Roma Statutu müharibə cinayətlərinin müəyyənləşdirilməsi üçün istinad oluna biləcək optimal beynəlxalq mənbə rolunu oynamış və dövlətlərin daxili qanunvericiliyində müharibə cinayətləri sahəsinin vahid formada təsbit olunmasına şərait yaratmışdır.

Ermənistanın mülki əhaliyə və mülki obyektlərə yönəlik hücumlar etməsi “ümumiyyətlə mülki əhaliyə və yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə”nin müharibə cinayəti olduğunu təsbit edən Roma Statutunun 8 b) maddəsinin açıq-aşkar pozuntusudur. Aktiv döyüşlərin davam etdiyi müddətdə təcavüzkar hücumlar əsasən Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Ağcabədi şəhərlərinə istiqamətlənmişdi. Mülki əhalini hədəf alan hücumlar arasında ən çox insan ölümü ilə nəticələnənləri oktyabrın 11-i və 17-si Gəncə şəhərinin, oktyabrın 28-i isə Bərdə şəhərinin ballistik raket atəşinə tutulması hallarıdır. Gəncə şəhərinə edilən ilk hücum nəticəsində dinc sakinlərdən 10 nəfər həyatını itirmiş, 17 oktyabrda baş verən ikinci hücumda isə 13 dinc sakin qətlə yetirilmişdir. Bərdə şəhər mərkəzinin 29 oktyabr tarixində raket atəşinə tutulması nəticəsində isə 21 nəfər dinc sakin bu hücumların qurbanı olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına əsasən, ümumilikdə 27 Sentyabr – 10 Noyabr tarixləri arasında Ermənistanın Azərbaycan ərazisinə etdiyi raket hücumları nəticəsində 93 dinc sakin həyatını itirmiş, 410 mülki şəxs yaralanmışdır .

Törədilmiş müharibə cinayətlərindən daha birisi “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının 18-ci maddəsi ilə əlaqədardır. Qeyd olunan maddəyə əsasən, yaralıların, xəstələrin, qadınların və əlillərin müalicəsi üçün fəaliyyət göstərən mülki xəstəxanalar heç bir halda hədəf seçilə və təcavüzə uğraya bilməz. Buna baxmayaraq 29 sentyabr tarixində Ermənistanın atdığı artilleriya mərmisinin Tərtər rayon xəstəxanasının yanına düşməsi onu göstərir ki, düşmən məqsədli şəkildə insanların kompakt şəkildə yerləşdiyi əraziləri – məktəbləri, bazarları, xəstəxanaları və s. yerləri hədəf seçir və bununla da qarşı tərəfin çoxlu sayda itki verməsinə nail olmağa çalışır. Halbuki, bu məqsəd beynəlxalq humanitar hüquq normalarına tamamilə ziddir.

Ermənistanın ölkəmizə qarşı bu cür genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, lazımi zəruri tədbirlər görməsinə vadar etdi. Ali Baş Komandanının rəhbərliyi ilə dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu beynəlxalq hüquq normaları çərçivəsində düşmənin növbəti aqressiyasının qarşısını almaqla yanaşı, bütün təmas xətti boyu əks-hücum əməliyyatları həyata keçirməyə başladı.

44 gün davam edən İkinci Qarabağ müharibəsinin tərəflərindən biri olan Ermənistan müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərmiş olur. Bu cinayətlərin təşkilinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və onların məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması təmin edilməlidir.

 

 

 

 

 

Nəzrin Sarıyev

Azərbaycan Memarlıq və İnşaat Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki