Məşhur amerikalı aktyor Corc Kluni 2028-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olmadığını açıqlayıb. Bununla yanaşı, aktyor qarşıdakı seçkilərdə Demokratlar Partiyasının potensial namizədləri hesab etdiyi üç siyasətçinin adını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, 65 yaşlı Kluni bu barədə Venesiyada keçirilən “Yaradıcılığın Gələcəyi” tədbirində danışıb.
Demokrat Partiyasının tanınmış donorlarından və əsas vəsait toplayanlarından biri olan aktyor ilk olaraq Corciya ştatından olan 39 yaşlı senator Con Ossoffun adını çəkib.
“Düşünürəm ki, hamımız Corciyadan olan bu gənc senator Con Ossoff üçün çox həyəcanlıyıq”, – deyə Kluni bildirib.
Aktyor 2028-ci il prezident seçkiləri üçün potensial namizədlər sırasında İllinoys qubernatoru Cey Pritskerin və Kentukki qubernatoru Endi Beşirin də adlarını çəkib.
Bununla belə, Kluni heç bir siyasətçini rəsmi şəkildə dəstəkləmək niyyətində olmadığını vurğulayıb. O, konkret seçim etməzdən əvvəl noyabrda keçiriləcək aralıq seçkiləri gözləyəcəyini bildirib.
Özünün prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı suala isə aktyor qəti cavab verib:
“Qətiyyən yox”.
Kluni bunun əsas səbəblərindən birinin yaşı olduğunu bildirib. Onun sözlərinə görə, Amerika siyasətində daha gənc səslərə, yeni ideyalara və fərqli düşüncə tərzinə ehtiyac var.
“Mənim 65 yaşım var və düşünürəm ki, bizə daha gənc səslər, yeni ideyalar və yeni düşüncə tərzi gətirən insanlar lazımdır”, – deyə aktyor qeyd edib.
Kluninin “sevgilim” deyə xitab etdiyi Con Ossoff 2021-ci ildə ABŞ Senatına seçilib. 39 yaşlı siyasətçi 1980-ci ildən bəri Senata seçilən ən gənc senator, 1980-ci illərdə anadan olan ilk senator və minillik nəslinin Senatdakı ilk nümayəndəsi kimi tanınır.
Corc Kluninin son açıqlamaları onun 2024-cü ildə ABŞ-ın keçmiş prezidenti Co Baydenə qarşı sərt mövqeyini də yenidən gündəmə gətirib.
Aktyor 2024-cü ilin iyulunda “The New York Times” qəzetində dərc olunan məqaləsində 81 yaşlı Baydeni prezidentlik yarışından çəkilməyə çağırmışdı. Kluni həmin vaxt əsas narahatlığının Baydenin yaşı və seçki kampaniyasını effektiv şəkildə davam etdirə bilməsi olduğunu bildirmişdi.
Məqalənin dərc olunmasından cəmi 11 gün sonra Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlamışdı.
Kluni hazırkı mövqeyinin dəyişmədiyini də vurğulayıb. O, daha gənc siyasətçilərin önə çıxmasının vacibliyini qeyd edərək bildirib:
“Mən hər kəsi dəstəkləməyə şad olaram, amma mənim yaşımda və ya daha böyük insanları yox. Düşünürəm ki, bizə daha çox gənc lazımdır”.
Bununla yanaşı, Kluni özünü birbaşa Amerika siyasətinin tərəfdarı kimi təqdim etmir. O, 1988-ci ildən siyasi məqsədlər üçün vəsait topladığını və Demokratlar Partiyasının tarixində ən böyük ianə toplayan şəxslərdən biri olduğunu bildirib.


























