Bakıda fəaliyyət göstərən turizm şirkəti onlarla vətəndaşı müqavilə bağlasa da səfər təşkil edə bilməyib.
Zərərçəkən vətəndaşların redaksiyamıza verdiyi məlumata görə, 2008882901 VÖEN nömrəsi ilə qeydiyyatda olan “Shen Travel” şirkətindən şikayətçidirlər.
Şirkətin rəhbərləri Faida Şen və onun həyat yoldaşı Mert Şen vətəndaşlarla turizm xidmətlərinin göstərilməsinə dair rəsmi müqavilələr imzalayıblar. Vətəninfo.az olaraq şirkətin rəhbəri Mert Şenlə əlaqə saxladıq. Saytımıza açıqlamasında şirkətin rəhbəri bunları söylədi:
“İlk növbədə bildirmək istəyirik ki, yaşanan vəziyyətin əsas səbəbi maliyyə çətinlikləri olub. Bu günə qədər 150-dən çox ailənin tətilini uğurla təşkil etmişik. Bütün turlarımızın müqavilələri, ödəniş qəbzləri və digər sənədləri mövcuddur. Müştərilərimizə verdiyimiz vədlərə əməl etmiş, kampaniyalarımızı həyata keçirmiş və tətil xidmətlərini təqdim etmişik.
Lakin müəyyən dövrdə təşkil etdiyimiz turların xərclərinin gözləniləndən yüksək olması səbəbindən şirkətdə maliyyə çatışmazlığı yarandı. Həmin dövrdə planlaşdırdığımız daşınmaz əmlak satışı baş tutsaydı, bütün ödənişləri qısa müddətdə tamamlamaq mümkün olacaqdı. Satış prosesinin uzanması səbəbindən öhdəliklərimizi planlaşdırdığımız vaxtda yerinə yetirə bilmədik və bunun nəticəsində müştərilərimiz qarşısında maliyyə problemləri yarandı.
Bəzi hallarda isə yaşanan problemlər birbaşa şirkətimizdən qaynaqlanmırdı. Məsələn, viza prosesləri ilə bağlı üçüncü tərəflərlə yaşanan çətinliklər və ya xidmət təminatçılarından irəli gələn problemlər də olub. Bununla yanaşı, maliyyə sıxıntımız vəziyyəti daha da çətinləşdirdi.
Biz bu problemləri həll etmək və fəaliyyətimizi davam etdirərək ödənişləri mərhələli şəkildə geri qaytarmaq istəyirdik. Lakin fəaliyyətimizə mane olan hadisələr baş verdi. Ofisimizə basqın edildi, əməkdaşlarımıza və ailəmizə qarşı təzyiqlər göstərildi. Bu hadisələr həm psixoloji, həm də iş prosesinə ciddi təsir göstərdi. Buna baxmayaraq, biz heç vaxt özümüzü məsuliyyətdən kənarda tutmamışıq. Əgər hər hansı tur həyata keçirilə bilməyibsə, həmin vəsaitlərin geri qaytarılması bizim öhdəliyimizdir və bu öhdəliyi yerinə yetirmək üçün çalışırıq. Hazırda Türkiyədəyik. Bunun səbəbi övladımızın təhsilidir. Övladımız Türkiyə vətəndaşıdır və burada təhsil alır. Bu, heç bir şəkildə məsuliyyətdən yayınmaq məqsədi daşımır. Şirkətimizin əlaqə nömrəsi aktivdir, müştərilərimiz bizimlə əlaqə saxlaya bilirlər və imkan daxilində ödənişlər mərhələli şəkildə həyata keçirilir. Polisə edilən müraciətlər qanuni prosedurdur. Biz də hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edir, tələb olunan bütün sənədləri və izahatları təqdim edirik. İstintaq davam etdiyi müddətdə də öhdəliklərimizi yerinə yetirməyə çalışırıq. Təəssüf ki, bu müddət ərzində özümüzə və ailəmizə qarşı müxtəlif təhdidlər və təzyiqlərlə də üzləşmişik. Buna baxmayaraq, biz hüquqi çərçivədə hərəkət etməyə davam edirik. Müştərilərimizdən səmimi şəkildə üzr istəyirik. Yaşanan gecikmələr və narahatlıqlar üçün məsuliyyətimizi anlayırıq. Məqsədimiz bütün öhdəliklərimizi tam şəkildə yerinə yetirmək, bütün borcları ödəmək və yaranmış vəziyyəti tamamilə aradan qaldırmaqdır.İctimaiyyətdən xahiş edirik ki, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, rəsmi faktlara və hüquqi prosesin nəticələrinə əsaslansın. Biz hər zaman əlaqə üçün açığıq və bütün sualları qanun çərçivəsində cavablandırmağa hazırıq.”


























